Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Çox hörmətli Prezident və Ali Baş Komandan!
Elmi qaynaqlardan məlumdur ki, böyük və tarixi qələbələr ölkə başçılarının, Ali Baş Komandanların və hərbi sərkərdələrin siyasi kamilliyi, cəsarəti, əzmi və hünərilə qazanılıb. Bu siyasi sayıqlığı, hərbi şücaəti və yenilməz cəsarəti bəşəriyyətin dahi fatehlərin - Makdeoniyalı İsgəndərin, Çingiz xanın, Əmir Teymurun, Məhmət Fatehin, Şah İsmayılın, Bonapart Napoleonun, Suvorovun qazandıqları neçə-neçə tarixi qələbələrində cəsarətin və qətiyyətin danılmaz rolunu dönə-dönə oxumuşuq.
Çox təəssüf ki, yüz ildən çoxdur ki, millətimiz şücaətin və hünərin şirin sevincləri əvəzinə, başbilənlərimizin mütiliyi, korafəhmliyi və nəyinsə xatirinə susqunluğu sayəsində neçə-neçə ağrı-acılar çəkmişdir. Bunu son yüz ilin ibrət tariximiz də bizə nəql edir. Yüz ildən artıqdır ki, tarixə yurdu, məkanı, dövləti olmayan bir ovuc erməni tayfası başbilənlərimizin mütiliyindən, cəsarətsizliyindən, nəyinsə xatirinə susqunluğundan istifadə edərək, ana yurdumuza soxulmuş, burada dirçəliş taparaq yox yerdən özlərinə vətən qazanmış, dövlət qurmuşlar və fürsət düşdükcə torpaqlarımızı oğru pişiklər kimi qapıb qamarlamışlar.
Son 30 ildə düşmənlərimizin həyasızlığı və hərisliyi o həddə çatdı ki, xaincəsinə Müstəqil Azərbaycan Respublikasına təcavüz edərək, ərazilərimizin 20 faizini ələ keçirdilər. Bir milyondan çox soydaşımız qaçqın və köçkün həyatı yaşamağa məcbur oldu. İşğal altında olan torpaqlarımızın təbii və milli sərvətləri talan edildi. Azərbaycan xalqına qorxaqlıq yarlığı yapışdırılıb, məğrur millətimizə başıaşağılıq bəxş edildi.
Nəhayət, ölkə prezidentiolmaqla Siz Avropanın və ATƏT-in dondurduğu sükunət buzunu sındırdınız. Bir rəhbər kimi qətiyyətiniz, Ali Baş Komandan kimi cəsarətiniz və milli qeyrətiniz 30 ildir Azərbaycan millətinin (şəxsən mənim də) ürəyini deşib, ciyərini paralayan yaraları məharətlə kəsib atdınız. Siyasi kamilliyiniz, dönməz iradəniz və hünərvər cəsarətiniz Azərbaycan xalqını bir yumruq kimi dövrənizdə birləşdirdi, “Haydı irəli!” çağırışınıza səs verərək elliklə düşmən üstünə yeridilər. Və çox az bir müddətdə - cəmi 26 günə, illərdir düşmən tapdağı altında inləyən Vətən torpağının böyük bir hissəsini azğın düşmənlərdən təmizləndi Şanlı Vətən oğulları tərəfindən.
Hazırda Milli Ordumuzun cəbhəboyu müzəffər yürüşü önündə qarı düşmən rəzil vəziyyətdə, silah-sursatını atıb qaçır. Bəli, Ordumuz indi xain və xəbis düşmənə aman vermir, onları güclü, polad yumruğu ilə şil-küt edərək Vətən sərhədlərindən çıxarırlar. Qəhrəman Ordumuza, hünərvər əsgər və zabitlərimizə bu cəsarəti, yumruq kimi öz Prezidenti ətrafında birləşən xalqımıza bu dəyanəti ancaq və ancaq Sizin-Ali Baş Komandanın cəsarəti, siyasi kamilliyi və vətəndaş qeyrəti verib.
Cənab Prezident! Möhtərəm Ali Baş Komandan!
30 ildən bəri ürəyimizi didib parçalayan yurd ağrılarını, Vətən həsrətini birdəfəlik çıxarıb atdığınıza görə Sizi - Azərbaycan Respublikasının cəsarətli və qətiyyətli Prezidentini, Silahlı Qüvvələrimizin dəyanətli Ali Baş Komandanını və rəşadətli Ordumuzun cəsur əsgərlərini Azərbaycan xalqının bütün qocaman ədəbiyyat və mədəniyyət xadimləri adından ürəkdən təbrik edərək, dövlətimizin ərazi bütövlüyünün son qarışınadək bərpası naminə yeni-yeni uğurlar arzulayıram. Vətən fədailərini bağrıma basıram!
Azərbaycan xalqı haqq səsini, bütün siyasi, iqtisadi gücünü möhtərəm Prezidentimizin gur çağırışına qataraq inamla və qürurla deyir: - “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Əminəm ki, bu çağırış önündə bütün ermənilər və dünyanın ermənipərəst gücləri pat vəziyyətində qalacaq.
Məmməd Əfşan,
yazıçı-publisist