Sünni-şiə savaşının yeni səhnəsi –Heç kəsin qələbə çala bilmədiyi Əfqanıstan!

Sünni-şiə savaşının yeni səhnəsi –Heç kəsin qələbə çala bilmədiyi Əfqanıstan!

 

Keçən həftədən bütün dünyanın müsəlman kütləvi mediasında məlumat dolaşır ki, vəhhabi Səudiyyə Ərəbistanı Əfqanıstanda iki ali məktəbin təşkilinə 600 milyon dollara yaxın yatırım qoyur. Xüsusi intriqanı təkcə islam maarifinə birbaşa yatırımın həcmi doğurmur – bu, Əfqanıstanın keçənilki bütün ixracatının ümumi həcmi qədərdir (əlbəttə, heroin ixracatı nəzər alınmazsa).

 

Səudlar islam universitetlərini rəsmi Kabilin deyil, İŞİD-in Əfqanıstan qanadının nəzarət etdiyi ərazilərdə – hər şeydən əvvəl sərhədyanı Nanqahar əyalətində inşa etməyi planlaşdırıblar.

Şiə İranı Əfqanıstan paytaxtında ən böyük islam universitetlərindən birini inşa etdikdən sonra tikilmiş "Əfqanıstan İslam Universiteti” və universitetlə məscidi birləşdirən "İslam mərkəzi” Əfqanıstan islamı uğrunda aşkar mübarzənin istinadını artırmaq cəhdiylə inşa olunacaq. Kabildə məhz şiəliyin iştirakı səudları xilafətin nəzarətindəki torpaqlara itələyir – burası da var ki, Suriya və İraqdakı nümunələrin göstərdiyi kimi, ora Ər-Riyad üçün daha əlverişlidir.

Şiə "xomeyniçiliyi” ilə sünni vəhhabiliyi ideoloqlarının Əfqanıstanda apardığı müsəlmanların radikallaşdırılması qovğası qüvvə toplayır. İranyönlü, Suriya müharibəsinin gedişində ən güclü qeyri-dövlət ordusuna çevrilən, xilafətə qarşı duran "Hizbullah” kimi cihadçı şiə hərəkatların "xomeyniçilik”lə çulğaşdığı bir zamanda vəhhabilik ən böyük sünni terrorçu qruplaşmaların əksəriyyəti və hər şeydən əvvəl, İŞİD və "Əl-Qaidə”nin dini təməli qismində qəbul edilmişdir.Əfqanıstan şiə və sünnilərin artıq 1400 il sürən savaşında nisbətən yeni teatrdır. Yəni müharibə bura on dörd əsr boyunca nüfuz edib, lakin İslam dünyasının Əfqanıstan küncü həm şiə liderləri, həm də sünni başçıları az maraqlandırıb. Hər şey son ilərdə dəyişilib – hazırda bütün dünya üzrə yuvarlanan ekspansiyanın çoxəsrlik qarşıdurmanı dəyişməyə qadir olduğu aydınlaşanda. Burada isə hər bir məscid, qəsəbə, hətta ölkə və orada məskunlaşan xalq uğrunda mübarizə gedir.

İranın Kabilə, Ər-Riyadın isə xilafətn nəzarət etdiyi ərazilərə çıxmaq qərarı ekspertlərə Suriya ssenarisinin təkrarından danışmaq imkanı verir – İrana yönəlik şiə qüvvələri rəsmi hökumət və ordu ilə getdikcə daha çox yaxınlaşacaq, vəhhabi sünnilər isə xilafət və "Əl-Qaidə”nin yerli özəklərində dayaq arayacaqlar. Əlbəttə, Ər-Riyad bunu açıq şəkildə heç vaxt etiraf etməyəcək – ABŞ-ın strateji müttəfiqi statusu onu xeyli xoşagəlməz suallardan, o cümlədən prezident vetosu praktikasının göstərdiyi kimi, Birləşmiş Ştatların özündə də qoruyur.

Şiə və sünnilərin "mədrəsə ekspansiyası” taktikası Əfqanıstana qonşuPakistandan keçib. Pakistandakı 285 islam təhsil müəssisəsindən, az qala, üçdə ikisi Səudiyyə Ərəbistanı vəhhabiləri və Körfəzin digər monarxiyalarından maliyyə alır, halbuki üçdə biri İran və İraq kimi şiə çoxluqlu ölkələr tərəfindən maliyyələşdirilir. Şiələr məhz buna görə qonşu Əfqanstana birinci diqqət yetiriblər. Kabildə ən böyük mədrəsələrdən birini – son dərəcə nüfuzlu İslam Hüquqşünasları Hamiliyinin yardımı daxil olmaqla İranın "softpower" (ingiliscə "yumşaq qüvvə”-tərc.) əlaqələndirmə mərkəzi rolunu oynayan "Xatəmul-Nəbiyyun İslam Universiteti”ni ilk dəfə Tehran inşa edib. Sünni krallığı buna cavab olaraq bir neçə il bundan qabaq Əfqanıstanın paytaxtında Sünni İslam Mərkəzi tikməyə başlayıb. Ölkə üçün əlçatmaz 100 milyon dollarlıq büdcəyə baxmayaraq, şiələrin Kabildəki mövqeyi ancaq möhkəmlənir.

Belə olanda, səudlar taktikanı dəyişməyi qət etdilər. Əfqanıstanın ən böyük informasiya agentliyi "Haama press” ötən həftə məlumat yayıb ki, səudlar Kabil layihəsinə əlavə olaraq Pakistan sərhədində yerləşən və bütün bölgədə İŞİD-in dayaq məntəqəsi sayılan Nanaqahar əyalətində 500 milyon dollar dəyərində meqauniversitet tikirlər. Əfqanıstan hökumətinin Tehran və Ər-Riyadın bu ekspansiyasına mövqeyi xeyli şirnikdiricidir. Əfqan tələbələrin əksəriyyəti islamı öyrənmək üçün hazırda Pakistana gedir ki, bu da Əfqanıstan rəhbərliyi üçün ciddi problemdir: Pakistan dini məktəb və mədrəsələri rəsmi Əfqanıstan hökumətinə qarşı duran taliblər dəstəsinə adam yığmaq sistemi kimi müstəsna rol oynayır. Məsələ burasındadır ki, Pakistan mədrəsələri sünni islamın məhz"Taliban”ın təməlində duran "Dubənd qanadı"na məxsusdur. Oxşarlıq yaradan bir çox zahiri əlamətlərə baxmayaraq, dubənd və vəhhabi sünni islamı sadəcə müxtəlif deyil, həm də qarşı duran qanadlardır. Özü də Kabil hökuməti xilafətin ölkədə yayılmasından dizləri əsə-əsə qorxsa da, çoxdankı düşməni taliblərə nifrət edir və onlardan daha çox qorxur.

Bu yığcam mətndə məcburən mühüm detalların yarısını da  – İslam fiqhinin dörd məktəbinin münaqişədə rolu, bərləvi islamının bu düzümdəki yeri, xəzərlərin şiə azlığı, ABŞ ərazisindəki "camaati – təbliğ"i  açıqlaya bilmədik…  

Sizə elə gəlir ki, bütün bunlar bu qədər qəlizdir? Qətiyyən. Adi, mühafizəkar və heç nə ilə diqqət çəkməyən İslam siyasətinə xoş gəlmisiniz. Terrorizmin sponsoru olan dövlətlər – şiə İranı, sünni Səudiyyə Ərəbistanı Əfqanıstan və Pakistanda – şiə və sünnilərin xeyli yüzillər boyu nisbi sakitlikdə yaşadıqları iki ölkədə sünni çoxluq üzərində nüfuz uğrunda mübarizə aparır.

"Mədrəsə ekspansiyası” hələlik Suriya və İraqdakı sünni-şiə müharibələrinə qurbanlıqlar tədarük etməyə yönəlib. Lakin veteranlar artıq cəbhədən evə dönürlər. Və burada hamısını Əfqanıstanda yeganə "pis oğlanlar” olmağa alışmış taliblər qarşılayır və deməli, ancaq onlarla dil tapmaq lazımdır.

Hamının hamıya qarşı savaşına yarım addım qalır.

Aleksandr Şpunt

REGNUM İA




Oxşar Xəbərlər

Xəbər lenti