“Putin 2024 -cü ildə prezidentliyə namizəd olmayacaq”

“Putin 2024

 

Natiq Cəfərli: "Çox güman ki, yeni konstitusion orqan – dövlət şurası yaradılacaq və Putin onun başına keçərək prezidenti, hökuməti, dumanı formal qurumlara çevirməyi, bütün nəzarəti öz əlində cəmləşdirməyi planlaşdırır”

Xaqani Cəfərli: "Putin rejiminin devrilməsi zaman məsələsi kimi görünür və müxalifət cəmiyyəti müəyyən ideyalar, dəyərlər ətrafında birləşdirməyə çalışır”

Bu gün Rusiya müxalifətinin ən aktiv liderlərindən biri kimi xarakterizə olunan Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnı cəmiyyətin Putin iqtidarına qarşı daha ciddi mübarizəsinin təşkil olunmasını təklif edir. Belə ki, bir neçə gün öncə "Azadlıq” radiosuna verdiyi müsahibəsində "Rusiyada hökumətin koronavirusla mübarizəsi getdikcə xeyli insanı narazı salır və vətəndaşlar arasında etiraz ruhu yüksəlir” deyən Navalnının sözlərinə görə, hazırda Rusiya vətəndaşları arasında etiraz son dövrlərin ən yüksək səviyyəsinə çatıb: "Əvvəllər etiraz fəaliyyətinə, yaxud birbaşa siyasətə qatılmayanlar arasında qəzəb qaynamaqdadır. Onlar həkimlər, kiçik biznes təmsilçiləri, gəlirsiz qalmış sıravi vətəndaşlardır”.

Bununla yanaşı, Navalnı qeyd edib ki, komandasıyla birlikdə konstitusiyaya təklif olunan dəyişikliklərə qarşı təbliğat aparır. Çünki həmin dəyişikliklər Vladimir Putinin hakimiyyətdə qalma müddətini uzada bilər. Bu səbəbdən də o, əhalini səsverməyə getməməyə, buna məcbur edilərlərsə, dəyişikliklərə qarşı səs verməyə çağırıb. ABŞ-ın nüfuzlu "Wall Street Journal” qəzeti isə bir müddət əvvəlki məqaləsində Putinin 80 yaşına qədər prezident olmağı planlaşdırdığını yazıb. Nəşrin iddiasına görə, iyulun 1-də baş tutacaq referendumla konstitusiyaya düzəlişlər qüvvəyə minərsə, o zaman 67 yaşlı prezident iki dəfə də altı illik müddətinə bu kürsüdə otura biləcək.

"Navalnının 2024-cü ilə qədər yaxşı kampaniya aparıb seçkilərdə namizəd olub, Putinə və yaxud da onun tərəfdarlarından kiməsə ciddi müqavimət göstərmək üçün yetərincə şansı var”

Natiq Cəfərli:

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət”ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli hesab edir ki, bu gün Rusiya müxalifəti yekdil deyil və bu da əsas problemlərdən biri kimi önə çıxır: "Belə ki, müxtəlif ideoloji platformalar, müxtəlif məqsədə və keçmişə malik olan müxalif çevrələr var. Hətta xaricdə yaşayan müxalifət liderləri və yaxud özlərini müxalifət lideri kimi elan edən, Xodorkovski və Kasparov kimi insanlar da var. Navalnı isə öz növbəsində, onlarla normal münasibətlərin saxlanılmasında maraqlı deyil. Çünki Navalnı kifayət qədər ağıllı insandır və o, anlayır ki, Rusiya kimi şovinist bir ölkədə digər millətlərdən olan müxalifət liderlərinin xalqı birləşdirmək imkanı yoxdur. Bunu açıq şəkildə deməsələr də, Rusiya cəmiyyətində şovinizm həmişə olub. Ona görə də digər millətlərdən olan şəxsin müxalifət lideri kimi təqdim olunması, əksinə cəmiyyətin Putinə meylini artırır. Məhz bu səbəbdən də Rusiyada yekdil müxalifət yoxdur. Sadəcə, müxalif qruplar, müxtəlif insanlar var”.

Aleksey Navalnının əsas gücü gənclərdən aldığını vurğulayan politoloq bildirdi ki, hazırda Rusiyada yeni bir nəsil, orta sinif formalaşıb və onlar kifayət qədər aktivdirlər: "Onu da qeyd edim ki, Navalnı hər ay aşkar şəkildə təqribən, 120-130 milyon rubla yaxın vəsait toplaya bilir. O, topladığı vəsaiti araşdırmalarında istifadə edir və kifayət qədər keyfiyyətli mövqe ortaya qoya bilir. Bu, öz-özlüyündə Rusiyada vəziyyətin daha fərqli olduğunu göstərir. Yəni insanlar açıq-aşkar şəkildə müxalifətə həm maddi, həm də mənəvi dəstək verə bilirlər. Onların belə bir imkanları var və heç kim bundan çəkinmir. Bu isə özlüyündə Rusiyada yeni konfiqurasiya yaradıb, yeni nəsil formalaşıb. Eyni zamanda, Navalnının Rusiya cəmiyyətində kifayət qədər populyar olduğu görünür. Əslində, onun son vaxtlar daha da aktivləşməsinin əsas səbəbi referendumla bağlıdır. Bildiyiniz kimi, iyulun 1-də Rusiya konstutisiyasına dəyişikliklər və əlavələrlə bağlı referendum keçiriləcək. Konstitusiya dəyişikliklərinin bir çoxu pozitiv olsa da, yəni Rusiya müxalifəti, o cümlədən Navalnının özü tərəfindən dəstəklənsə də, orada ən mübahisəli məsələ dövlət şurasının yaradılmasıdır. Navalnı və onun tərəfdarlarının düşüncəsinə görə, konstitusiyaya dəyişikliklər etməklə yeni bir qurum formalaşdırılmağa çalışılır. Həmin orqan isə həm prezident, həm hökumət, həm də dövlət dumasından daha üstün mövqeyə malik olacaq. Və gələcəkdə Putin prezident olmasa da, həmin orqanın başına keçib bütün dövlətin nəzarətini öz əlində saxlamağa çalışacaq. Yəni son zamanlar Rusiyada baş verənlərin başlıca səbəbi referendumla bağlıdır. Hələ ki, orda seçki görünmür. Belə ki, növbəti prezident seçkiləri 2024-cü ildə baş tutmalıdır. Buna qədər kifayət qədər vaxt var”.

REAL-ın icra katibinin fikrincə, həm dünyada, həm də Rusiyanın özündə iqtisadi vəziyyətin getdikcə ağırlaşdığını nəzərə alsaq, Navalnının 2024-cü ilə qədər yaxşı kampaniya aparıb seçkilərdə namizəd olub, Putinə və yaxud da onun tərəfdarlarından kiməsə ciddi müqavimət göstərmək üçün yetərincə şansı var: "Böyük ehtimalla, Putin 2024-cü ildə prezidentliyə namizəd olmayacaq. Yeni strukturun yaranması da məh buna xidmət edir. Çox güman ki, yeni bir konstitusion orqan – dövlət şurası yaradılacaq və Putin onun başına keçərək prezidenti, hökuməti və dumanı formal qurumlara çevirməyə çalışır. Yəni o, bütün nəzarəti öz əlində cəmləşdirməyi planlaşdırır. Bir qədər öncə qeyd etdiyim kimi, konstitusiya dəyişikliklərinin pozitiv tərəfləri də var. Məsələn, parlamentin, bölgələrdə seçkili orqanların rolu artırılır, hökumətin parlament tərəfindən təsdiq olunması məsələsi gəlir. Belə ki, əvvəl hökuməti ancaq prezident təyin edirdi. Konstitusiya dəyişikliklərindən sonra isə hökumət üzvlərini parlament təsdiqləməlidir. Hətta parlament hökumət üzvlərini təyin edə bilər. Lakin əsas məsələ, yəni bütün bu dəyişikliklərin məğzi məhz yeni orqanın yaradılmasıdır ki, Navalnı və onun tərəfdarları buna qarşıdır. Çox güman ki, iyulun 1-nə təyin olunmuş referendum əleyhinə gedən kampaniyada Navalnı və tərəfdarları məhz bu məsələyə fokslanacaqlar. İqtisadi amilləri də nəzərə alsaq, 2024-cü ildə Navalnı və tərəfdarları kifayət qədər ciddi qüvvəyə çevrilə bilərlər”.

"Rusiyada baş verənləri müşahidə edəndə belə qənaət yaranır ki, Putinin avtoritar rejimi yıxıldıqdan sonra onun hakimiyyətində təmsil olunmuş şəxslər və oliqarxlardan intiqam alınması istəkləri artaraq cəmiyyətin əsas istəklərindən birinə çevrilir”

Rusiyada baş verən prosesləri diqqətlə izləməliyik” - XAQANİ ...

Məsələ ilə bağlı mövqeyini bölüşən digər politoloq Xaqani Cəfərli isə bu qənaətdədir ki, Rusiya müxalifəti intiqam almaq istəyir. Belə ki, Putinin avtoritar rejiminə qarşı Rusiya cəmiyyətində etirazların hər ötən gün artdığını deyən politoloq qeyd edib ki, Putinin istefası tələbləri səslənməklə yanaşı, Milli Qurtuluş hökumətinin yaradılması təklifləri də eşidilir: "Putin rejiminin devrilməsi zaman məsələsi kimi görünür və müxalifət cəmiyyəti müəyyən ideyalar, dəyərlər ətrafında birləşdirməyə çalışır. Rusiya müxalifətinin liderləri Aleksey Navalnı cəmiyyətin ədalət ideyası ətrafında birləşməsini təklif edir. Rusiyada ictimai fikri formalaşdıran əsas şəxslərdən biri olan politoloq Valeri Solovey cəmiyyətin ətrafında birləşə biləcək ideya kimi ədalət və azadlıq dəyərlərini önə çəkir. Solçu qüvvələrin Putinin avtoritar rejiminə müxalif kəsiminin bəzi önəmli təmsilçiləri isə ədalət, azadlıqla yanaşı, intiqam şüarını cəmiyyəti birləşdirə biləcək şüar olaraq görürlər”.

Xaqani Cəfərlinin sözlərinə görə, liberallar intiqam şüarının səsləndirilməsindən yayınmağa çalışsalar da, Rusiya müxalifətinin sıralarında intiqamın zəruriliyi haqqında çıxışlar səngimək bilmir: "Solçu qüvvələrin sıralarında parlamaqda olan Aleksandr Bobılev, Mixail Delyaqin kimi isimlər intiqam alınmasının zəruriliyi haqqında fikirlər səsləndirməklə ictimai rəyi bu istiqamətdə formalaşdırmağa çalışırlar. Rusiya müxalifətinin solçu kəsimi ilə yanaşı, sağçı qüvvələrin sıralarında da intiqamın zəruriliyi haqqında fikirlər səslənir. Mühacirətdə olan müxalifətçi Vyaçeslav Maltsev Putin rejiminin təmsilçilərinə qarşı ən kəskin baxışları ilə seçilən şəxslərdəndir. Rusiyada baş verənləri müşahidə edəndə belə qənaət yaranır ki, Putinin avtoritar rejimi yıxıldıqdan sonra onun hakimiyyətində təmsil olunmuş şəxslər və oliqarxlardan intiqam alınması istəkləri artaraq cəmiyyətin əsas istəklərindən birinə çevrilir”.



Oxşar Xəbərlər

Xəbər lenti