KƏBİN: DİNİMİZİN TƏLƏBİ, YOXSA...

KƏBİN: DİNİMİZİN TƏLƏBİ, YOXSA...

 

Hüquqşünas Bəhruz Bayramov: "Dünyəvi dövlət olduğumuzdan, burda kəbin heç bir hüquqi qüvvəyə malik deyil”

Hacı Akif Heydərli: "İnqilabdan əvvəlki dövrdə bizdə rəsmi nigahdan çox molla kəbininə üstünlük verilib”

Bildiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası ilə rəsmi nikahsız kəbin kəsilməsinə qadağa qoyub. Amma təəssüf ki, bu gün bir çox cütlüyün rəsmi nikahı olmasa da, dini kəbinləri var. Təbii ki, belə ailələrin hüquqlarını müdafiə etmək bir qədər çətinlik yaradır. Xüsusilə də erkən yaşda nikaha girən qızların hüquqlarının müdafiəsi çətin olur.

Bunu nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi təklif olunub. Onu da qeyd edək ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin ölkəmizlə bağlı tövsiyələrində də bu öz əksini tapıb.

Bu gün ölkəmizdə, xüsusilə də regionlarda rəsmi nigahı olmadan dini kəbin üzərində ailə quran, yaxud rəsmi xanımı olduğu halda kəbinlə daha bir qadınla yaşayan şəxslər az deyil və bu hal cəmiyyətdə birmənalı qarşılanmır. Bunu təqdir edən ruhanilər və özünü peyğəmbərin davamçısı sayan müsəlmanlar da var. O cümlədən, buna fahişəliyin qanuniləşdirilməsi, din biznesi kimi yanaşanlar da az deyil.

Ümumiyyətlə, dünyəvi dövlət olan Azərbaycanda heç bir hüquqi qüvvəyə malik olmayan kəbinə bu gün nə dərəcədə ehtiyac var?

Qanuni nigahı olmayan, yaxud artıq başqaları ilə evli olan cütlüklərin kəbinini kəsən mollaların cəzası nədir?

Sözügedən məsələni hüquqi və mənəvi yöndən araşdırmaq üçün vəkil Bəhruz Bayramova və Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərliyə müraciət etmişik.

"Başqa bir qadınla rəsmi nigahda ola-ola kəbin kəsdirmək və bunu rəsmi nigah kimi təqdim etmək tam əsassızdır”

Картинки по запросу Hüquqşünas Bəhruz Bayramov

Bəhruz Bayramov "Hürriyyət”ə bunları söylədi: "Bizim dövlətdə yalnız rəsmi qeydiyyata alınan qanuni nigah tanınır. Azərbaycan qanunvericiliyində kəbin, qanuni nigaha girməyən şəxslərin kəbinini kəsən mollaların cinayət məsuliyyətinə cəlb edilməsi haqda heç nə yazılmayıb. Amma qanuni nigah olmadan kəbin kəsən mollalar inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Qeyd etdiyim kimi, dünyəvi dövlət olduğumuzdan, burda kəbin heç bir hüquqi qüvvəyə malik deyil. Kəbin üzərində qurulan ailə gləcəkdə dağılmaq təhlükəsi ilə qz-üzə qaldıqda tərəflər arasında əmlak bölgüsü ilə bağlı problemlər yaşanır.

Təbii ki, ölkəmizin dindar vətəndaşlarının rəsmi nigahdan sonra kəbin kəsdirməsini normal qarşılayıram. Bizdə vicdan azadlığı var, hər kəs istədiyi dini inanca qulluq edə və tapındığı inancın qanunlarına riayət edə bilər. Amma rəsmi nigaha girmədən, yaxud başqa bir qadınla rəsmi nigahda ola-ola kəbin kəsdirmək və bunu rəsmi nigah kimi təqdim etmək tam əsassızdır.

Dövlətimizdə həddi-buluğa çatmayan qız uşaqları ilə nigaha girmək qadağandır. Amma müəyyən bölgələrdə azyaşlılarla kəbin üzərində ailə qurulması demək olar ki, adi hal alıb. Bu isə yolverilməzdir. Bunun qarşısını almaq üçün isə sözügedən məsələ dövlətin və aidiyyati qurumların ciddi nəzarətində olmalıdır.

Bundan əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, yetkinlik yaşına çatan anlaqlı şəxsin yalnız bir nəfərlə nigahı tanınır, kəbin üzərində qurulan, eləcə də vətəndaş nigahı kimi movcud olan əlavə nigahlar isə yalnız övlad dünyaya gələndə hüquqi qiymətləndirmə tələb edə bilər. Məsəslən, övladın tanınması, onun üçün aliment tələb olunması məqsədilə. Amma bir daha təkrar edirəm ki, bu kimi "nigah”ların heç bir hüquqi qüvvəsi yoxdur”.

"Azərbaycanda rəsmi nigah olmadan kəbin kəsdirilməsi çoxdan qadağan edilib”

Картинки по запросу Hacı Akif Heydərli

Hacı Akif Heydərli isə adıçəkilən məsələni elə şərh etdi: "Əvvəla, onu deyim ki, mən özümü din alimi saymıram, dini təhsilim də yoxdur. Amma İslamı öyrənməyi özünə borc bilən bir müsəlman kimi deyə bilərəm ki, Qurani-Kərimin İnsan surəsində qadının kişiyə halal olması məqsədi ilə kəbin kəsilməsinin vacibliyi xüsusi vurğulanır. Ümumiyyətlə, bilirsiniz ki, insana, ailə institutuna iki cür yanaşma var: hüquqi və mənəvi.

Qurani-Kərimdə insan mənəviyyatının paklığı, kişi qadın münasibətlərində halallıq məsələsi çox açıq şəkildə təsbit olunur. Müqəddəs kitabımızda ailə həyatında cütlər arasındakı halallığın vacibliyi ilə yanaşı, körpənin əmizdirilməsi zamanı dəstəmaz almağın insanın və körpənin ruh dünyasına və gələcək taleyinə göstərdiyi müsbət təsir haqda da söz açılır.

Eləcə də halalıq olmadan qurulan qeyri-sağlam ailələrdə dünyaya gələn körpələrin gələcəkdə başına gələcək bəlalardan söhbət açılır. Bu mövzu hədislərdə də əksini tapıb, gündəlik həyatımızda da dəfələrlə bunu müşahidə etmişik, bu kimi halların şahidi olmuşuq.

Misal üçün, hədislərdən birində deyilir ki, bir ailənin oğlu dükandan oğurluq etdiyi üçün ailədə sorğu-sual olunur. Bu zaman məlum olur ki, anası ona hamilə olduğu zaman qonşudan hallalıq almadan onun çəpərindən asılan nara çubuq batıraraq şirəsini çəkibmiş, o üzdən dünyaya gətirdiyi övlad da haramla halalı bir-birindən ayıra bilmir.

Biz müsəlman olaraq halallığa inanc gətiririk, övladlarımızı da halalıqla böyüdürük ki, gələcəkdə onları pak, əməli saleh insanlar kimi görə bilək.

Digər tərəfdən, Azərbaycanda rəsmi nigah olmadan kəbin kəsdirilməsi çoxdan qadağan edilib. Bu qadağa əsasən ölkəmizin müxtəlif bölgələrində azyaşlı qızların kəbinlə ərə verilməsi hallarının qarşısını almağa yönəldilib. Şeyxülislam özü bu məsələ ilə bağlı ruhanilərə konkret tapşırıq verib. Məncə, ruhanilər onun tapşırığına əməl edərək, kəbin kəsməzdən öncə rəsmi nigahı təsdiq edən sənəd tələb edirlər, sənəd təqdim edilmədiyi tərzdə isə islam nigahının bağlanmasından imtina edirlər. Mən bunun şahidiyəm.

Molla kəbininin şərtlərinə gəlincə isə, demək istərdim ki, bu məsələdə hər iki tərəfin razılığı əsas şərtdir. Kəbin mütləq şahidlərin iştirakı ilə kəsilməlidir. Kəbinlə qurulan ailədə kişinin boynunda qadının kəbin haqqı olur, buna mehriyə deyirlər. Təbii ki, ölkəmizin hazırkı qanunvericiliyinə uyğun olaraq kəbin kəsilən zaman tərəflərin həddi-buluğa çatması da hökmən nəzərə alınmalıdır və nəzərə alınır.

Tarixi keçmişimizə nəzər salsaq, görərik ki, inqilabdan əvvəlki dövrdə bizdə rəsmi nigahdan çox molla kəbininə üstünlük verilib. Sovetlər dönəmində isə vəziyyət bir qədər dəyişib. Allahsız rejimdə molla kəbininə nəinki önəm verilmirdi, hətta buna qadağa qoyulmuşdu, kəbin kəsən mollalar təqib olunurdu, ciddi şəkildə cəzalandırılırdı. Bu səbəbdən o illərdə molla kəbinləri gizlin kəsilirdi.

Onu da deyim ki, əyalətdə kəbinə meyllilik hər zaman daha güclü olub, bu gün də eyni vəziyyəti müşahidə edirik. Çünki həmişə milli, eləcə də dini adət-ənənə rayon və kəndlərdə daha çox gözlənilib. Amma bu gün Azərbaycanın şəhər və kəndlərində, o cümlədən də paytaxtımızda hansısa azərbaycanlının, müsəlmanın kəbinsiz ailə qura bilməsini təsəvvür etmirəm.

Amma təbii ki, istisnalar da var. Bu gün ölkəmizdə elə ailələr var ki, nəinki kəbin kəsdirməyi özlərinə rəva bilmir, hətta buna ikrahla baxır. Peyğəmbərimiz bu cür adamlar haqda deyərdi ki, onlar müsəlman olsalar da, hələ iman gətirməyiblər.

Amma bütün hallarda kəbinsiz qurulan ailələr hökmən gələcəkdə bunun fəsadları ilə qarşılaşır. Mən bunu dəfələrlə müşahidə etmişəm, yetərincə misallar da gətirə bilərəm.

Əslində İslam bir kişinin bir qadınla evlənməyini tərcih edir. Amma peyğəmbər ənənəsini yaşadan müsəlmanlar da var. Amma bunun çox ciddi şərtləri var. Bu şərtlərin birincisi ədalətdir. Yəni, əgər kişi hər bir xanımına eyni münasibət göstərirsə, onları hər cəhətdən təmin edirsə, o zaman iki, yaxud daha artıq qadınla yaşaya bilər. Təbii ki, bunun üçün onun ilk xanımı da kifayət qədər imanlı olmalı və ərinin bu qərarını anlayışla qəbul etməlidir, onun əlavə təminatı üçün buna şərait yaratmalıdır.

Zənnimcə, bu gün cəmiyyətimizdə kəbini fahişəliyin qanuniləşdirilməsi kimi deyil, əsksinə fahişəliyin qarşısını alan bir tədbir kimi qiymətləndirmək daha doğru olardı. Yəqin hazırda qadın alverinin necə geniş vüsət aldığını özünüz də bilirsiniz. Çox vaxt imkansızlıq ucbatından, yaxud hansısa digər səbəblərə görə Azərbaycan xanımları imkanlı ərəblərlə görüşür, özü də biri ilə deyil, bir neçəsi ilə. Bu cür qadınlara sahib çıxmaqla onları düz yola qaytarmaq, cəmiyyəti saflaşdırmaq ən böyük savabdır.

Təbii ki, əgər kişi şəhvani, nəfsi istəyi ilə ikinci dəfə evlənərirsə, bu evlilik onun ailəsinin dağılmasına səbəb olacaqsa, bu Allaha xoş getmir, çünki bu zinadır, günahdır, cəzası isə cəhənnəm əzabıdır.

Təbii ki, Azərbaycanda ikiarvadlılıq az müşahidə olunan haldır. Çünki Azərbaycan xanımları çox şükür, həm sədaqətli, həm də kifayət qədər cazibəlidirlər. Amma bəzi kifayət qədər geniş imkanı və imanı olan şəxslər xanımlarının razılığı ilə himayəyə ehtiyacı olan xanımları öz qanadının altına alır, bu da tamamilə normal bir haldır”.


P.S. Göründüyü kimi, müsahiblərimiz müxtəlif peşə sahibləri olsa da, hər ikisi kişidir və heç biri kəbinə qarşı çıxmadı. Bu da bir daha sübut edir ki, dünyəvi dövlətdə yaşasaq da, bəzi "islam qanunları” bizim kişilər üçün də sərfəlidir...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}