8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyə müxalifəti bazar günü keçirilən konstitusiya referendumunun nəticələri ilə bağlı rəsmi etirazını bildirəcək.
Bunu Türkiyənin əsas müxalifət-Respublika Xalq Partiyasının (RXP) sədr müavini Erdal Aksyunqer deyib.
"Bizdə 37% seçki məntəqəsində səsvermənin nəticələrinə dair etirazlar var, ancaq hələ bütün nəticələri araşdırmamışıq. Hesab edirik ki, problemli mətəqələrin sayı, hansılarda ki, biz nəticələrə etiraz edəcəyik, 60 faizə çata bilər", - deyə Aksyunqer jurnalistlərə bildirib.
Virtualaz.org xatırladır ki, bir az əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın referendum seçkilərinin nəticəsindən sonra ilk açıqlama verdiyi barədə xəbər yayılmışdı.
Həmin xəbərdə deyilirdi ki, baş nazir Binəli Yıldırım, MHP sədri Dövlət Baxçalı və BBP lideri Mustafa Destici ilə telefon əlaqəsi saxlayan Ərdoğan fəaliyyətlərinə və əldə olunan nəticəyə görə onları təbrik edərək referendumun Türkiyə millətinə və ölkəyə xeyir gətirməsini arzuladığını bildirib.
* * *21:27
Türkiyədə bu saatadək səsvermə bülletenlərinin 97,46 faizi sayılıb.
Nəticəyə əsasən seçicilərin 51.29 faizi konstitusiya dəyişikliyinə "hə”, 48.71 faizi "yox” deyib.
* * *20:22
İndiyə olan məlumata görə, Türkiyədə referendumda bülletenlərin 91%-i sayılıb.
Onların sayılmasından sonra məlum olub ki, seçicilərin 52.4 faizi Konstitusiya dəyişikliyinin dəstəkləyib.
* * *19:37
Türkiyədə konstitusiya dəyişikliyini nəzərdə tutan ümumxalq səsverməsi ilə bağlı bülletenlərin sayılması prosesi davam edir.
Virtualaz.org bildirir ki, təxminən yarım saat əvvələdək bülletenlərin 19.72 faizi sayılıb. İlkin məlumata görə, sayılan bülletenlərə əsasən seçicilərin 64,19 faizi konstitusiya dəyişikliyinə "hə” deyib.
Bu arada referendumunda seçici fəallığının müşahidə edildiyi barədə də məlumat yayılıb.
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, seçicilər 167 min 140 seçki məntəqəsində səs veriblər.
İlkin məlumata görə, seçici fəallığı 84.05 faiz olub.
Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
* * *18:31
Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum başa çatıb.
Virtualaz.org bildirir ki, ölkənin seçki məntəqələri yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00-da) qapanıb.
* * *13:29
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq səsverməsində iştirak edib.
Ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gələn Türkiyənin dövlət başçısı səsvermədən sonra referendumun tarixi əhəmiyyəti barədə fikir və mülahizələrini KİV nümayəndələri ilə bölüşüb.
* * *12:21
Türkiyənin baş naziri Binali Yıldırım İzmir şəhərində konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs verib.
* * *10:00
Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum başlayıb. Bir sıra vilayətlərdə yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 8:00) seçki məntəqələri səsvermə üçün açılıb. Ölkənin bütün ərazisində səsvermə saat 17:00-da başa çatacaq.
"Anadolu” agentliyi xəbər verir ki, ölkədə 55 milyon 319 min 222 seçici qeydə alınıb və seçki məntəqələrində 167 min 140 qutu qoyulub. Referendumun gedişi və səslərin sayılması 10 siyasi partiya tərəfindən izlənəcək.
Ölkə qanunlarına görə, ümumxalq səsverməsi günü radio, televiziya və digər KİV-lər yerli vaxtla saat 18:00-dək seçkinin nəticələri ilə bağlı xəbərlər, proqnozlar və şərhlər verə bilməz. Saat 18:00-21:00 arasında isə referendum haqqında yalnız Ali Seçki Komissiyası tərəfindən verilən informasiyalar yayımlanacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda, baş nazir Binali Yıldırımın İzmirdə səs verəcəyi bildirilir.