ABŞ AZƏRBAYCANIN NATO-NUN ÜZVÜ OLMASINA ÇALIŞIR

ABŞ AZƏRBAYCANIN NATO-NUN ÜZVÜ OLMASINA ÇALIŞIR

 

Rusif Məmmədsoy: "Örl Litzenberqin təyinatı ölkəmizin Şimali Atlantika Blokuna üzvlüyü üçün zəmin yaratmaqdan ibarətdir"

"2008-ci ildən bu yana baş vermiş hadisələrdən sonra Cənubi Qafqaz ölkələri NATO-ya bir o qədər də maraq göstərmir"

Azərbaycan Rusiya-Ermənistan cütlüyünə qarşı cəbhədə yalnız qalmamaq üçün Türkiyə, Pakistan və hətta Gürcüstanla hərbi müttəfiqlik sazişi imzalamalıdır

Bir neçə gün öncə "NATO-Georgia Exercise 2019" çoxmillətli komanda-qərargah hərbi təlimləri başlayıb. Qeyd edək ki, martın 29-na qədər davam edəcək təlimlərdə 24 ölkədən - Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, ABŞ, Azərbaycan, Gürcüstan və İsveçdən ümumilikdə, 350-yə yaxın hərbçi iştirak edir. Martın 25-də isə NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə birgə təlimlərin keçirildiyi NATO - Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə baş çəkib.

Bu arada, Gürcüstanın müdafiə naziri Levan İzoria isə NATO-ya inteqrasiyanın ölkəsinin suverenliyi və təhlükəsizliyinin zəmanət altına alacağına inandığını vurğulayıb. Gürcüstanın NATO-ya qoşulmanı özünün siyasi kursu kimi mənimsədiyini deyən Levan İzoria bunun ölkənin suveren hüququ olduğunu bəyan etməklə yanaşı, bildirib ki, alyansa inteqrasiya Gürcüstanın demokratik inkişafının qarantıdır. O, həmçinin, 2014-cü ildə NATO-nun Uels sammitində imzalanmış paktdan irəli gələn islahatlara davam edildiyini və bunların Gürcüstanı alyansa daha da yaxınlaşdırdığını qeyd edib.

"Son bir ildə NATO-da müəyyən çatlar əmələ gəlib ki, bu da sonda ona olan inamı azaldır"

Картинки по запросу Rusif Məmmədsoy

Sozcu.info  xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bildirən siyasi şərhçi Rusif Məmmədsoy hazırda NATO-nun Cənubi Qafqazda xüsusi fəallıq nümayiş etdirdiyini önə çəkməklə bərabər, son bir ildə Şimali Atlantika Blokunun içində müəyyən çatların da əmələ gəldiyini deyib: "NATO 1949-cu il aprel ayının 4-də yaradılmış hərbi təşkilatdır. Bir həftə sonra bu təşkilatın 70 illiyi qeyd ediləcək. Bu mənada NATO uzun omürlüyü ilə seçilən qurumlardan biridir. NATO hazırda Cənubi Qafqazda xüsusi fəallığı ilə seçilir. Belə ki, NATO-nun baş katibi Yens Stoltenberq mart ayının 24-də Gürcüstana gəlib. Gəlişinin məqsədi isə ikitərəfli əlaqələri inkişaf etdirmək və Gürcüstanın NATO-a üzvlüyünü sürətləndirmək olub. Bildiyiniz kimi, mart ayının 18-dən 29-a qədər Gürcüstanda NATO çərçivəsində hərbi təlimlər keçirilir. Hansı ki, Azərbaycan hərbiçiləri də həmin təlimlərdə iştirak edir. NATO uzun illərdir ki, öz varlığını qoruyub saxlamış bir təşkilatdır. Lakin son bir ildə bu hərbi təşkilatın içində müəyyən çatlar əmələ gəlib ki, bu da sonda ona olan inamı azaldır. İlk olaraq həmin çatların yaranması Türkiyənin adı ilə bağlıdır. Belə ki, Suriyada iki NATO ölkəsi olan ABŞ və Türkiyə faktiki olaraq bir-birinə əks cəbhələrdə mübarizə aparır. Bunun da əsas səbəbkarı məhz ABŞ-dır".

"Yaxın illərdə NATO ikinci KTMT ola bilər, yəni adı var özü yox"

ABŞ-ın müttəfiqi olan Türkiyəyə qarşı PKK, PYD və YPG terror təşkilatlarına hər növ dəstək göstərdiyini vurğulayan siyasi şərhçi hesab edir ki, bütün bunlardan sonra rəsmi Ankara Kremllə yaxınlaşaraq Suriyada birgə hərəkətə başlayıb: "Hətta rus istehsalı olan S-400 silahlarını da aldı. Təbii ki, bütün bunlar NATO-ya olan inamı azaltmaya bilməzdi. Bunun ardınca Birinci Dünya Müharibəsinin 100 illiyi ilə bağlı Parisdə iştirakçı ölkələrin liderlərinin də iştirak etdiyi tədbir keçirilmişdi. Həmin tədbir zamanı Fransa prezidenti Emmanuel Makron maraqlı çıxışı ilə yadda qalmışdı. O, öz nitqi zamanı bildirmişdi ki, biz özümüzü qorumaq üçün vahid "Avropa Ordusu" yaratmalıyıq. NATO artıq daha fəallaşmalı və ABŞ da müttəfiqlərinə qarşı sadiq olmalıdır. Əks halda yaxın illərdə NATO ikinci Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ola bilər. Yəni, adı var özü yox".

"Hesab edirəm ki, NATO 70 illiyi ilə bağlı ya Ukrayna, ya da Gürcüstanı üzv edə bilər"

NATO-ya inamın azaldığı bir zamanda Şimali Atlantika Blokunun Cənubi Qafqazda fəallığını artırmağa başladığını qeyd edən ekspertin sözlərinə görə, 2008-ci ildən bu yana baş vermiş hadisələrdən sonra Cənubi Qafqaz ölkələri NATO-ya bir o qədər də maraq göstərmir: "Çünki 2008-ci ildə Gürcüstan torpaqlarının, 2014-cü ildə isə Krımın ilhaq edilməsi göstərdi ki, olan yalnız həmin ölkələrə oldu. Yəni NATO heç bir dəstək göstərmədi. Lakin istənilən halda Gürcüstan bu hərbi təşkilata üzv olmaqda maraqlıdır. Əvvəlki illərdə Gürcüstanın üzvlüyünün gerçəkləşə bilməməsinin müxtəlif səbəbləri var idi. Məsələn, Avropanın lider dövlətlərindən olan Almaniya Rusiya ilə münasibətləri pozmamaq üçün bu keçidi ləngidirdi. Eyni vəziyyət bu gün də hökm sürür. Almaniya Rusiyadan qaz alır, iqtisadi əməkdaşlıqları mövcuddur. Lakin hazırda Fransa amili də var ki, sabiq fransız siyasətçisi Salome Zurabaşvilini dəstəkləyəcəyini düşünürəm. Hesab edirəm ki, NATO 70 illiyi ilə bağlı ya Ukrayna, ya da Gürcüstanı üzv edə bilər. Bu həm də təşkilata inamı bərpa edə bilər".

"Azərbaycan istənilən halda "Sülh naminə tərəfdaşlıq" Proqramının iştirakçısı kimi çıxış edəcək və hərbi təlimlərdə də təmsil olunacaq"

Şimali Atlantika Blokunun Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstana deyil, eyni zamanda Azərbaycana da maraq göstərdiyini deyən Rusif Məmmədsoyun fikrincə, ABŞ-ın ölkəmizə son səfir təyinatı da məhz bununla bağlı idi: "Belə ki, Örl Litzenberq NATO daxilində müxtəlif yüksək vəzifələrdə çalışmış bir şəxsdir. Xüsusilə də hərbi sahədə təcrübəli biridir. Düşünürəm ki, onun təyinatı ölkəmizin NATO-ya üzvlüyü üçün zəmin yaratmaqdan ibarətdir. Lakin Azərbaycan tərəfi balanslaşdırılmış siyasət yürüdür. Bu isə o deməkdir ki, Azərbaycan heç bir hərbi təşkilata üzv deyil. Lakin istənilən halda həm Azərbaycan, həm də Gürcüstan 1994-cü ildən etibarən NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramında iştirak edir. Bundan sonra da bu proqramların iştirakçısı kimi çıxış edəcək və hərbi təlimlərdə də təmsil olunacaq. Lakin NATO Azərbaycanda üzv olmaq üçün maraq oyada biləcəkmi? Bunu Gürcüstanın və Ukraynanın torpaq bütünlüyünün bərpa edilməsindən sonra cavablandırmaq olar".

Rusiya amili Azərbaycan-NATO münasibətlərinin daha da dərinləşməsinə, ölkəmizin alyansa üzv olmasına ciddi əngəl yaradır

Siyasi şərhçinin sözlərinə qüvvət olaraq, deyə bilərik ki, 1994-cü ildən, yəni ölkəmizin "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmasından başlayaraq Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin əsas tərkib hissəsini isə hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. Bu əməkdaşlıq həm də strateji məzmun kəsb etməklə regionda Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən mühüm enerji layihələrinin təhlükəsizliyinin beynəlxalq səviyyədə həyata keçirilməsinə də təminat yaradıb. Lakin o da danılmaz faktdır ki, məhz Rusiya amili Azərbaycanla NATO arasındakı münasibətlərin daha da dərinləşməsinə, ölkəmizin Şimali Atlantika Blokuna üzv olmasına ciddi şəkildə əngəl yaradır. Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa münaqişə tərəflərinə - Azərbaycan və Ermənistana dəfələrlə Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə çağırıblar. Lakin bununla yanaşı, Rusiya Ermənistanda hərbi bazasını yerləşdirib, mütəmadi olaraq işğalçı ölkəni silahla təmin edir. 2010-cu ildə isə rəsmi Moskva ilə İrəvan arasında 49 illik hərbi müqavilə imzalanıb. Sözsüz ki, məhz bu müqavilə Kremli Dağlıq Qarabağ münaqişəsində maraqlı tərəf edir və onun Minsk Qrupunun həmsədri kimi mövqeyini ciddi şübhə altına alır. Təbii ki, belə olan halda rəsmi Bakı da öz növbəsində, ölkənin milli maraqlarını, təhlükəsizliyini təmin etmək baxımından müəyyən zəruri addımlar atmalıdır. Məsələn, Azərbaycan haqlı olaraq özünə yaxın olan ölkələrlə - Türkiyə, Pakistan və hətta Gürcüstanla hərbi müttəfiqlik sazişinin imzalanmasına çalışa, eyni zamanda NATO-ya üzv olmaq məqsədiylə daha ciddi addımlara baş vura bilər. Əks halda rəsmi Bakı torpaqlarını işğaldan azad etmək istədikdə ciddi problemlərlə üzləşə bilər. Çünki əgər Azərbaycan işğalçılara qarşı anti-terror əməliyyatlarına başlasa, o zaman artıq təkcə Qarabağda deyil, bütün sərhəd boyu ərazilərdə döyüş əməliyyatları gedəcək. Bu isə öz növbəsində, Rusiyaya hərbi proseslərə müdaxilə etmək üçün əsas verəcək. Odur ki, rəsmi Bakı qeyd olunan variantlar üzərində düşünməli və tez bir zamanda daha məqsədəuyğun addım atmalıdır. Əks halda, Rusiya-Ermənistan cütlüyünə qarşı cəbhədə yalnız qala bilərik.




Oxşar Xəbərlər

Xəbər lenti