"Qərbdə insanlar təsadüfən ölür, Şərqdə isə təsadüfən sağ qalır" - XAQANİ CƏFƏRLİ


"Yardım aparan maşınlarının üzərindəki lövhəni dəyişdirmək cəhdləri Türkiyə cəmiyyətinin bu böyük faciədən də dərs çıxarmadığını göstərir"

"Müdrik adamlardan biri deyib ki, Qərbdə insanlar təsadüfən ölür, Şərqdə isə təsadüfən sağ qalır. Şərqdə həmin təsadüflərin üzərində xurafat, xurafatın üzərində isə şəriət bərqərar olub. Şəriət olan yerdə isə elmə yer yoxdur. Elmə yer olmayan yerdə isə ilahiyyatçı təbii fəlakətlər zamanı müdaxilə etməli olan qurumun baş direktoru olur. Burada ustad Məhəmmədhüseyn Şəhriyarı hörmət və ehtiramla anaraq məşhur kəlamını xatırlamaq yerinə düşər. "Bizdən qabaqdadır avropalılar, İşi işbilənə tapşırır onlar""Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib. 

Politoloqun sözlərinə görə, elmin deyil, şəriətin önə çıxmasının nəticəsidir ki, fizika üzrə professor "zəlzələ öldürmür, Allah öldürür", deyə bilir: "Halbuki, həmin professorun siyasi lideri 20 il əvvəl haqlı olaraq zəlzələnin ağır nəticəsini alın yazısı ilə deyil, tikinti zamanı yol verilən inşaaat materialların oğurluğu ilə izah edirdi. İnşaaat materiallarının oğurluğunu isə demokratiyanın oğurlanmasının, hüquq qaçaqmalçılığının və bərbad dövlət idarəçiliyinin nəticəsi hesab edirdi. İndi isə deyir ki, biz alın yazısına inanan mədəniyyətdən gəlirik".

Xaqani Cəfərli əlavə edib ki, Türkiyənin 10 şəhərini viran qoyan zəlzələnin dəhşətli görüntüləri ürəklərimizi dağladığı bir zamanda zəlzələnin evsiz-eşiksiz qoyduğu insanlara yardım aparan maşınlarının üzərindəki lövhəni dəyişdirmək cəhdləri Türkiyə cəmiyyətinin bu böyük faciədən də dərs çıxarmadığını göstərir: "Bu acı gerçəkliklərdən xilas olmasaq, daha ağır faciələrdən yayına bilməyəcəyik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}