8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tenderlərin saxta xarakter daşımasının analoqsuz nümunəsi
Ötən həftə yarım-rəsmi saytlarda Ağcabədi rayonunda Saat qülləsinin tikilməsi üçün Rayon İcra Hakimiyyəti açıq tender elan etməsi (https://report.az/ infrastruktur/agcabedide-saat-qullesinin-tikilmesi-ucun-tender-elan-edilib) haqqında məlumat yayıldı. Tenderlə bağlı məlumatda qeyd edilir ki, Saat qülləsinin Ağcabədi şəhərindəki Heydər Əliyev prospektində inşası nəzərdə tutulur. İddiaçıların tenderdə iştirak etmək üçün müvafiq sənədləri oktyabrın 17-dək Ağcabədi Rayon İcra Hakimiyyətinə təqdim etməli olduqları da məlumatda yer alıb. İctimaiyyətin diqqətinə o da çatdırılır ki, iddiaçıların təklifləri oktyabrın 19-da RİH-in inzibati binasında açılacaq.
Rayon İcra Hakimiyyətlərinin tendelərlə bağlı elanları tez-tez rastlaşmadığımız məlumatların sırasına aid olduğu üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin bu məlumatı ilk baxışda alqışa layiq addım kimi görünür. Ancaq bu məlumatla bağlı kiçik bir araşdırma çox ciddi saxtakarlıqları üzə çıxardı.
Belə ki, Ağcabədi Rayon İcra hakimiyyətinin rəsmi saytının xəbərlər bölümündə 14.07.2018-ci il tarixli bir məlumat var. Məlumatda Ağcabədi rayonunda 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilməsi haqqında bilgilər yer alıb. Həmin məlumatda Ağcabədi şəhərinin Heydər Əliyev prospektində səkilərdə təmir-bərpa işləri aparılmasından geniş bəhs olunur. Həmin ünvanda təmir-pərpa işlərinin faktiki olaraq hər il aparılması ayrı bir söhbətin mövzusudur və bu məqama ötən sayımızda "Məmurlar büdcə pullarını hara xərcləyirlər?-FOTO” başlıqlı məqalədə geniş toxunmuşuq. Maraqlananlar həmin məqaləni "Yeni Sözçü” qəzetinin veb saytından (http://sozcu.info/hadise/7632-memurlar-budce-pullarini-hara-xercleyirler-foto.html) oxuya bilərlər.
Biz isə Saat qüləsi ilə bağlı elanların məqamlarına qayıtmaq istəyirik. Sentyabr ayının 7-si yayılan məlumatda Ağcabədi rayonunda Saat qülləsinin tikilməsi üçün Rayon İcra Hakimiyyəti açıq tenderlə bağlı təkliflərin oktyabrın 19-da RİH-in inzibati binasında açılacağı haqqında dəqiq tarixlər göstərilib. Ancaq çox maraqlıdır ki, Ağcabədi rayonunda 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabatı ilə bağlı RİH-nin rəsmi saytında yer alan məlumatda (http://agcabedi-ih.gov.az/news/1411.html) "Heydər Əliyev prospektində saat qülləsinin tikintisi aparılır” ifadəsi yer alıb. Saat qülləsinin tikilməsi üçün Rayon İcra Hakimiyyəti açıq tenderlə bağlı elanla bu məlumat bir-birini təkzib etdiyi üçün kiçik bir araşdırma aparmağa çalışdıq. Bu zaman məlum oldu ki, tikintisi ilə bağlı tender elan olunmuş Saat qülləsinin tikintisi nəyinki aparılır, hətta başa çatmaq üzrədir. Qüllədə son tamamlama işləri aparılır və saatın özü də artıq quraşdırılıb. Bu məlumat isə yalnız sözdən ibarət deyil. Məqaləyə əlavə olunan fotolar da deyilənləri təsdiq edir. Bütün bunlar isə tender əməliyyatlarının nə qədər saxta xarakter daşıdığını gösrərir. Saat qülləsi ilə bağlı tender ətrafında üzə çıxan bu saxtakarlıq Ağcabədi rayonunda həyata keçirilmiş tenderlərin şəffaf şəkildə araşdırılmasını zəruri edir. Bu araşdırma aparılmasa ictimaiyyətdə haqqlı olaraq büdcə pullarının mənimsənilməsində maraqlı şəxslərin şəbəkə formalaşdırdığı haqqında qənaət yarana bilər. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək və Ağcabədi Rayon İcra Hakimiyyətinin mövqeyini bilmək maraqlı olardı. Əgər, əlbətdə deyiləcək sözləri varsa...
Azad Aydın,
"Yeni Sözçü" qəzeti