Putinin Bakı səfəri və İrəvana mesaj - “Rusiya Azərbaycan üzərindən Ermənistana incə mesajlar verməyə çalışır”

Putinin Bakı səfəri və İrəvana mesaj - “Rusiya Azərbaycan üzərindən Ermənistana incə mesajlar verməyə çalışır”

 

Natiq Cəfərli: "Bakı ilə yaxınlaşmaqda əsas məsələlərdən biri Ermənistana dərs vermək, təzyiq göstərməkdir”

"Rusiyanın əsas marağı yarım həll variantıdır”

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasına işgüzar səfərə gəlməsi ölkəmiz və bölgə üçün ciddi bir hadisədir.

Qeyd edək ki, dünən İ. Əliyev V.Putin ilə təkbətək görüşüb. Görüşdə Prezident İlham Əliyev bildirib ki, Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur: "Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik”

"Doğrudur, biz bu yaxınlarda Soçidə görüşdük. Amma münasibətlərimizin yüksək səviyyəsini və həcmini nəzərə alaraq, bizim həmişə danışmağa sözümüz var. Necə deyərlər, MDB-nin sammiti meydanlarında da ünsiyyətimiz gözlənilir”. Bu sözləri isə Rusiya prezidenti Vladimir Putin deyib. Əslində, Putin doğru buyurur ki, "bizim həmişə danışmağa sözümüz var”. Çünki nə qədər Dağlıq Qarabağ problemi var, o qədər də Azərbaycan və Rusiya prezidentlərinin həmişə danışmağa sözləri var. Amma Rusiya ilə qonşu dövlət olsaq da, dost dövlət ola bilmərik. Çünki hər kəs bilir ki, Qarabağ problemini yaradan elə Rusiyadır.

Nəzərə çatdıraq ki, dünən Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına da baxıblar.

Bildiyimiz kimi, V. Putinin Bakıya səfərindən öncə, Azərbaycan prezidenti İ. Əliyev sentyabrın 17-də Moskvaya səfər etmişdi. Hətta səfər çərçivəsində nəzərdə tutulan rəsmi görüşdən əlavə Rusiya prezidenti V. Putinlə İ. Əliyevin 1 saat qeyri-rəsmi söhbətləri olduğu mətbuatda yayılmışıdı. Maraqlıdır ki, Azərbaycan və Rusiya prezidentlərinin belə intensiv görüşlərinin, hətta qeyr-rəsmi söhbətlərinin ölkəmiz və bölgə üçün nə dərəcədə əhəmiyyəti var?

"Moskvanın Bakı ilə yaxınlaşması müəyyən dərəcədə Ermənistana dərs vermək üçündür”

Prezidentlərin görüşlərinin əhəmiyyəti ilə bağlı REAL Partiyasının icra katibi Natiq Cəfərli"Hürriyyət”ə dedi ki, bu görüşlərin əhəmiyyəti bağlanacaq müqavilələrdən asılı olacaq:"Amma bildiyiniz kimi, belə görüşlərin həmişə rəsmi və qeyri-rəsmi hissələri olur. Qeyri-rəsmi hissəsi Azərbaycan və bölgəmiz üçün gələcəkdə müzakirlərə yol açacaq məsələlərin müzkirəsi ola bilər. Mənə elə gəlir ki, Azərbaycanla Rusiyanın yaxınlaşması, müəyyən istiqamətlər üzrə danışıqların intensivləşməsi həm də Ermənistana bir mesajdır. Yəni Ermənistanın son vaxtlar atdığı addımlardan Moskva o qədər də razı deyil. Bakı ilə yaxınlaşmaq müəyyən dərəcədə Ermənistana dərs vermək, təzyiq göstərmək əsas olan məsələlərdən biridir. İkinci məsələ regional problemlərdir. Bu, İranla bağlıdır. Çünki İran ətrafında da proseslərin olacağı gözlənilir. Yəni noyabr ayının 1-dən Amerika İranın neft satışına qadağa qoyur. Burada da Rusiya və Azərbaycanın müəyyən rolu ola bilər. Əgər İranda çox böyük təlatümlər baş versə, ən böyük təsirləri elə birinci növbədə Azərbaycana olacaq. Mənə elə gəlir ki, bu məsələnin müzakirəsi də Rusiya-Azərbaycan danışıqlarında əsas məsələlərdən biridir. Çünki İranda iqtisadi problemlər artsa və yaxud da isti toqquşmalara qədər vəziyyət gedib çıxsa, yüz minlərlə insanın Azərbaycana axın etməsi gözlənilir, buradan da Rusiyaya keçməsi ehtimalı var. Təbii ki, iqtisadi məsələlər də var. Bir də mənə elə gəlir ki, əsas müzakirələrdən biri Trans-Xəzər olacaq. Çünki Rusiyanın çox gedişli bir planı var. Çünki Amerika Avropada "Şimal axını-2” boru kəmərinin çəkilməsinə mane olmaq istəyir. Zənnimcə, Trans-Xəzər borusu ilə həmin borunun dəyişdirilməsinə hazırlıq gedir. Yəni Rusiya Azərbaycan və yaxud Avropa ölkələri vasitəsilə "Şimal axını-2” nin maneçiliyinin aradan qaldırılması istiqamətində müəyyən işlər görürsə, onun əvəzinə Trans-Xəzərin çəkilməsinə mane olmayacaq. Mənə elə glir ki, bu da çox mühüm danışıq mövzularından biridir”.

"Paşinyanın komandası istənilən seçkidə xalqın dəstəyini qazana bilər”

"Dediniz ki, görüşlərin intensivləşməsinin əsas səbəblərindən biri Ermənistana dərs verməkdir. Ermənistan bu dərsdən bir nəticə çıxaracaq” sualına N. Cəfərli belə cavab verdi:"Ermənistanda da anlayırlar ki, Rusiya ilə münasibətlərin kəskinləşməsi və pisləşməsi heç də Ermənistana dividentlər gətirməyəcək, ciddi çətinliklərlə üzbəüz qoya bilər. Amma hər halda yeni Ermənistan rəhbərliyi daha müstəqil siyasət aparmağı və Qərblə yaxınlaşmağı düşünür. Çünki Paşinyan hökumətinə Qərb insitutlarından Ermənistan iqtisadiyyatına yatırımların olması, islahatların aparılmasına qrantların ayrılması kimi cəlbedici təkliflər var. Ermənistan rəhbərliyi çalışacaq ki, bu balansı qorusun. Amma regionda Azərbaycanın daha çox üstünlük qazanması və Rusiya ilə yaxınlaşması Ermənistanda birmənalı qarşılanmır. Yəni bunun Qarabağ məsələsində Ermənistanın əleyhinə işləyə biləcəyini düşünürlər və burada ehtiyatlı davranışlar da müşahidə olunur. Amma görünən odur ki, Ermənistan da heç öz xəttindən əl çəkmək istəmir. Çünki İrəvanda mer seçkiləri də göstrədi ki, yeni siyasi qüvvələr, Paşinyanın komandası kifayət qədər populyardır və istənilən seçkidə xalqın dəstəyini qazana bilər. Xalqın dəstəyini qazanmaq ehtimalının yüksək olduğu bir dövrdə Paşinyan və onun komandası üçün də müəyyən manevrlər etmək imkanları yaranır. Yəni Rusiya da anlayır ki, zor gücünə, təzyiqlər vasitəsilə Ermənistanı öz yolundan döndərə bilməyəcək, onu daha çox özündən uzaqlaşdıra bilər. Ona görə, Rusiya Azərbaycan üzərindən Ermənistana incə mesajlar verməyə çalışır ki, Ermənistanı da birdəfəlik itirməsin”.

"Heç kim inanmasın ki, Rusiya birdəfəlik Qarabağ məsələnin həllində maraqlı olacaq”

"Prezident İlham Əliyevin Moskvaya son səfəri zamanı Rusiya prezidenti tərəfindən Azərbaycanın KTMT və Avrasiya İttifaqına qoşulacağı təqdirdə Qarabağı qaytaracağını təklif etməsi kimi söhbətlər gəzdi. Sizcə, bu təklif yenə ola bilər” sualını isə N. Cəfərli belə cavablandırdı: "Əslində, bu, çox təhlükəli bir məsələdir. Azərbaycanın Rusiyanın rəhbərlik etdiyi nə hərbi, nə də iqtisadi ittifaqda yer alması Azərbaycana ciddi bir üstünlük verməyəcək. Əksinə müstəqiliyin bəzi elementlərinin zəifləməsinə və itirilməsinə səbəb ola bilər. Çünki Azərbaycanın ən böyük iqtisadi tərəfdaşı Avopa ölkələridir. İxracaatımızın yarıdan çoxu Avropayadır və investisiyaların da 90 faizə yaxını Qərb ölkələrinin payına düşür. Ona görə də Rusiya ilə ciddi iqtisadi əlaqələr yoxdur. Onsuz da Azərbaycanın Rusiya, Qazaxstan, Belarusla əlaqələri kifayət qədər genişdir. Yəni bunun iqtisadi anlamda bir üstünlük gətirəcəyini düşünmürəm. Rusiyanın öncüllük etdiyi hərbi ittifaqa qoşulmaq isə Azərbaycanın manevr imkanlarını kifayət qdər məhdudlaşdıracaq. Hətta Azərbaycana gələcəkdə böyük ziyan vura bilər. Qərb dövlətləri ilə münasibətlərinə ciddi zərər vura bilər. Ona görə də çox ehtiyatlı addmlar atmaq lazımdır. İlkin olaraq Azərbaycanın müşahidəçi statusu ilə bağlı söhbətlər gəzir. Müşahidəçi statusu almaq olar. Bu, o qədər də böyük problem deyil. Amma bu müşahidəçi statusu Qarabağ məsələsində üstünlük gətirəcəksə, bu addımı atmaq lazımdır. Yəni heç olmasa bəzi rayonların qayıtması məsələsi ciddi müzakirə olunacaqsa, bu addımı atmaq lazımdır. Bir şeyi anlamaq lazımdır ki, Rusiya Qarabağ məsələsinin istəyir bizim, istəyirsə də Ermənistanın xeyrinə həllində maraqlı deyil. Rusiyanın əsas marağı yarım həll variantıdır. Yəni həmişə məsələ isti qalsın. Yəni Kremlin istənilən anda həm Ermənistana, həm də Azərbaycana Qarabağ vəsaitəsilə təzyiq rıçaqları əllərində olsun. Ona görə də heç kim inanmasın ki, Rusiya birdəfəlik bu məsələni həllində maraqlı olacaq. Müəyyən addımlarda müəyyən təkliflər ola bilər. Amma bir daha təkrar edirəm, Rusiya Dağlıq Qarabağ məsələsinin kökündən həllində maraqlı deyil. Çünki bu məsələnin birdəfəlik həlli regionun tamamilə Rusiyanın nəzarətindən çıxmasına səbəb ola bilər. Bu münaqişənin olması regionda Rusiyanın nəzarət açarlarını əlində saxlamağa imkan yaradır. Ona görə də bu məsələnin Rusiya vasitəsilə birdəfəlik həll olunacağına mən inanmıram. Amma müəyyən addımlar ola bilər ki, Ermənsitana bir dərs verilsin və yaxud mesajlar ötürülsün”.

Şamo EMİN, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti