Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ötən gün Prezident İlham Əliyev yerli telekanalların bir neçəsinə verdiyi müsahibə ilə regionun siyasi gündəminə damğa vurdu. İki saat yarımdan çox davam edən müsahibə zamanı dövlət başçısı Qarabağla, Zəngəzurla və ümumilikdə regionla bağlı, eləcə də dünyadakı bir çox önəmli məsələlərə toxunaraq Azərbaycanın qarşıdakı prioritetlərini açıq bəyan etdi.
Xüsusilə də dövlət başçısı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanaması mövzusuna toxunarkən açıq bəyan etdi ki, Ermənistana verilən müddət artıq dolmaq üzrədir: "Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, BU İL SONUNCU ŞANS OLACAQ".
Bununla da İlham Əliyev həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılarına mesaj göndərib ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirməlidirlər.
Dövlət başçısı eyni zamanda Ermənistan tərəfinə izah etmək istəyir ki, Azərbaycan sülhdə maraqlı tərəfdir, amma proseslər bir-birini sürətlə əvəz edir. Prezident İlham Əliyev bu açıqlamasının ardında "Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın SÜLHMƏRAMLI MİSSİYASI BAŞA ÇATIR. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər" ifadələrinə yer verməsinin də səbəbi məhz budur.
İlham Əliyev rəsmi İrəvana mesaj göndərdi ki, 2 il sonra Rusiya sülhməramlı kontingenti artıq bölgəni tərk edəcək. O zaman bölgədə və regionda şərait tamamilə dəyişəcək. Şərait dəyişildiyi halda isə Ermənistan üçün o sülh şərtləri xeyli sərtləşə bilər. Biraz da konkretləşdirsək, dövlət başçısı Ermənistan siyasi rəhbərliyinə eyham vurdu ki, əgər indi bizim gündəliyimizlə razılaşmasanız, sonra kimdənsə inciməyə də haqqınız olmamalıdır. Çünki taleyinizi özünüz seçdiniz...
Əliyevin ən konkret və hədəfə düşəcəyi zərrə qədər də şübhə doğurmayan bəyanatı sülhdən qaçmaq üçün çıxmadığı oyun qalmayan Ermənistana ünvanladığı növbəti xəbərdarlıq oldu:
Sülh barədə danışırıq. Başa düşürsünüzmü, bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik. Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər - heç lazım da deyil. Delimitasiyanı istəmirlər - heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var - tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır. Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar".
Əliyev bu çıxışla Ermənistanın naşı siyasi rəhbərliyinə anlatmaq istədi ki, bizim də sizlə sülh bağlamaq üçün ürəyimiz getmir. Amma regionun, bölgənin gələcəyi, sabitliyi üçün bunu etmək məcburiyyətindəyik. Amma bu məcburiyyət bizim üzərimizdə öhdəlik səviyyəsində deyil. Sadəcə, biz bunu mənəvi bir məsələ nöqteyi nəzərdən də yanaşmalıyıq. Amma sülh olmayacaqsa biz birtərəfli qaydada o sərhədimizi müəyyənləşdirəcəyik. Çünki bunun üçün bütün sənədlər, bütün hüquqi prosedurlar Azərbaycanın xeyirinədir.
Dövlət başçısı Ermənistanı faktiki olaraq destruktiv mövqedən əl çəkərək Bakının təklif etdiyi 5 maddəlik sülh paketini qəbul etməyə çağırdı. O, bu imkanın Ermənistan üçün taleyüklü bir fürsət olduğuna da işarə etdi. Çünki Ermənistan əgər manipulyasiyalarla vəziyyəti gərgin saxlayaraq danışıqlar prosesini sabotaj edəcəksə, Azərbaycan buna səbr edib dözmək fikrində deyil. Rəsmi Bakı məcbur qalaraq zamana qənaət və böyük üstünlüklər əldə etmək adına daha effektiv üsul olan hərbi əməliyyatlar variantına üstünlük verməklə heç bir əhəmiyyəti olmayan danışıqlar masasından qalxdığını faktiki olaraq elan etmiş olacaq.
İlham Əliyev açıq şəkildə Ermənistana xəbərdarlıq etmiş oldu ki, biz danışıqlar prosesini, habelə sərhədlərin delimitasiya və demarkasiya prosesinin həlli istiqamətində ki diplomatik təmasları növbəti 30 il davam etdirmək fikrindən uzağıq. Proses bir müddət davam edəcək və nəticəsiz olacağı təqdirdə rəsmi Bakı konsensus variantından imtina edəcək.
Yəni yekun sülh müqaviləsi istiqamətində Ermənistan konstruktiv addımlar atmayacağı təqdirdə rəsmi Bakı tərəddüd etmədən hərbi əməliyyatlar variantını seçəcək. Dövlət başçısının Azərbaycan ordusunun təkmilləşdirilməsi, daha da modernləşdirilməsi istiqamətində etdiyi açıqlamalar danışıqlardan yenidən qaçacağı halda rəsmi İrəvana edilən müharibə xəbərdarlığından başqa bir şey deyil.
Komandoların, Xüsusi Təyinatlı Qüvvələrimizin, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının, Daxili Qoşunların xüsusi təyinatlılarının, Dəniz piyadalarının, Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayının sürətlə artırıldığını qeyd edən İlham Əliyev "Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır" deməklə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəkindən daha da güclü və təkmilləşdirilmiş bir Ordu birliyi halına gətirildiyini, istənilən əməliyyatı daha sürətli və uğurla icra etmək potensialı olduğuna diqqəti çəkməklə revanş istəyi ilə yaşayan Ermənistan tərəfinə ağlına başına yığması ilə bağlı xəbərdarlıq edib. O, İrəvanın bu destruktiv mövqeyinin özünəqəsddən başqa bir şey olmayacağına diqqəti çəkib. Bunu Bakıdan İrəvana verilən nota da adlandıra bilərik.
Vaxt getdi...
Milli.az