Dayanıqlı inkişaf və sabitlik

Prezident İlham Əliyev 11 iyul 2023-cü ildə bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edərək bir sıra mühüm məsələlərə toxundu və bəzi məqamlara aydınlıq gətirdi.
Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bir daha sübut edir ki, davamlı inkişaf yolu ilə irəliləyən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə artmaqdadır. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir.
Cari ilin 6 ayının sosial iqtisadi inkişafının yekunları bir daha təsdiq etdi ki, Azərbaycan tam müstəqil siyasi xətt tutaraq daim inkişafa doğru irəliləyir. Dünyada baş verən gərgin geosiyasi proseslərə və bunun nəticəsində meydana çıxan böhrana baxmayaraq, Azərbaycanın davamlı inkişaf strategiyası uğurla həyata keçirilir. Ötən 6 ayda qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun isə 3 faizdən çox artması real iqtisadiyyatın yüksələn xətlə inkişafının göstəricisidir. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək. Cənab prezidentin qeyd etdiyi kimi, bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi.
Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.
O ki, qaldı ölkəmizin hərbi gücünə, sözsüz ki, bu, müzakirəolunmaz mövzudur. Çünki beynəlxalq aləm 44 günlük Vətən müharibəsində buna şahid oldu. Müharibədən sonra da Azərbaycan öz hərbi potensialına diqqəti artırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib. Çevik və sürətli manevrə malik Komando hərbi hissələri yaradılıb. Bütün bu tədbirlər ancaq müdafiə məqsədilə edilir. Bildiyimiz kimi, dünyada son dərəcə mürəkkəb proseslər gedir, beynəlxalq hüququn prinsiplərinə hörmət olunmur. Biz bunu həm də 30 illik işğal dövründə yaşamışıq. Odur ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatı üçün ordumuz daha da güclü olmalıdır və bu belədir.
Prezident bir daha qeyd etdi ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Ancaq qarşı tərəf də buna əməl etməlidir. Sözdə ifadə etdiyi prinsipləri kağız üzərində də təsdiq etməlidir.
Ölkə başçısı həmçinin beynəlxalq yükdaşımaları məsələsinə də toxundu. Azərbaycanın əlverişli coğrafi vəziyyəti bizim üçün əlavə imkanlar yaradır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir.
Cənab prezident ekoloji vəziyyətə dair də fikirlər səsləndirdi. Torpaqlarımızın bir hissəsi işğal altında olarkən Ermənistanın əməlləri nəticəsində Qarabağ və Şərqi Zəngəzurun ekoloji fəlakətlə üz-üzə olduğunu söylədi. Ancaq hazırda bu problem aradan qaldırılmışdır.

Bu yaxınlarda xaricdəki bir qrup təxribatçının və onların daxildəki bəzi əlaltıları vasitəsilə ölkəmizin Gədəbəy rayonunda əhali ilə polisi qarşı-qarşıya qoyaraq xaos yaratmaq cəhdləri Azərbaycan polisinin sayıqlığı nəticəsində aradan qaldırılmış, təxribatçılar məsuliyyətə cəlb edilmişdir.  Prezident əminliklə qeyd etdi ki, sabitliyi pozmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaqdır. Azərbaycanda xaos dövrü 1993-cü ildə başa çatıb.
Bütün bunlar bir daha sübut edir ki, Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xətt və iqtisadi proqramlar Azərbaycanın dayanıqlı inkişafını və sabitliyini təmin edib.
Hacıbala Abdullayev

Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti