27-09-2024, 11:44
19-09-2024, 00:17
19-09-2024, 00:12
18-09-2024, 21:22
15-09-2024, 11:28
Natiq Cəfərli: "Səfər Mehdiyevin mənəvi məsuliyyəti olduğuna görə, o, istefa verməlidir"
"Kölgə iqtisadiyyatı ölkənin resurslarını sümürən xəstəlikdir və bu yolla gizli milyonçular, qeyri-leqal iş adamları yaranır"
"Ölkə başçısının çıxışındandan sonra hüquq-mühafizə orqanları büdcədən yayındırılan vəsaitləri mənimsəyən şəxslər barəsində lazımı ölçü götürməli, ciddi araşdırma aparmalı və konkret şəxslər cəzalandırılmalıdır"
Ölkə başçısı İlham Əliyev fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı qeyd edib ki, Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır: "Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi".
Prezident qanunsuzluqlara göz yuman məmurlara və vergidən yayınan sahibkarlara sərt şəkildə xəbərdarlıq etdi
"Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər" deyən prezident onu da qeyd edib ki, kölgə iqtisadiyyatına göz yumulmamalıdır: "Sahibkarlara çox böyük imkanlar yaradılıb, ona görə də onlardan tələb olunan odur ki, dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam".
Fazil Məmmədov və Aydın Əliyev hər il büdcədən kənarda qalan 1 milyard manatın hesabatını verməlidir
Beləliklə, ölkə başçısının çıxışından da aydın şəkildə görünür ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi 2019-cu ildə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait toplayıb. Prezidentin də bildirdiyi kimi, həmin dövrə qədər isə bu pullar kiminsə cibinə gedirdi. İndi isə gəlin baxaq görək, ölkə başçısının qeyd etdiyi dövrdə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinə kimlər rəhbərlik edib. Heç kimə sirr deyil ki, Fazil Məmmədov nə az, nə çox düz 17 il ölkənin vergilər naziri, Aydın Əliyev isə 12 il Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. Buradan da belə qənaətə gəlmək olar ki, 2019-cu ildə proqnozdan əlavə toplanan 1 milyard manat həmin dövrə qədər Fazil Məmmədov və Aydın Əliyevin cibinə gedib. Düzdür, bunun əksini iddia edənlər də ola bilər. Lakin sözügedən dövrə qədər Fazil Məmmədovun ölkənin vergilər, Aydın Əliyevin isə gömrük sisteminə rəhbərlik etdiyini nəzərə alsaq, belə çıxır ki, indiyə qədər müxtəlif yollarla büdcədən kənarda qalan 1 milyard manatın məsuliyyəti məhz adıçəkilən şəxslərin üzərindədir. Bu isə onların həbs təhlükəsi ilə üzləşmə ehtimalını birə-beş artırır. Ölkə başçısının da dediyi kimi, hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Odur ki, Fazil Məmmədov və Aydın Əliyev tez bir zamanda hüquq-mühafizə orqanlarına, o cümlədən digər müvafiq qurumlara hər il büdcədən kənarda qalan 1 milyard manatın hesabatını verməlidir.
"Cəzasızlıq mühiti, məmurların qanunların normal işləməsinə mane olması, məmur biznesi, rüşvət və korrupsiya, normal və ədalətli məhkəmə sisteminin olmaması kölgə iqtisadiyyatının yaranmasında mühüm rol oynayır"
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi kifayət qədər yüksəkdir: "Əslində, kölgə iqtisadiyyatı bu və ya keçən ilin problemi deyil. Belə ki, indiyədək bu problem dəfələrlə qaldırılıb. Lakin o zaman Azərbaycan hökuməti beynəlxalq təşkilatların kölgə iqtisadiyyatı ilə bağlı verdiyi rəylərə çox kəskin reaksiya verir, bizdə kölgə iqtisadiyyatının olmadığını, yaxud çox kiçik həcmdə olduğunu bəyan edirdi. Bu gün isə dəyişən odur ki, artıq dövlət başçısı səviyyəsində bu məsələdən danışılır. Bir problemin həlli üçün ilk növbədə həmin problemi etiraf etmək lazımdır. Son zamanlar Azərbaycan hökuməti artıq bu problemi etiraf edir. Bunun özü böyük irəliləyişdir və ona görə də kölgə iqtisadiyyatı ilə mübarizə də kəskinləşib".
Kölgə iqtisadiyyatını yaradan faktorlara gəlincə, iqtisadçı ekspert bildirdi ki, bura əsasən pis qanunvericilik, cəzasızlıq mühiti, məmurların qanunların normal işləməsinə mane olması, məmur biznesi, rüşvət və korrupsiya, normal və ədalətli məhkəmə sisteminin olmaması daxildir: "Bütün bu amillər kölgə iqtisadiyyatının yaranmasında mühüm rol oynayır. Yeri gəlmişkən, qeyd edim ki, son illər, əsasən vergi və gömrük sahəsində şəffaflığın artırılması ilə bağlı tədbirlər çoxalıb. Belə ki, bununla bağlı ciddi addımlar atılır, ölkəyə malların gətirilməsi zamanı qeydiyyat məsələləri daha ciddi formada aparılır. Bununla da büdcəyə ödənişlərin də həcmi nəzərəçarpacaq dərəcədə artır. Bu, keçən il də özünü biruzə verdi. Amma kölgə iqtisadiyyatı yalnız gömrük və vergi orqanlarından asılı deyil. Bu problemin kökü gizli iş yerlərinə qədər gedib çıxır. Yəni bu kimi iş yerlərində insanlarla əmək müqavilələri bağlanmır, onların hüquqları qorunmur. Bundan başqa, yerli icra hakimiyyətləri də kölgə iqtisadiyyatında mühüm rol oynayırlar. Belə ki, bir çox hallarda onlar biznesi kölgələri altına alırlar və heç bir ödəniş etmədən fəaliyyət göstərməsinə şərait yaradırlar. Bununla da kölgə iqtisadiyyatının çiçəklənməsində, onun genişlənməsində rol oynayırlar. Odur ki, bu məsələdə yerli icra hakimiyyəti orqanları da ciddi elementdir. Bu səbəbdən də bu strukturda da ciddi dəyişikliklər olmalıdır".
"Məmur biznesdən tamamilə qoparılmalı, ədalətli məhkəmə sistemi təsis edilməli, ciddi nəzarət mexanizmləri olmalı, vətəndaş nəzarəti gücləndirilməli, qanunvericilik bazası təkmilləşdirilməlidir"
Kölgə iqtisadiyyatının Azərbaycanın resurslarını sümürən xəstəlik olduğunu vurğulayan REAL-ın icra katibi hesab edir ki, həmin resurslar ciblərə getdikcə, büdcədən kənar qaldıqca, vətəndaşların sosial təminatı zəifləyir, onlara veriləcək əməkhaqqlarının və təqaüdlərin kəskin artırılmasına imkan olmur: "Məhz bu yolla ölkədə gizli milyonçular, leqal iqtisadi fəaliyyətdən kənar fəaliyyət göstərən iş adamları yaranır. Onların isə bir çoxu məmurlara bağlı olur. Ona görə də məmur biznesdən tamamilə qoparılmalıdır. Eyni zamanda, ədalətli məhkəmə sistemi təsis olunmalıdır, ciddi nəzarət mexanizmləri olmalıdır, vətəndaş nəzarəti gücləndirilməli, qanunvericilik bazası təkmilləşdirilməlidir. Əgər bütün bunlar paralel aparılarsa, o zaman Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı bu cür ağır durumun addım-addım düzəldilməsinə şərait yarana bilər".
"Əgər lazımı tədbir görülməsə, yəni cəzasızlıq mühiti davam etsə, o zaman kölgə iqtisadiyyatı ilə bağlı mübarizədə atılan addımların effekti azalacaq"
Natiq Cəfərli bu qənaətdədir ki, ölkə başçısının çıxışında vergi və gömrük orqanlarının keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsait topladığını, həmin dövrə qədər isə bu pulların kiminsə cibinə getdiyini səsləndirməsindən sonra müvafiq qurumlar bu işdə əli olan, büdcəyə daxil olmalı olan vəsaitləri mənimsəyən şəxslər barəsində lazımı ölçü götürməlidir: "Təbii ki, bu çıxışdan sonra aidiyyatı qurumlar tərəfindən zəruri tədbirlər görülməli, cəzalar tətbiq olunmalıdır. Çünki çox zaman cəzasızlıq mühiti korrupsiyanın və kölgə iqtisadiyyatının genişlənməsinə şərait yaradır. Ona görə də əlaqədar hüquq-mühafizə orqanları mütləq qanunlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsi çərçivəsində bu işlə bağlı ciddi araşdırma aparmalı və konkret şəxslər cəzalandırılmalıdır. Əgər lazımı tədbir görülməsə, yəni cəzasızlıq mühiti davam etsə, o zaman kölgə iqtisadiyyatı ilə bağlı mübarizədə atılan addımların effekti azalacaq. Təəssüf ki, çox zaman Azərbaycanda işlər bəyanatlardan o yana keçmir. Nəticədə cəzasızlıq mühiti yaranır ki, bu da öz növbəsində, həm korrupsiyanın, həm də kölgə iqtisadiyyatının genişlənməsinə şərait yaradır. Ona görə də cinayət varsa, mütləq cəza da olmalıdır və bununla bağlı mesaj açıq-aşkar şəkildə cəmiyyətə ötürülməlidir. Yəni cəmiyyət görməlidir ki, cinayətdə əli olan konkret şəxslər cəzalandırılır və bu başqa məmurlara da dərs olar".
"Fazil Məmmədov və Aydın Əliyev onların dövründə rəhbərlik etdikləri qurumda baş verən neqativ hadisələrə, qanunsuzluqlara görə cavabdehlik daşıyırlar"
İqtisadçı ekspert onu da əlavə etdi ki, sabiq vergilər naziri Fazil Məmmədov və Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev onların dövründə rəhbərlik etdikləri qurumda baş verən neqativ hadisələrə, qanunsuzluqlara görə cavabdehlik daşıyırlar: "Əgər onların rəhbərlik etdiyi vaxtda bu qədər qanunsuzluq və hansısa əyri əməllər olubsa, bu mütləq cəzasını tapmalıdır. Amma bu məqamda bir nüansı da deməliyəm ki, bu insanların fəaliyyəti dövründə mətbuatda həm onların özləri, həm də rəhbərlik etdikləri qurumlarla bağlı çoxlu araşdırma aparılıb, yetərincə materiallar dərc olunub. Çox təəssüf ki, o zaman bunlar görməzdən gəlinib, qulaqardı edilib. O zaman həm mətbuatın, həm də ictimai sektorun dəfələrlə bu şəxslərin fəaliyyəti ilə bağlı qanunsuzluqların işıqlandırılmasına reaksiya olsaydı, mənə elə gəlir ki, indiyədək Azərbaycanda daha çox şey dəyişə, bir sıra problemlər həll oluna bilərdi. Heç olmasa, bundan sonra dövlət orqanları mətbuatın, vətəndaş cəmiyyətinin məsələlərin aktiv şəkildə müzakirə olunmasında iştirakına tez və effektiv reaksiya verməli, onların gündəmə gətirdikləri məsələlərlə bağlı tez hərəkətə keçməlidirlər. Və bu iki şəxs Azərbaycanda daim korrupsiyanın simvolu olub. Həm Dövlət Gömrük Komitəsinin, həm də Vergilər Nazirliyinin rəhbərinin korrupsiyanın simvoluna çevrildiyini hamı bilir. Onlarln həyat tərzi, yaşayışı, sürdüyü avtomobillər hamıya məlum idi. Onların obyektlərini Azərbaycanda taksi sürücüləri belə, bilirdilər. Əgər hamı bunları bilirdisə, onda niyə o zaman müvafiq addımlar atılmırdı? Əslində, hələ də gec deyil. Heç olmasa, bundan sonra bu tip qanunsuzluqlara sərt reaksiya verilməli və cəza mühiti yaradılmalıdır ki, bu, digərləri üçün bir dərs olsun".
"Uzun illər Dövlət Gömrük Komitəsi kimi bir qurumun ikinci şəxsi olasan və orda da bu qədər qanunsuzluq varsa, deməli, ən azından sənin bu işlərdə mənəvi məsuliyyətin var"
Dövlət Gömrük Komitəsinin hazırkı sədri Səfər Mehdiyevin Aydın Əliyevin birinci müavini olduğunu nəzərə aldıqda, adıçəkilən qurumun sabiq sədrinin dövründə baş verən neqativ hallarda onun da bu və ya digər şəkildə iştirakına gəlincə, Respublikaçı Alternativ Partiyasının icra katibi qeyd etdi ki, Səfər Mehdiyevin mənəvi məsuliyyəti olduğuna görə, o, istefa verməlidir: "Bir anlıq düşünək ki, Səfər Mehdiyevin Aydın Əliyevin zamanında baş verən qanunsuzluqlarda hüquqi günahı yoxdur. Çünki bunun üçün gərək əlimizdə faktlar olsun. Amma mənəvi məsuliyyəti var axı. Uzun illər Dövlət Gömrük Komitəsi kimi bir qurumun ikinci şəxsi olasan və orda da bu qədər qanunsuzluq varsa, deməli, ən azından sənin bu işlərdə mənəvi məsuliyyətin var. Bu səbəbdən də hesab edirəm ki, o, ən azından istefa verməlidir. Ümumiyyətlə, Dövlət Gömrük Komitəsi ayrıca bir qurum kimi ləğv olunmalıdır. Biz illərdir ki, bununla bağlı təkliflərimizi səsləndirmişik. Dövlət Gömrük Komitəsinin müstəqil bir qurum kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bu qurum ya Maliyyə Nazirliyinin, ya da İqtisadiyyat Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərməlidir. Çünki Azərbaycanda gömrük sistemində ən böyük problemlərdən biri təkcə korrupsiya deyil. Həm də odur ki, gömrüyün fəlsəfəsini anlamayan insanlar ora rhbərlik edirlər. Halbuki gömrüyün fəlsəfəsi tamam fərqlidir, bura daxili bazarın qorunması, ölkəyə yeni texnologiyaların, avadanlıqların gətirilməsinin və ixracın stimullaşdırılması daxildir. Çox təəssüf ki, bu gün bunlar baş vermir".