AMERİKANIN DAŞ YUXULARI:İranla 1955-ci ilin dostluq müqaviləsini ABŞ niyə indi ləğv edir? - TƏHLİL

AMERİKANIN DAŞ YUXULARI:İranla 1955-ci ilin dostluq müqaviləsini ABŞ niyə indi ləğv edir? - TƏHLİL

 

"Əl-Monitor”

 

ABŞ səlahiyyətliləri İslam Respublikası ilə yeni nüvə razılaşması və müqaviləyə nail olmaq istədiklərini iddia edərkən, İranın şah rejimi ilə imzalanmış köhnə müqaviləni ləğv edirlər.

Oktyabrın 3-də dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların "ləğvi 39 il gecikmiş” adlandırdığı İranla dostluq müqaviləsini xətm edəcəyini açıqlayıb.

Rəsmi olaraq 1955-ci ildə Tehranda imzalanmış ABŞ və İran arasında dostluq, iqtisadi əlaqələr və konsul hüquqları barədə sazişin altında prezident Duayt Eyzenhauer və 1979-cu ilədək ölkəni idarə edən Məhəmməd Rza şahın adları durur.

İslam Respublikası və ABŞ 1979-cu il İslam İnqilabından sonra, 1980-ci ildə Tehranda 52 amerikalı diplomatın 444 gün girov götürülməsi böhranının ardınca rəsmi əlaqələri kəsib. Amma 1955-ci il müqaviləsi Birləşmiş Millətlər Təşkilatının ən yüksək məhkəməsi – Beynəlxalq Arbitraj Məhkəməsində (ICJ) mübahisələri həll etmək üçün istifadə oluna bilər. Girov böhranında və 1988-ci ildə döyüş gəmisindən Fars körfəzində İranın mülki təyyarəsi vurulduqda, ABŞ həmin müqavilədən istifadə edib.

Birləşmiş Ştatların həmin müqaviləni ləğv etmək qərarı Ağ Evin İranla nüvə razılaşmasından (JCPOA) çıxmasından sonra bu ölkəyə qarşı tətbiq olunan sanksiyalarla əlaqədar ICJ-nin İranın lehinə qərar verməsinin ardınca ortaya çıxıb. ICJ ABŞ-ın qida və tibb ləvazimatlar kimi humanitar mallara, eləcə də mülki təyyarə üçün ehtiyat hissələrinə dair sanksiyaların qaldırılması barədə hökm verib.

İran, əlbəttə, ICJ-nin qərarını qələbə olaraq bayram edib. Ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif "tweet” atıb: "BMT-nin ali məhkəməsi bildirib ki, ABŞ JCPOA-dan çıxarkən, İran xalqı əleyhinə sanksiyaları yenidən tətbiq etməklə, pozulan öhdəliklərə riayət etməlidir. Bu, sanksiyaların məğlubiyyəti və qanunun aliliyinin zəfəridir. Məhkəminin imperativi beynəlxalq birliyə ABŞ-ın birtərəfli qadağalarına qarşı kollektiv müdafiə hüququ verir”.

Müqavilənin sona çatdığını elan edən Pompeo İranın ICJ-dəki davranışını "ləyaqətsiz” adlandırıb, rəsmi Tehranı "ICJ-dən siyasi və təbliğat məqsədləri üçün  sui-istifadə etmək”də təqsirləndirib və əlavə edib: "İran, milli təhlükəsizliyimizi qorumaq naminə zəruri olan qanuni hərəkətlər etmək üçün ABŞ-ın suveren hüquqlarına müdaxilə etməyə çalışır”.

Müqavilənin şərtlərinə görə, hərəkətlərin dayandırılması üçün bir il vaxt gərəkdir.

Dostluq müqaviləsinin ləğv olunduğunu bəyan edən Pompeo, eyni zamanda, İranı Birləşmiş Ştatlarla yeni müqaviləyə dəvət edib. İranın xarici işlər naziri bunu belə cavablandırıb: "ABŞ BMT-nin 2231 saylı qətnaməsində təsbit olunan çoxtərəfli sazişi – JCPOA-nu ləğv edib və İranla ikitərəfli razılaşma imzalamaq niyyətindədir. BMT məhkəməsinin qərarından sonra ABŞ bu gün İran xalqı əleyhinə sanksiya vermək hüququndan məhrum olub. Sanksiya rejimi qanunsuzdur”.

Mübahisələrin həlli mexanizmləri nəzərə alınmırsa, deməli, İran-ABŞ gərginliyində zəifləmə əlaməti görünmür.

"Azadi” stadionunda çıxış edən İranın Ali Rəhbəri Ayətullah Əli Xamnəi ABŞ prezidenti Donald Trampın İran hökumətinin tezliklə çökəcəyinə dair iddiasına toxunub. "Bu yuxular 40 il əvvəli xatırladır. O zaman da amerikalılar və onların yerli nökərləri deyirdi ki, İslam hökuməti altı aya dağılacaq”.

Xamnəi 100 minlik "Bəsic” izdihamına bildirib: "İslam Respublikasının 40 ildir ömür sürür”.

İran lideri Amerikanın ən son çarəsinin sanksiyalar olduğunu deyib, amma onun "daha bir şapalaq yeyəcəyi”ni iddia edib.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti