Ağdam məktəbində rəzalət: “Ceyhun Bayramov, 1000 manatımızı verin!” - FOTO

Ağdam məktəbində rəzalət: “Ceyhun Bayramov, 1000 manatımızı verin!” - FOTO

 

Bərdə rayonunda yerləşən Ağdam 1 saylı köçkün məktəbinin direktoru Çimnaz Kərimova işə götürdüyü Nahidə Hüseynovanı zərərə salıb

Sozcu.info  xəbər verir ki, N.Hüseynova kreditə girərək pul götürüb və 3500 manat məktəb direktoruna rüşvət şəklində verib. Ç.Kərimova qarşılığında müqavilə ilə işə götürüb. Amma cəmi 8 ay işləmiş N.Hüseynova məktəbdən xaric olunur.

Bu müddətdə aldığı əmək haqları isə direktorun müxtəlif tədbirlər, yoxlamalar adı ilə yığımına gedib. İşdən çıxarılandan sonra çarəsiz qalan N.Hüseynova pulunu geri tələb edib.

Çox get-gəldən, dava-qırğından sonra Ç.Kərimova ona 2500 manat qaytarıb. Amma yerdə qalan 1000 manatı qaytarmayan məktəb direktoru bu pulun Təhsil Nazirliyinə çatdığını bildirib.

N.Hüseynovaya deyib ki, 2500 manatı təhsil şöbəsindən ala bilib, nazir Ceyhun Bayramova çatan 1000 manat isə getdi. Övladı ağır xəstə olan Hüseynovanın uşağı əməliyyat olunmalıdır.

"İndi biz nə edək, cənab Ceyhun Bayramov? Mən əməliyyat olunmalıyam. Anamın da başına bu oyun açılıb. Pulumuz yoxdur ki, Bakıya nazirliyə gələk. O pulun sizə çatdığına biz inanmırıq.

Əgər belədirsə, xahiş edirəm, pulu göndərin 1000 manatla müalicə olunum, yox məktəb direktorunun əməlidirsə, tapşırıq verin ki, pulumuzu qaytarsın.

İnanmağımız gəlmir ki, sizin 1000 manatımıza ehtiyacınız var”, - deyə N.Hüseynovanın övladı nazir C.Bayramova müraciətində bildirib.

Məktəb direktorunun işə qəbul "qaydaları”nın nədən ibarət olduğu ayrıca bir araşdırma zərurəti yaradır. Lakin indi bu ailə üçün ən vacib olanı uşağın müalicəsidir.

Nazir C.Bayramov hər məktəb müəlliminin qəbulundan doğurdan da 1000 manat qazanırsa, respublika üzrə hesablama aparanda ortalığa külli miqdarda vəsait çıxır.

Nazirlik isə müəllimlərin işə qəbulunda tam şəffaflıq olduğunu açıqlayır. Bu fakt isə tam əksini söyləyir. Jurnalist Eynulla Fətullayevin bu haqda "facebook” səhifəsində qalmaqallı status paylaşması Təhsil Nazirliyini hədəfə çıxarmışdı.

Onun sözlərinə görə, Azərbaycan dilində dərsliklər bərbad gündə, müəllim yox - məktəbə müəllim yeri 8 min manatdır, elm, xüsusilə təbii fənlər çöküb.

Cahan.info xəbər verir ki, N.Hüseynovanın övladı bir daha nazirə müraciət edərək yardım edilməsini bildirib. "Mən məktəbə getmək istəyirəm. Amma xəstəliyim qoymur. Hörmətli nazir, bizim 1000 manata hava-su kimi ehtiyacımız var. Ola bilsin ki, sizə 1000 manat kiçik görünür, amma anam işləmir, dolanışıq yox, xəstəliyim üçün bu pul böyük məbləğdir. Ona görə xahiş edirəm ki, anamı yox, bir məktəblini düşünərək köməklik göstərin”.

Məktəblərə müəllim işə götürülməsi müsabiqələr və təyinatlarla olur. Amma bu müsabiqələrin formal xarakterdaşıdığı, rüşvət piramidasının yerli təhsil şöbələrindən nazirliyə qədər uzandığını iddia edirlər. Ceyhun Bayramovun nazir təyinatından sonra bu sahədə ciddi irəliləyiş olmayıb.

Təhsil eksperti, vaxtilə Misir Mərdanovu yıxıb - sürüyən, təhsildə rüşvətdən danışan, indi nazirlikdə işə düzələn Etibar Əliyev deyib ki, müəllim yerlərinin 8 min manata satılması böhtandır.

Zamanla müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi fikrinin ortaya atılması və ardınca 65 yaş senzini bəhanə edib müəllimləri kütləvi şəkildə təqaüdə göndərilməsi keçmiş təhsil naziri Misir Mərdanov və nazirlikdə bu təşəbbüsün müəllifi Strateji Təhlil və Planlaşdırma şöbəsinin sabiq müdiri vəzifəsini daşıyan Fərzəli Qədirova kifayət qədər gəlir gətirdi.

Bir sözlə, vakant müəllim yerlərinə öncə 6-7 min manat rüşvət almaqla başladılan "proses” nəticəsində məbləğ sonradan 10 min manata qədər qaldırıldı. Narazılıqlar genişləndi, müəllimlərə dövlət qulluqçusu statusu verilməsi söhbəti gündəmdən çıxarıldı.

Məlum oldu ki,gənc müəllimlərin işlə təmin etmək məqsədinin arxasında hər il bu "proses”dən milyonlarla manat rüşvət toplamaq məqsədi dayanırmış. Belə aydın olur ki, sistem dəyişməyib.





Oxşar Xəbərlər

Xəbər lenti