Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ötən gün Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı nəticəsində həbs edildi. Onlar korrupsiya və qanunları pozmaqda ittiham olunurlar.
Millət vəkili Elman Məmmədov Publika.az-a müsahibəsində həbslərin əsl səbəbini açıqlayaraq, bununla Prezident İlham Əliyevin məmurlara sərt xəbərdarlıq etdiyini bildirdi.
- Ağstafanın hazırkı, Yevlaxın isə sabiq icra başçıları Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı nəticəsində həbs edildi. Bu həbslərə münasibətiniz necədir?
- Ağstafanın icra başçısı ilə bağlı daha əvvəl də söz-söhbətlər var idi. Mətbuatdan oxuyurduq ki, Nizaməddin Quliyev Goranboyda icra başçısı işləyərkən müəyyən qurumlar tərəfindən onun fəaliyyəti yoxlanılırdı. Cənab Prezident son dövrlərdə keçirdiyi görüşlərdə, tədbirlərdə, yeni kadr təyinatları zamanı qəbullarda korrupsiya və rüşvətlə bağlı ciddi tapşırıqlar verirdi. Cəmiyyətimizdə böyük problemlərə çevrilən bu bəlalara qarşı mübarizə aparmağa çağırırdı. Axı Prezident xəbərdarlıq edirdi ki, hamı bundan nəticə çıxarsın. Bu gün məmurların nəinki indiki, hətta əvvəlki fəaliyyətlərinə də baxılır. Bəziləri elə bilir ki, dünən etdikləri əməllər yaddan çıxacaq və heç kim ona qayıtmayacaq. Amma qayıdılır. Görürsünüz, Yevlaxa yeni gənc icra başçısı getdi. Güman ki, o, əvvəlki işlərə baxıb və xoşagəlməz halları görüb və yəqin ki, Prezidentin məlumat verməsilə yoxlamalar başlayıb. Mən təəssüf edirəm. Onlar İlham Əliyevin etimadını doğrultmayan, onun qarşıya qoyduğu tələblərə əməl etməyən insanlardır. Demək lazımdır ki, sənə dövlət kifayət qədər yüksək maaş verir. Bütün əməllərin ictimaiyyətin gözü qarşısındadır. Nə edirsən? Necə dolanırsan? Nəyin var? Nəyin yoxdur? Bunlar hamısı camaata məlumdur.
- Elman bəy, sizcə, bu həbsləri prezidentin digər icra başçılarına və məmurlara xəbərdarlıq siqnalı kimi dəyərləndirə bilərikmi?
- Əlbəttə. Bu gün vəzifədə olan və vəzifədən yaxın zamanlarda getmiş adamlar var ki, yəqin, onların gecə yuxusu qarışıb, əhvalı pisləşib. Artıq narahat olmağa başlayıblar ki, onların əməllərinə də nəzər salınacaq. Ay vəzifəli şəxs, sənin aldığın maaş məlumdur. İşlədiyin müddət də məlumdur. Axı sən istər Bakıda, rayonlarda, istərsə də xaricdə milyonlarla dəyəri olan mülkləri, obyektləri nə ilə əldə etmisən? Haradan almısan? Əlbəttə, bunu səndən soruşacaqlar. Təbii ki, bu qədər mal-mülk qanunla əldə oluna bilməz. Qanundan kənara çıxılıbsa, ya dövlətin cibinə girilib, ya da vətəndaşın. Yəni ya büdcəyə girmisən, ya da vətəndaşdan rüşvət almısan. Bu mülklər də üzə çıxandan sonra soruşurlar ki, nə ilə etmisən? Onda da cavab verə bilmirlər. Budur, göz qabağındadır. Artıq iki nəfər cavab verməli oldu. Mənə elə gəlir ki, bir az dərinə gedilsə, bunların sayı daha da arta bilər. Çox təəssüf edirəm. Amma bir şey də yaxşıdır ki, artıq cəmiyyətimiz bundan nəticə çıxarır və görür ki, əyri yola düşənləri düz yola qaytarmaq üçün tədbirlər görülür. Bu da cənab Prezidentin dediyi şəffaflıq, rüşvətə, korrupsiyaya son qoymaq, xalqa xidmət etmək, ədalətli olmaq və pis əməllərdən çəkinməkdir. Ölkədə aparılan islahatların bir göstəricisi də bu həbslərdir. Belə bir məqamı da xatırlatmaq istəyirəm. Prezident yeni təyin etdiyi gənc icra başçılarını qəbul edərkən dedi ki, mən sizə etimad göstərirəm, tapşırıqlarımı verirəm, sözümü deyirəm. Gedin işləyin, amma bilin ki, sizin fəaliyyətiniz həmişə nəzarətdə olacaq. Etimadımı doğrultmasanız, sizi işdən çıxarmaqla kifayətlənməyəcəyəm, ciddi cəzalandıracağam. Bu, elə-belə deyilən söz deyil.
Hamının işi göz qabağındadır, nəzarətdədir. Bu nəzarətçilər isə ilk növbədə, əhalimizdir, mediamızdır. İlham Əliyev həmişə mediaya müraciətlə deyir ki, siz mənim köməkçilərimsiniz. Mənə kömək edin. Həqiqətən də belədir. Məsələn, Nizaməddin Quliyevin Goranboyda işlədiyi vaxtlarda mediada onun haqqında nə qədər neqativ yazılar gedirdi. Nəticəsini də görürsünüz. Heç kimin əməli gizlində qalmır. Aşkara çıxanda da o, ciddi şəkildə cavab verməli olur.
- Bundan sonra daha nələrə şahid olacağıq? Belə əməllərin cavabı daha sərt ola bilər?
- Hər kəs əməlinə görə cavabdehdir. Yəni həyatda yaşayan insan pis əməlinə görə də, yaxşı əməlinə görə də cavab verməli olur. Yaxşı işə görə yaxşı qarşılanır, pis işinə görə isə cəzalandırılır. Qanun qarşısında cavab verməli olur. Hesab edirəm ki, bu proses fərdi şəxslərə yox, kimliyindən asılı olmadan, hər kəsə şamil olunsa, daha yaxşı olar. Xalqın gözü tərəzidir. Bu da bizim göstəricimizdir. Bizdə kimsə nə üçünsə toxunulmazdır söz-söhbəti artıq yığışdırılıb. Toxunulmaz heç kim yoxdur. Hamı qanun qarşısında cavabdehdir.