ƏRDOĞANDAN DÜNYA NİZAMINI DƏYİŞƏCƏK TƏKLİF: "BMT Təhlükəsizlik Şurasıyla bağlı qanun dəyişməlidir"

ƏRDOĞANDAN DÜNYA NİZAMINI DƏYİŞƏCƏK TƏKLİF: "BMT Təhlükəsizlik Şurasıyla bağlı qanun dəyişməlidir"

 

Sərdar Turqut

"Habertürk”, Türkiyə, 26 sentyabr 2018-ci il

Prezident Ərdoğanın Nyu-Yorka gələr-gəlməz birbaşa qatıldığı müsəlman ölkələrindən olan ABŞ vətəndaşlarının toplantısında "Dünya beşdən böyükdür. BMT TŞ-nin nizamı ədalətsizdir. Bunun dəyişməsi lazımdır” dediyini daha öncə də yazmışdım.

Bir araşdırma üçün hazırlığın aparıldığını hiss edirdim, həqiqətən, sonunda bunu dəqiqləşdirə də bildim. Türkiyə, bu ədalətsizliklə bağlı sadəcə şikayət etməklə kifayətlənməyəcək, eyni zamanda bu sistemi dəyişdirmək üçün addımlar atmağa da hazırlaşır.

Dünya sisteminin işləmə qaydası dəyişəcək

Prezident Ərdoğanın təlimatı ilə hüquqçular BMT TŞ-nin işləmə qaydasının dəyişməsinə yol açacaq araşdırma aparırlar. O, yalnız beş ölkənin dünya nizamına nəzarət etməsinə imkan verən sistemi dəyişdirəcək, beləliklə, dünya sisteminin işləmə qaydasını yenidən müəyyən edəcək tədqiqat işinin aparılmasına təlimat verib.

BMT TŞ-nin daimi üzvlərinin (ABŞ, Böyük Britaniya, Fransa, RF və Çin – tərc.) düşüncəsinə görə, təşkilatın Təhlükəsizlik Şurasının mövcudluğunu təmin edən qanun, bizim konstitusiyamızın "dəyişdirilə bilməyən maddələri” kimi, dəyişdirilə bilməz.

Prezident Ərdoğanın təlimatı ilə mövcud qanunları araşdıran hüquqçular isə qanuni bir boşluq (legal loophole) tapmaq üzrədirlər. Ona görə, BMT Baş Məclisi, əgər istəyərsə, Təhlükəsizlik Şurasının işləmə qaydasını nizamlayan qanunda dəyişiklik edə bilərmiş.

Hüquqi araşdırma hələ tamamlanmayıb. Əgər hüquqçular bu məsələdə həmfikir olarlarsa, Türkiyə BMT Baş Məclisinə Təhlükəsizlik Şurasının qanununda dəyişiklik edilməsi təklifilə gedəcək.

Dövri olaraq dəyişən sistem

Prezident Ərdoğanın fikrinə görə, BMT TŞ-nin 5 daimi üzvü olmamalı və bütün üzvlər dövri olaraq dəyişməlidir. Yəni, hər bir ölkə, kiçik və ya yeni qurulmuş olsa da, vaxtı çatanda BMT TŞ-nin üzvü ola bilməlidi. Prezident Ərdoğan, çox haqlı olaraq, bunun dünyanın daha ədalətli və gözəl olmasını təmin edəcək bir sistem olacağını düşünür.

Ümid edirəm ki, bunları anlatdıqdan sonra yazımın başlığının nə üçün belə iddialı olduğu anlaşılacaqdır. Çünki Türkiyənin bu təklifi BMT Baş Məclisində qəbul edildiyi təqdirdə, II Dünya Müharibəsindən sonra qurulan dünya nizamı tamamilə dəyişmiş olacaq, yeni bir dünya nizamı qurulacaq. Prezident Ərdoğan da bunun memarı olaraq tarixə düşəcək.

Müşahidələrimə əsasən deyə bilərəm ki, BMT Baş Məclisində üzv ölkələrin əksəriyyətinin Türkiyəyə böyük simpatiyası var. Müsəlman ölkələri onsuz da təbii liderləri olaraq Ərdoğanı görürlər, digərləri də hakim güclərə qarşı qəti duruşuna görə onun yanında dura bilərlər. Ona görə, Türkiyə dəyişiklik təklifilə gəldiyi zaman BMT Baş Məclisinin bunu qəbul etməsi ehtimalının böyük olduğu söylənilir.

Tərcümə strateq.az-ındır



Oxşar Xəbərlər

Xəbər lenti