Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Son struktur və kadr islahatları, yeni, gənc nəslin dövlət idarəçiliyinə cəlb edilməsinin sürətləndirilməsi və idarəetmədə atılan digər addımlar göstərir ki, istənilən təşəbbüsün, ideyanın gerçəkləşməsində ölkədəki kadr potensialı həlledici rol oynayır.
Bu kontekstdə kadrların təkcə bilik və intellektual səviyyəsi deyil, kreativliyi, insanlarla ünsiyyət bacarığı, nitqi, şəxsi mənəvi keyfiyyətləri və digər amillər də olduqca əhəmiyyətlidir. Məlum olduğu kimi, son dövrlərə qədər müxtəlif səviyyələrdə kadr seçimi və təyinatı məsələlərində kifayət qədər qüsurlu məqamlar olub. Bunun da nəticələri istər hakimiyyətə, istərsə də ümumilikdə cəmiyyətə müəyyən problemlər yaradıb. Görünür, yeni elan edilən və siyasi hakimiyyətin böyük önəm verdiyi "Yüksəliş” layihəsi məhz bu problemlərin aradan qaldırılması yollarının tapılması istiqamətində atılan addımdır.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş "Yüksəliş” müsabiqəsinin şərtlərinə və mahiyyətinə nəzər yetirəndə kadr siyasətinə yeni baxış bucaqlarını müşahidə etmək olar. Birincisi, bu müsabiqənin Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təşkilat Komitəsinin üzvləri - Gənclər və idman naziri Azad Rəhimov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İşçi qrupunun rəhbəri Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev kimi yüksək ranqlı şəxslər tərəfindən təqdim olunmasının özü onun miqyasından və əhəmiyyətindən xəbər verir. Digər tərəfdən, elə ilk baxışdan "Yüksəliş” müsabiqəsinin şərtlərilə indiyə qədər keçirilən dövlət qulluğuna qəbul müsabiqələri arasındakı prinsipial fərqlər açıq şəkildə görünür.
Məsələ ondadır ki, əgər DİM-in dövlət qulluğuna keçirdiyi imtahanlarda konkret olaraq normativ-hüquqi sənədlərdə müəyyən olunan parametrlərə əsaslanaraq seçim aparılırdısa, "Yüksəliş” müsabiqəsində insan faktoru önə çəkilir. Belə ki, kadrların intellekti, savadı ilə yanaşı kreativliyi, liderlik bacarığı və s. kriteriyalar artıq test şəklində deyil, konkret mütəxəssislər tərəfindən birbaşa ünsiyyət zamanı müəyyən ediləcək. Çünki test üsulu kadrın bütün keyfiyyətlərinin üzə çıxarılmasına tam imkan vermir. Elə bunun özü kadr siyasətinə yeni baxış formalaşdırılması, yeni kadr seçimi strategiyasının əsasının qoyulması təsiri bağışlayır.
Doğrudur, sözügedən müsabiqə hələ ki, o qədər də geniş auditoriyanı əhatə etmir və cəmi 20 nəfər qalibin müəyyən edilməsini nəzərdə tutur. Ancaq görünən odur ki, bu müsabiqə bir növ pilot layihə xarakteri daşıyır. Və onun nəticələrindən çıxış edərək, kadr seçimi strategiyasında hansısa ciddi yeniliklərə gedilə bilər.
Müsabiqənin şərtlərinə diqqət yetirdikdə görünür ki, mümkün qədər şəffaflığın təmin edildiyi şəraitdə iştirakçıların yüksək intellektual zəka, qərar qəbuletmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi, diqqəti nəticələrə yönəltmək, strateji düşünmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin tətbiqi, innovativliklərin tətbiqi, büdcənin idarəedilməsi, sosial məsuliyyət və digər göstəriciləri sadəcə test üsulu ilə deyil, insan amilinin iştirakı, yəni mütəxəssislərin apardığı seçim, qiymətləndirmə əsasında müəyyənləşdiriləcək.
Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və s.-in idarə olunması nəzərdə tutulur.
Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar.
Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək. Müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək. Qeydiyyat 2 fevral 2020-ci il tarixədək davam edəcək.
Onlayn seçim mərhələsində qeydiyyat mərhələsini uğurla başa vuran bütün iştirakçılar iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi potensialları əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan dili və ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyat) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə) formatında keçiriləcək. Onlayn seçim bitdikdən sonra müvafiq video müraciəti Şəxsi Kabinetdə yerləşdirmiş iştirakçı Əyani mərhələdə iştirak hüququ qazanır. Bu mərhələdə iştirakçıların ümumi erudisiyaları ilə yanaşı, sosial intellekti, düşüncə sürəti və danışıq qabiliyyətləri də yoxlanılır. İştirakçılar sözügedən mərhələdə əyani şəkildə iştirak edirlər. Üçüncü mərhələdən uğurla keçən iştirakçılar yarımfinal mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların idarəetmə, komanda və fərdi şəkildə işləmək bacarıqları məşğələ və tapşırıq üsulu ilə yoxlanılacaq. İştirakçılar üçün fərdi inkişaf planının hazırlanması məqsədilə iştirakçılar ekspertlərin, insan resursları üzrə mütəxəssislərin və öz sahəsində peşəkar sayılan insanlar tərəfindən müsahibə olunacaq.
Nəhayət, yarımfinal mərhələsindən uğurla keçən iştirakçılar final mərhələsinə vəsiqə qazanırlar. Final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların idarəetmə bacarıqları xüsusi tapşırıqların köməyi ilə qiymətləndirilir. Bu mərhələdə iştirakçılar İdarəçi rəhbərlərlə görüşəcək, onlarla birgə işgüzar müzakirələr, dəyirmi masalar təşkil olunacaq. Xüsusilə qeyd olunmalıdır ki, qaliblər müsabiqə bitdikdən sonra İdarəçi rəhbərlərlə fərdi inkişaf proqramı çərçivəsində birbaşa işləmək imkanı əldə edəcəklər. Bu, o deməkdir ki, qalib gələn kadrlar bir müddət sonra artıq konkret vəzifələrdə təmsil oluna bilərlər. Və belə görünür ki, məhz bu müsabiqənin nəticələri hakim komandanın gələcək yeni kadr strategiyasının təməlini qoymaqda əhəmiyyətli rol oynayacaq.