"Qarabağ Azərbaycanındır, nida!"- paşinyankimilərə şapalaq kimi cavab - ŞƏRH

"Qarabağ Azərbaycanındır, nida!"- paşinyankimilərə şapalaq kimi cavab - ŞƏRH

 

Azərbaycan coğrafi, dünyanın aparıcı dövlətlərinin maraqları sırasında yerinə görə yüz illərdir əhəmiyyətini saxlayır. Müstəqil dövlət olduqdan sonra onun önəmi daha da artıb. Bu baxımdan istənilən beynəlxalq tədbirdə rəsmi Bakının mövqeyi diqqətçəkici olur. Bu kimi toplantılarda Azərbaycan torpaqlarının ərazi bütövlüyünün pozulması ilə bağlı beynəlxalq ictimaiyyətə ismarışların verilməsini də vurğulamaq yerinə düşər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 3-də Soçidə "Valday” beynəlxalq diskusiya klubunda çıxışı Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında saxladıqları Dağlıq Qarabağla bağlı 3 ay ərzində verdiyi bəyanatlara, o cümlədən "qərar Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün qəbuledilən olmalıdır” iddiasına yekun cavab idi.

Qeyd edək ki, "Valday” klubu 2004-cü ildə Rusiyanın Böyük Novqorod şəhərində Valday gölü yaxınlığında keçirilən toplantıda təsis edilib. Rusiyanın mövqeyinin beynəlxalq ictimaiyyət çatdırılması məqsədi ilə yaradılan klubun adı həmin göllə bağlıdır. 2014-cü ildən isə klub "Rusiya barəsində dünyaya danışmaq” formatından qlobal məsələrləri gündəliyə çıxarmağa başlayıb.

Bu ilki "Şərq şəfəqi və dünyan siyasətinin quruluşu” mövzusunda XVI iclas sentyabrın 30-da başlayıb, oktyabrın 3-də başa çatıb. Toplantıda 71 ölkəni mindən çox nümayəndə təmsil edib. Toplantıda Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, London, Qahirə, Tehran, Şərqi Çin, Tokio, Tel-Əviv, Messin, eləcə də Cons Hopkins adına Universitet, London İqtisadiyyat Məktəbi, London Kral kolleci, Syans Po və Sorbonna universitetlərinin professorları və "ideya istehsalçıları”, habelə bir çox ölkələrin keçmiş və indiki dövlət və hökumət başçıları iştirak edib.

Toplantıdan əvvəl Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub. Rusiya Prezidenti bildirib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 nilyard dollar olub: "Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var”.

 

Azərbaycan Prezidenti İlham Əliyev cavabında bildirib: "Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır”.

İlham Əiyev Azərbaycan-Rusiya arasında ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd edərək, vurğulayıb: "Əmtəə dövriyyəsi artır – keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz "Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.

Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur”.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi, investisiya qoyuluşu, hərbi və hərbi-texniki, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlıq barədə müzakirələr aparılıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təkbətək söhbət ediblər.

Azərbaycan Prezidenti iclasdakı çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışarkən, xüsusi olaraq, vurğulayıb: "Qarabağ Azərbaycandır! Nöqtə yox, nida işarəsi!”

O, bunu sıravi insanlara deyil, Rusiya prezidenti Vladimir Putinə, tədbirdə iştirak edən dövlət və hökumət başçılarına, siyasi fikir adamlarına bir daha çatdırıb.

Valday klubu müasir dövrün aktual məsələlərini müzakirə olunduğu nəzərə alsaq Prezidenti bəyanatını Nikol Paşinyana və onun kimi düşünənlərə "özünəgəl silləsi”də adlandırmaq olar.

İlham Əliyevin Vladimir Putinlə görüşü (heyətlərarası və təkbətək) Rusiya liderinin Yerevana səfəri və Ermənistan hökumətinin başçısı ilə atüstü görüşünü də kölgədə qoydu. Rusiya prezidenti Vladimir Putin Yerevana səfəri çərçivəsində Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşüb. Onlar Rusiyanın Ermənistandakı səfirliyində görüşüb, çay içib və uzun müddət söhbət ediblər. Bu, Kremlin indiki sahibinin Paşinyanla görüşündən daha uzun sürüb.

Vladimir Putin Nikol Paşinyanla görüşün sonunda onu Moskvaya rəsmi səfərə dəvət edib. Bu həm də tərəflər arasında anlaşılmayan çoxsaylı problemlərin qaldığını deməyə əsas verir.

İlham Əliyev "nidası” ilə Nikol Paşinyana və dünyadakı erməni havadarlarına bir məsələni təkrar çatdırdı: Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir. Başqa hansı yol var? Əgər olsa idi, işğalın uzanmasına yardım edən beynəlxalq vasitəçilər indiyədək göstərmişdilər. Çünki vasitəçilərə torpaqların işğaldan azad edilməsinin başlıca məsələ olduğu gün kimi aydındır. Sadəcə olaraq, problemin həlli üçün onların ayrı-ayrı açarları mövcuddur. Bu açarlarla onlar bir-birinin qıfılını aça bilmir.

İlham Əliyevin "Nida”sını Ağdamın "Qarabağ” futbol klubu Lüksemburqda "Düdelanj"ını 4:1 hesabı ilə udmaqla dəstəklədi. Bu, təkcə rəqib komanda qarşısında deyil, ermənilərin və havadarlarının üzərində həmin gün üçün mənəvi qələbə də sayılır. Lüksemburqun idman naziri Dan Kerşin staionda baş vermiş hadisə ilə bağlı üzr istəməsi də bunu təsdiqləyir.

 

 

Yeri gəlmişkən, Nikol Paşinyan sentyabrın 22-də Los-Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmalarına ingilis dilində böyük hərflərlə "Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala son qoy!) şüarı daşıyan təyyarələr qaldırılıb. Həmin aksiyadan sonra ABŞ-ın və şəhərin heç bir rəsmisi bu aksiyaya görə üzr istəmədi. Çünki Azərbaycan tərəfinin haqlı olduğunu bilirlər. Dan Kerşin də Qarabağın məhz Azərbaycana aid olduğunu bildiyindən üzr istədi.

Beləliklə, Azərbaycan dövləti üçün Qarabağın bir formulu var: "Qarabağ Azərbaycanındır və nida işarəsi!”



Oxşar Xəbərlər

Xəbər lenti