8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sahil Babayev rəhbərlik etdiyi nazirlikdə kadr siyasətini traybalizm əsasında aparır
Sahil Babayevin Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsinin bir ili tamam olmasa da, adı artıq bir sıra qalmaqallarda hallanıb. Ölkə ictimaiyyətində belə rəy yaranmağa başlayıb ki, nazir Sahil Babayev kadr siyasətini traybalizm (qohumbazlıq-tayfabazlıq) prinsipi əsasında aparır. Məsələn, Məmmədəliyev Mahmud Məmməd oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təminat (təsərrüfat) şöbəsinin müdiri, İsmayıl İsrafilovun Nazirliyin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor təyin edilməsi xəbəri bəzi media qurumlarında "ƏƏSMN-də traybalizm: Sahil Babayev kadrlarının qohumlarına vəzifə verdi” başlığı ilə yayıldı. Medianın bu rəyə gəlməsinin səbəbi Mahmud Məmmədəliyevin Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin qaynı, İsmayıl İsrafilovun isə, Nazirliyin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşı olmasıdır.
Sahil Babayevin kadr siyasətini traybalizm prinsipi əsasında aparması haqqında ilk dəfə "Yeni Sözçü” qəzeti məlumat yaymışdı. Xatırladaq ki, "Sahil Babayev vəzifələrə qohumlarını təyin edir” başlıqlı məqalədə qeyd olunmuşdu ki, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri təyin edilən Cahandar Axundov və Ağcabədi rayon şöbəsinin müdiri təyin edilən Fazil Ələkbərov bacanaqdırlar. Onların həyat yoldaşları isə, nazir Sahil Babyevin kiçik qardaşı Samir Babayevin həyat yoldaşının əmisi qızlarıdır. Bu bacanaqların başqa bir qohumlarına da nazir Sahil Babayevin vəzifə verməsi haqqında məlumat almışıq. Ancaq həmin şəxsin ad və soyadını hələlik dəqiqləşdirə bilməmişik. Həmin şəxsin kimliyini dəqiqləşdirdikdən sonra, bu məlumatı da oxucularımıza təqdim edəcəyik.
Bildiyiniz kimi, bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan və təsərrüfata sahib işsiz vətəndaşlara ailəsini maddi baxımdan təmin etmək üçün verilən ev heyvanlarının xəstə olması haqqında mətbuatda çoxsaylı məlumatlar yayıldı. Daha sonra bu məsələ millət vəkilləri tərəfindən də dilə gətirildi. Sahil Babayevin kadrları uzun müddət bu faktı inkar etsələr də, nəhayət paylanan heyvanların bir qisminin xəstə olması ilə bağlı çoxsaylı inkar edilməz faktların yayılması, məsələnin Milli Məclisdə müzakirə olunması nazir Sahil Babayevi bəzi etiraflar etməyə vadar etdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının icrası çərçivəsində fəaliyyətilə bağlı şikayətlər isə, yalnız heyvanların xəstə olması xüsusunda deyil. Bu proqram çərçivəsində həyata keçirilən digər işlərin də qüsurlu olması haqqında çoxsaylı məlumatlar yayılıb. İddialara görə, bütün bu əməliyyatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bağlı olan "Az Nest” Məhdud Məsuliyyətli Cəmiyyət vasitəsilə aparılır. Yeri gəlmişkən onu da qeyd edək ki, bəzi media orqanlarında bu şirkətin adı yanlış olaraq "Aznest” MMC kimi göstərilib. "Az Nest” MMC isə, Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən bir neçə ay sonra, 28 iyun 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi ev 51, mənzil 48-də yerləşən "Az Nest” MMC 10 manat məbləğində nizamnamə kapitalına malikdir. Ancaq göründüyü kimi, onun vasitəsilə çox böyük əməliyyatlar həyata keçirilir.
Məlumatlı şəxsin sözlərinə görə, hakimiyyətin yüksək dairələrində Sahil Babayevin uğursuz nazir olması haqqında rəy hər ötən gün güclənir. Artıq bir çoxları Sahil Babayevin təyinatının uğursuz olması iddiası ilə razılaşırlar. Ölkədə ictimai-siyasi gərginliyin artdığı bir zamanda Sahil Babayevin sosial gərginliyin qarşısını almaq əvəzinə, əlavə gərginlik yaratması da hakimiyyətin yüksək dairələrində ciddi narahatlıqlar doğurur. Nazirin kadr siyasətini traybalizm prinsipləri əsasında aparması haqqında məlumatlar isə, Sahil Babayevin mövqelərini bir qədər də sarsıdır. Belə görünür ki, Sahil Babayev sələflərindən fərqli olaraq, uzun müddət nazir kürsüsündə otura bilməyəcək.
"Yeni Sözçü" qəzeti