Lider etimadı necə doğrultdu…

Bu gün bir sıra ölkələrdə və regionlarda xaos, qarşıdurma, böhran hökm sürür. Təbii ki,  bu kimi mürəkkəb şəraitlər xalqın həyatına, dövlətin fəaliyyətinə ciddi təsir göstərir. Amma müsbət nümunələr də var. Cənubi Qafqazın lideri doğma Azərbaycanımız. Müstəqilliyini elan edəndən, eləcə də son zamanlarda baş verən proseslərdən sonra Azərbaycan dünyaya sübut etdi ki, hər cür mürəkkəb situasiyadan çıxmağa, öz inkişafını davam etdirməyə, istənilən şəraitdə xalqının təhlükəsizliyini təmin etməyə qadirdir. Əlbəttə ki,  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə, onun qətiyyəti, güclü siyasi iradəsi, xalqının və dövlətinin maraqlarını əzm və cəsarətlə müdafiə etməsi nəticəsində Azərbaycan qısa müddət ərzində böyük inkişaf yolu keçib, bütün sahələrdə tarixdə böyük izlər qoyan nailiyyətlər əldə edib.
Danılmaz həqiqətdir ki, Azərbaycan xalqının dövlətçilik tarixinin ən parlaq səhifələri Ümummilli liderimiz Heydər Əliyev şəxsiyyəti ilə əlaqədardır. Onun zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycan xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ümummilli Liderin layiqli davamçısı olan cənab İlham Əliyev Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq zirvələr fəth etməsinə müvəffəq olub.

Azərbaycanın güclü və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanmasını, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərə çatmasını, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsidir. Qətiyyətli lider-müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi : “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi  bizim uğurlarımızın əsas şərtidir.” 
11 aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələri də bu reallığı təsdiqlədi, xalq öz liderinə növbəti dəfə inam və etimad göstərdi. Dövlət başçısı həmin seçkilərdən sonra qeyd etdi ki, “Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”. Və cənab İlham Əliyev Azərbaycanı güclü və qüdrətli dövlətə çevirdi. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir.
Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin  artırılması və digər mühüm addımlar ölkəmizin uzunmüddətli inkişafını təmin edir. Belə ki, əhalinin məşğulluq səviyyəsi, iqtisadiyyatın rəqabətliliyi artıb, insanların rifahı daha da yaxşılaşıb, müxtəlif sahələrdə inkişaf dinamikası sürətlənib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub. İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb olunmasına nail olmaq xüsusi yer tutur. Onun “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı əsasında aparılan yeni bölgü və vahid proqram əsasında görüləcək işlər azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə imkan verəcək. Məsələn, Qarabağ iqtisadi rayonunda Şuşa şəhəri var. Şuşa xüsusən fasiləsiz turizm xidmətləri baxımından Cənubi Qafqazda seçilən şəhərlərdən biridir. Şuşa həm yay, qış, dini, mədəni, həm də müalicəvi turizm xidmətləri təklif etmək imkanında olan azsaylı şəhərlərdəndir. Bu şəhər ərazicə böyük olmasa da, amma şaxələnmiş turizm xidmətləri var.
Həm aqrar, həm də sənayenin inkişafı imkanlarına malik olan Ağdamda sənaye parkının təməlqoyma mərasimi oldu. Aqrar sektorda imkanlar kifayət qədər böyükdür. Ağdamda bütövlükdə torpaqların 95 faizindən çoxu əkinçilik üçün faydalı, məhsuldar torpaqlardır. Füzuli rayonunun da aqrar, turizm, sənaye sektorlarında potensialı var. Qarabağ iqtisadi rayonuna daxil olan digər rayonlarımızın da oxşar imkanları mövcuddur. Onların iqtisadi rayon çərçivəsində cəmləşməsi həmin potensialdan istifadə imkanları deməkdir.
Heç şübhəsiz ki, tariximizin və müstəqillik dövrümüzün ən əlamətdar, zirvə hadisəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna hadisədir. Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Xüsusi vurğulamaq istəyirəm ki, bu qələbənin əldə olunmasında dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı sözün əsl mənasında vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü.
İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması tarixi qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının inşası, “ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir. Bu kontekstdə Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə  Azərbaycanın Naxçıvan Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır.
Əminliklə söyləmək olar ki, Azərbaycan bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!

Validə Həsənova 
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}