8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlət başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd edib.
Prezident İlham Əliyev bu yaxınlarda Qətər Dövlətinin xarici işlər nazirini qəbul etməsinin, özünün Qətərə planlaşdırılmış səfərinin və Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Bakıya gəlməsinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı səfərlərin ölkələrimiz arasında mövcud tərəfdaşlıq əlaqələrinin yaxşı göstəricisi olduğunu vurğulayıb.
Təhsilin gələcək nəsillər, eyni zamanda, ölkələrimizin inkişafında vacib rol oynadığını deyən prezident İlham Əliyev bu sahənin həm Azərbaycanda, həm də Qətərdə inkişafın əsas prioritetlərindən biri hesab olunduğunu deyib. Təhsil sahəsində tərəfdaşlığın praktiki aspektlərinin araşdırılmasının vacibliyindən danışan dövlət başçısı bunun nəticəsində uzunmüddətli əməkdaşlıq proqramının qurulacağına əminliyini ifadə edib.
Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan-Qətər Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının yaradılmasının qərara alındığını deyən prezident İlham Əliyev bu komissiyanın işi çərçivəsində nəinki iqtisadi, həmçinin əməkdaşlığımızın bütün sahələrini əhatə edəcək müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi isə prezident İlham Əliyevin Qətərə səfərini səbirsizliklə gözlədiklərini bildirib. Ölkələrimizin müvafiq qurumları arasında artıq görüşlər təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edən qonaq Azərbaycan ilə Qətər Dövləti arasında təhsil sahəsində möhkəm əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirib. Hər iki ölkənin yüksək inkişaf yolunda olduğunu deyən Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ölkəsində Qətər Dövlətinin əmirinin rəhbərliyi ilə nəhəng layihələrin həyata keçirildiyini qeyd edib, eyni zamanda, Azərbaycanın çox gözəl ölkə olduğunu və prezident İlham Əliyevin səyləri nəticəsində böyük nailiyyətlər əldə edildiyini vurğulayıb.