8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hazırda ölkədə bütün diqqətlər 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərinə yönəlib.
Seçkidə kimləri hansı dairədən namizədliyini irəli sürəcəyi, kimlərin rəqib olacağı, kimlərin seçkilərə qatılmayacağı kimi mövzular həm medianı, həm də ictimaiyyətin əsas müzakirə mövzusudur. Parlamentin yeni tərkibinin necə olacağı, kimlərdən formalaşa biləcəyinə dair müxtəlif fikirlər səslənir, təhlilər verilir.
Ancaq hakim Yeni Azərbaycan Partiyasınının (YAP) millət vəkili görmək istədiyi şəxslərin siyahısı hələ də məlum olmadığından, bu təhlilləri daha təkmil aparmaq mümkün olmur.
Növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərin irəli sürülməsi prosesinə 18 gündür ki, start verilməsinə baxmayaraq, nə qədər qəribə də olsa, YAP hələ də siyahısını açıqlamayıb.
Ölkədə seçki prosesi ilə maraqlanan hər kəs, xüsusən də ictimai-siyasi fəaliyyətlə məşğul olanlar iki həftədən çoxdur YAP-ın namizədlər siyahısını açıqlamasını gözləsələr də, proses ləngiyir.
Əvvəlcə məlumat yayılmışdı ki, hakim partiya dekabrın 15-də siyahını açıqlaya bilər. Dekabrın 15-dən sonra isə YAP-ın namizədlər siyahısının bu gün – dekabrın 25-də açıqlanacağı bildirildi. Hətta günün birinci yarısı bu axşam YAP-ın İdarə Heyətinin iclasının keçirilərək, namizədlər siyahısının ictimaiyyətə elan ediləcəyi bildirilirdi.
Ancaq yenə də gözləntilər özünü doğrultmadı. YAP rəsmilərinin açıqlamalarından belə məlum olur ki, onlar özləri də siyahının nə vaxt açıqlanacağından xəbərsizdirlər. Daha doğrusu, YAP-ın bir siyahısının olub-olmadığını belə söyləməkdə çətinlik çəkirlər.
Sozcu.info xəbər verir ki, "AzPolitika.info”-ya daxil olan məlumata görə, YAP-ın siyahısının açıqlanmasının gecikməsinin səbəbi hakim partiyanın vahid namizədlər siyahısını müəyyənləşdirməkdə çətinlik çəkməsidir. Daha dəqiqi, siyahı ilə bağlı YAP-da ikitirəliyin yaranmasıdır.
Hakim partiyanın rəhbərliyindəki "köhnə qvardiya”nın köhnə tərkibdən olan, eləcə də vəzifədən çıxarılmış bəzi YAP-çıların israrla namizədlər siyahısına salınması və onlara mandat verilməsini istəmələri mürəkkəb vəziyyət yaradıb.
Sayta verilən məlumata görə, "köhnə qvardiya” hazırkı deputalar Eldar İbrahimovun, Fəttah Heydərovun, Arif Rəhimzadənin və başqalarının, eləcədə vəzifəsindən azad edilmiş bəzi sabiq yüksək rütbəli məmurların, məsələn, Misir Mərdanovun YAP-ın siyahısına salınmasında israr edir.
Ancaq parlamentdə yeni simaları, yeni təfəkkürlü gəncləri görmək istəyən partiyanın rəhbərliyindəki mütərəqqi fikir daşıyıcıları bununla razılaşmırlar. Onlar da YAP-ın sıyahısının əhəmiyyətli dərəcədə dəyişməsində israr edirlər.
Hələlik, heç bir tərəf öz mövqeyindən geri çəkilmədiyindən, YAP-ın vahid namizədlər siyahısının elan olunması da ləngiyir. Hətta mümkündür ki, siyahının elan olunması gələn ilə qalsın – yeni ildən sonraya.