Türkiyə xarici işlər nazirindən Qarabağ açıqlaması:"Rusiya ciddi səylər göstərir"

Türkiyə xarici işlər nazirindən Qarabağ açıqlaması:"Rusiya ciddi səylər göstərir"

 

"Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatının yaradılması ilə bağlı Azərbaycana son səfərim zamanı müzakirələr aparılıb”.

APA-nın "Anadolu agentliyi”nə istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Azərbaycanda buna çox müsbət yanaşılıb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı bu barədə müzakirələr aparılıb, Putin də buna müsbət yanaşdığını deyib. Bizim Balkanlarda, həmçinin Türkiyə və Azərbaycanın mərkəzdə olduğu bir sıra üçtərəfli mexanizmlər gözəl şəkildə işləyir. Müzakirə olunmalı bir sıra iqtisadi, siyasi mövzular, regional layihələr var”.

Nazir qeyd edib ki, hazırda Qafqazın təhlükəsizliyinə ciddi təhdid olan Qarabağ problemi mövcuddur: "Biz bu məsələnin həlli üçün əvvəllər də səy göstərdik. Rusiya hazırda ciddi səylər göstərir. Bunlar həm ATƏT-in Minsk qrupunun, həm də Putinin şəxsi səyləridir. Sankt-Peterburqda üç prezidentin iştirakı ilə görüş baş tutub. Rusiyanın təkliflərinə baxdıqda, görürük ki, bu bizim illər öncə Ermənistana etdiyimiz təkliflərdir. Rusiya və azərbaycanlı qardaşlarımız Türkiyənin bu məsələyə töhfə verməsini istəyir. Biz də regionun təhlükəsizliyi və gələcəyi üçün bu məsələnin həlli istiqamətində üzərimizə düşəni edəcəyik. Üçtərəfli mexanizm çərçivəsində də bunu birlikdə dəyərləndirmə imkanımız olacaq”. 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.



Oxşar Xəbərlər

Xəbər lenti