MN-nin Xidmət rəisi : “Şəxsi heyətə mövsümə, əraziyə və temperatura görə fərqli geyim və botinkalar verilir” - FOTO

 

"Son illər orduda həyata keçirilən əsaslı islahatlar şəxsi heyətinin əşya təminatında da köklü dəyişikliklərlə müşahidə olunur”.

Sozcu.info  xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Əşya Xidməti rəisi polkovnik Azər Qurbanov "Azərbaycan Ordusu” qəzetində dərc olunan məqaləsində bildirib.

Polkovnik bildirib ki, hazırda Azərbaycan Ordusunun əşya təminatı Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsinin tabeliyində olan Mərkəzi Əşya Bazası vasitəsilə həyata keçirilir: "Hər cür şəraitlə təmin olunan bazada əşya əmlakı saxlamaq üçün bina və konstruksiyalardan ibarət saxlanclar mövcuddur. Burada nümunələr otağı yaradılıb və bütün növ qoşun geyim əmlakları ilə komplektləşdirilib. Ötən müddət ərzində burada yeni saxlanclar inşa edilib, bəzi saxlanclarda isə əsaslı təmir işləri görülüb, eyni zamanda, ərazidə olan dəmir yolu təmir olunaraq istifadəyə verilib”.

Onun sözlərinə görə, müəssisələr tərəfindən gətirilən əmlaklar, ilk növbədə, Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin tabeliyində olan əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyasında yoxlanılır və yalnız müsbət cavab alındıqdan sonra müvafiq qaydada Mərkəzi Əşya Bazasının tabeliyində fəaliyyət göstərən əşya əmlakının qəbulu bölməsinin nəzarəti altında saxlanclara qəbul edilir: "Əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyası Silahlı Qüvvələrin istifadəsində olan bütün növ əmlakı istənilən parametr üzrə analizdən keçirməyə imkan verir. Müayinə və keyfiyyətə nəzarət laboratoriyası nümunələrin dartılma, sıxılma kimi fiziki təsirlərə, rezin materialların aşınmağa, nümunələrin hava keçirməsinin və partlama qüvvəsinin sürtünməyə qarşı davamlılığını və s. aparır. Laboratoriyalarımız, həmçinin, dərinin və parça materiallarının su keçirmə qabiliyyətini, ayaqqabının statik, dərinin dinamik şəraitdə su keçirməsinin sınağını aparmaq üçün və s. cihazlarla təchiz edilib”.

Xidmət rəisi vurğulayıb ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin təchiz olunduğu xovlu dəsmal dəstləri 3 elementdən - hamam, əl-üz və ayaq dəsmallarından ibarətdir: "Yerli istehsal olan dəsmallar əvvəlki iplik dəsmallardan ciddi şəkildə fərqlənir. Corab təminatı qış mövsümündə ayda 4 cütə çatdırılıb. Əsgərlərimiz soyuq iqlimli rayonlarda qış botinkaları, xəzli yarımkürk, keçəli çəkmə, isti səhra şalvarı, istiləşdirilmiş qulaqlı şlemaltı papaq, qışlıq uzunboğaz botinka, içi xəz dərili əlcək ilə təmin olunurlar. Orduda geyim məsələsində aktual olan məsələlərdən biri də bütün mövsümlərdə yerləşdiyi coğrafiyadan asılı olmayaraq, bütün şəxsi heyətin eyni tipli botinkalarda xidmət etməsi idi. Artıq bu məsələ bir neçə il əvvəl həllini tapıb. Şəxsi heyət mövsümə, əraziyə və temperatura görə həm fərqli geyim, həm də fərqli botinkalarla təchiz edilir. Yerli şirkət tərəfindən istehsal edilən botinkaların alt hissəsi üzlüyə əvvəlki kimi yapışqanla deyil, müasir vulkanizasiya üsulu ilə "bişirilir". Əşya xidmətinin qarşısında duran ən vacib məsələlərdən biri də ön xətt və stasionar hərbi hissələrin şəxsi heyətini isti və inventar (yarımkürk, keçəli çəkmə, isti səhra şalvarı, istiləşdirilmiş qulaqlı şlemaltı, qışlıq uzunboğaz botinka, içi xəz dərili əlcək və s.) əmlaklarla təminatını təşkil etməkdən ibarətdir. Ordumuzda istər zabit, istərsə də əsgər heyəti eyni dəridən tikilən botinka, eyni parçadan tikilən geyimlə təchiz edilir. Bu siyahıda yalnız rütbələr və kokardlar, yəni, fərqləndirmə nişanları istisna təşkil edir ki, bu da təbiidir. Zabit və əsgərlərimizin sviterlərində fərq yalnız rəngindədir, bu da şəxsi heyətin kitelsiz olduğu müddətdə zabit heyətinin seçilməsi üçündür. Bütün bunlar dünyanın inkişaf etmiş ordularında da belədir. Bütün istiqamətlər üzrə dəyişikliklər ən müasir standartlara uyğun formada davam etməkdədir. Şəxsi heyətin hamam-camaşırxana ilə təchizatı yeni qurulan və stasionar hərbi hissələrdə kökündən həll olunub. Ön xətt bölmələrinin hamam-camaşırxana xidmətinin səmərəli şəkildə təşkili üçün hərbi hissələrdə mobil və ya daşınan səhra hamamından, səhra camaşırxanasından və ya mülki müəssisələrin resurslarından istifadə edilir ki, bunlar, həmçinin səhra təlimlərinə çıxan şəxsi heyətin təminatında da istifadə edilir. Səhra şəraitində və ya təlimlər zamanı şəxsi heyətin yerləşdirilməsi üçün müxtəlif təyinatlı çadırlar, maskalanma vasitələri tədarük edilib. Əşya təminatında sanitar-gigiyena qaydalarına ciddi surətdə əməl edilir. Bu məqsədlə dəyişək alt paltarları və yataq dəstlərinin yuyulması üçün müasir tələblərə uyğun yuyucu vasitələr müvafiq qaydada alınır və hərbi hissələr tərəfindən istifadə edilir”.

Polkovnik qeyd edib ki, Müdafiə nazirinin əmrinin tələblərinə uyğun olaraq xidmət müddətində şəxsi heyət bir dəfə mərkəzləşdirilmiş qaydada sanitar-gigiyenik ləvazimat və təsərrüfat əmlakı ilə təmin edilir: "Hazırda bir əsgərin normaya uyğun təminatı müasir orduların təminatından fərqlənmir və ordumuzun əşya təminatı dünyada qəbul edilmiş ordu standartlarından geri qalmır. Azərbaycan Ordusunda şəxsi heyətin əşya təminatının yaxşılaşdırılması, əşya əmlakının və yuyucu maddələrin vaxtlı-vaxtında alınması, əşya təminatı normalarının ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Yeni inşa edilmiş hərbi şəhərciklər və müasir tələblərə tam cavab verən hamam-camaşırxanalar, məişət otaqları və əsgər yataqxanaları şəxsi heyətin istifadəsinə verilib. Ordumuzun əşya təminatı yerli şirkətlər tərəfindən həyata keçirilir. Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi hissələrə yeni çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mütəmadi olaraq mövsümə uyğun əşya təminatı normalarının tam şəkildə çatdırılması daim nəzarətdə saxlanılır. Ordumuzda olan bütün əşya əmlakının sayı və vəziyyəti mütəmadi olaraq əşya xidmətinin vəzifəli şəxsləri tərəfindən yoxlanılmaqla yanaşı, hissə və birliklərdə mövcud olan əşya və təsərrüfat vasitələrinin saxlanılma və qorunma şəraitinə də ciddi nəzarət edilir. Bütün bunlar deməyə əsas verir ki, qüdrətli Azərbaycan Ordusu ən şərəfli missiyanın - torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifənin öhdəsindən gəlməyə hər an hazırdır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}