8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ADP sədri Sərdar Cəlaloğlu Ərdoğanın ölkəmizə səfəri zamanı Türk Konfederasiyası ideyasının müzakirəyə çıxarılmasını təklif etdi
"İnanıram ki, bu addım Sizin təkcə Azərbaycan tarixində yox, həm də bütünlükdə ümumtürk tarixində yer tutmağınıza və gələcək nəsillər tərəfindən sayğı ilə yad edilmənizə xidmət edəcəkdir”
Xəbər verildiyi kimi, Rəcəb Tayyib Ərdoğanın prezident idarə üsuluna keçmiş Türkiyənin ilk prezidenti kimi birinci rəsmi səfəri Şimali Kiprə və Azərbaycana olacaq. Bu səfər ərəfəsində 2015 və 2018-ci il Azərbaycan Respublikası prezident seçkilərində iştirak etmiş Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu tərəfindən hər iki ölkənin dövlət başçılarına – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana məktub ünvanlanıb. "Hürriyyət”in əldə etdiyi hər iki məktubda ADP sədri istər İ.Əliyevdən, istər də R.T.Ərdoğandan prezidentliyə namizədliyi zamanı seçki platformasına daxil etdiyi Türkiyə-Azərbaycan Konfederasiyası ideyasının (Türk Konfederasiyası) həyata keçirilməsinə dəstək istənilir. Məktubları olduğu kimi dərc edirik:
"Hörmətli İlham Əliyev!
2018-ci il prezident seçkilərində prezidentliyə namizəd kimi qaldırdığım bir çox milli problemlərin həllində göstərdiyiniz həssaslığa görə Sizə təşəkkürlərimi bildirirəm. Ümid edirəm ki, sağlam tənqidi nəzərə almaqla ölkədə aparılan islahatlar Azərbaycanda vətəndaş həmrəyliyini gücləndirəcək, dövlətin nüfuzu artacaq, xalqın rifah halı yüksələcəkdir.
Diqqətinizə çatdırıram ki, siyasi islahatlarla müşayət olunmayan sosial-iqtisadi islahatlar qısaömürlü və azeffektli ola bilər. Mən prezident seçkilərində Azərbaycanın müdafiə qüdrətinin güclənməsi, suverenliyi və müstəqilliyinin təminat altına alınması və Qarabağın bütün ərazilərinin işğaldan azad olunması naminə Türk konfederasiyası yaradılması ideyasını irəli sürmüşəm.
Nəzərinizə çatdırım ki, Sizin tərəfinizdən aparılan beynəlxalq iqtisadi-siyasət nəticəsində Türkiyə-Azərbaycan arasındakı əlaqələr iki dövlət arasındakı münasibətlərdən çox-çox kənara çıxmış və bir dövlət siyasətini qaçılmaz etmişdir. Digər tərəfdən müharibə vəziyyətində olduğumuz Ermənistan Rusiya ilə hərbi ittifaq yaradaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməklə yanaşı, Azərbaycanın digər ərazilərinə də təhdidlər yaratmaqdadır. Ermənistan ərazsində Rusiya qoşunlarının saxlanılması, Ermənistan sərhədlərinin erməni-rus qoşunları ilə birgə qorunması və Rusiya tərəfindən ardıcıl olaraq Ermənistana qoşunlarına əvəzi ödənilmədən nəhəg midarda silahlarla təchiz edilməsi, eləcə də aktiv müharibə vəziyyətində Ermənistan silahlı qüvvələrinə rus ordusununu komandanlıq etməsi ilə bağlı razılaşmalar bizi ermənilərlə münaqişədə qeyri-bərabər vəziyyətə salmışdır.
Bunları nəzərə alaraq belə hesab ediirk ki, qardaş Türkiyə ilə konfederativ əlaqələr yaratmaq vacibdir. Bu əlaqələr vahid ordu və vahid xarici siyasət şərtləri əsasında yaradılmalıdır. Beləliklə Azərbaycan öz suverenliyi və müstəqilliyini qorumaqla yanaşı, dövlət maraqlarını effektli müdafiə etmiş və öz ərazilərini xarici hərbi təhdidlərdən təminat altına almış olar.
Cənab İlham Əliyev!
Son prezident seçkilərində Türkiyə Cümhuriyyəti başqanı seçilmiş Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana etməsi də iki qardaş dövlət arasında strateji müttəfiqliyin nə qədər əhəmiyətli olduğunu bir daha sübut edir. Bütün bunları nəzər alaraq təklif edirəm ki, Türkiyə prezidenti cənab Tayyib Ərdoğanla görüşlərinizdə Türkiyə-Azərbaycan arasında Türk Konfederasiyasının yaradılması ilə bağlı təşəbbüs irəli sürəsiniz. İnanıram ki, bu addım Sizin təkcə Azərbaycan tarixində yox, həm də bütünlükdə ümumtürk tarixində yer tutmağınıza və gələcək nəsillər tərəfindən sayğı ilə yad edilmənizə xidmət edəcəkdir.
Bu tarixi missiyanı ləyaqətlə yerinə yetirəcəyinizə ümid edirəm”.
"Azərbaycan prezidenti İlham Əliyevlə Türk Konfederasiyasının yaradılması məsələsini müzakirə etmənizi təklif edirəm”
ADP sədrinin Türkiyə Cümhuriyyətinin Başqanı Rəcəb Tayyib Ərdoğana ünvanlanan məktubunda isə vurğulanır:
"Hörmətli Prezident!
Fürstədən istifadə edib Sizi bir daha Türk Cümhuriyyətinin Başqanı seçilməniz münasibəti ilə öz admdan, eləcə də ADP üzvləri və təəssübkeşləri adından təbrik edir, Başqanlığınızın Türkiyə xalqına və Türk dövlətinə xeyirli olmasını arzulayıram.
Cənab Ərdoğan!
Sizin əvvəlki Cümhur Başqanlığı dövründə apardığınız siyasət göstərir ki, Siz yalnız Türkiyənin yox, Türk-İslam dünyasının maraqlarını aydın şəkildə dərk edən və bu maraqlara xidmət edən bir siyasi lidersiniz. Təbii ki, Türk-İslam dünyasında Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasındakı əlaqələr mühüm və müstəsna xüsusiyyətlərə malikdir. Bu iki dövlət arasında həyata keçirilən beynəlxalq iqtisadi layihələr, eləcə də müxtəlif sahələrdəki əməkdaşlıq iki dövlət sərhədlərindən kənara çıxaraq, bir dövlət təəssüratını yaratmaqdadır. İstər Türkiyə, istər Azərbaycanın dostları da, düşmənləri də eynidir. Bu da xarici siyasətdə və dövlətlərimizin suverenliyi və müstəqilliyinin qorunmasında vahid müdafiə və diplomatik siyasətin həyata keçirilməsini tələb edir.
Mən ADP-nin 2018-ci il prezident seçkilərində iştirak etmiş və kifayət qədər geniş xalq kütləsinin səsini toplamış bir siyasətçi kimi Türk Konfederasiyasının yaradılması ideyasını seçki paltformama daxil etmişdim. Bu ideya Azərbaycanda geniş xalq kütlələri tərəfindən dəstəklənmiş və mənim seçkidə faktiki olaraq ikinci yerə çıxamağıma səbəb olmuşdur. Bütün bunları nəzər alaraq Sizi Türkiyə Cümhuriyyətinin Başqanı kimi Azərbaycana ilk səfərinizdə Azərbaycan prezidenti İlham Əliyevlə Türk Konfederasiyasının yaradılması məsələsini müzakirə etmənizi təklif edirəm. Ümid edirəm ki, Türk Konfederasiyası bu bölgədə Türkiyə və Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsinin, eləcə də bu bölgədə yeni bir qlobal gücün meydana çıxmasının əsasını təşkil edəcəkdir.
Cənab Prezident!
Türk-İslam dünyasının mənafelari naminə dövlətlərimizin və xalqlarımızın xeyirinə olacaq bu ideyanın reallaşma fürsətini əldən qaçırmayacağınıza ümid edirəm.
Dövlətinizə əminamanlıq, xalqınıza rifah arzusu ilə 2018-ci il Azərbaycan prezident seçkilərinə namizəd, ADP sədri Sərdar Cəlaloğlu”.