İlham Əliyev: Bu referendum Türkiyə tarixində yeni mərhələnin başlanğıcı olacaq

İlham Əliyev: Bu referendum Türkiyə tarixində yeni mərhələnin başlanğıcı olacaq

 


 

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Türkiyə Respublikasının Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsinin - referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edirəm.

Referendumun nəticələri xalqın Sizə olan inam və etimadının təzahürü, qardaş Türkiyənin daha da inkişafı və qüdrətlənməsi istiqamətində apardığınız uğurlu siyasətə və xidmətlərinizə verilən qiymətdir. Heç şübhə yoxdur ki, bu referendum qardaş ölkənizin tarixində yeni mərhələnin başlanğıcı olacaq, sabit və güclü Türkiyənin beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir.

Məmnunluqla qeyd etmək istəyirəm ki, son illər ərzində Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri böyük inkişaf yolu qət etmişdir. İkitərəfli və çoxtərəfli müstəvidə uğurlu əməkdaşlığımız, eləcə də birgə səylərimizlə həyata keçirdiyimiz irimiqyaslı layihələr bölgədə sülhə, sabitliyə və inkişafa xidmət edir.

Əminəm ki, birgə səylərimizlə müstəsna xarakter daşıyan əlaqələrimiz, ölkələrimiz arasında təşəkkül tapmış dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, yeni müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına isə daim tərəqqi və çiçəklənmə arzulayıram".



Oxşar Xəbərlər

Xəbər lenti