İranla nüvə sazişi Boltonun mədəsinə niyə enmir? –Ekspert: "Tehran ipə-sapa yatan ölkə deyil" - TƏHLİL

İranla nüvə sazişi Boltonun mədəsinə niyə enmir?

 

Əli Yunes

"Əl-Cəzirə”

 

Donald Tramp administrasiyası və onun müttəfiqləri davamlı səylərlə, İrana dair nüvə razılaşmasını ləğv etmək və ya onu yenidən müzakirə etmək üçün Fransanı öz səflərinə keçirməyə müvəffəq olub. Emmanuel Makron Birləşmiş Ştatlara səfər zamanı Trampla "açıq müzakirələrdən” sonra "İranla yeni bir müqavilə üzərində işləməyə” ümid etdiyini bildirib.

ABŞ prezidenti 2015-ci ildə Tehran və ABŞ, Fransa, Rusiya, Almaniya, Çin, Böyük Britaniya, habelə Avropa İttifaqı arasında imzalanmış tarixi paktın qatı tənqidçisidir.

İran prezidenti Həsən Ruhani bununla bağlı deyib: "Siz [Tramp] hansısa Avropa ölkəsinin lideri ilə birlikdə yeddi tərəf arasında əldə edilmiş razılığı pozmaq istəyirsiniz, bunu etməyə sizə kim icazə verib?”

İranlı ekspertlər əsas məsələnin Tehranın nüvə proqramı olmadığını iddia edirlər. Onların fikrincə, 1979-cu il inqilabından bəri İranın regional rəqibləri Tehranı şər qüvvə kimi təsvir edirlər.

Tehran Universitetinin professoru Məhəmməd Mərəndinin sözlərinə görə, İrana qarşı İsrail və Qərbin düşmənçiliyinin köklü səbəbləri regionda Qərb hegemoniyası əleyhdarlığı və Fələstin xalqına dəstəkdir. "1979-cu il inqilabından sonra İranın xarici siyasətinin əsas məqsədləri, Cənubi Afrikadakı kimi, aparteidlərə qarşı olmaq və Fələstin xalqı ilə həmrəylikdir”.

 

İran əleyhinə cəhbə

 

Tramp yaxın zamanda Con Boltonu milli təhlükəsizlik məsləhətçisi təyin edərkən, Vaşinqtonda İrana qarşı daha çox "döyüş sursatı” əldə edib.

Bolton Corc – Buşun dövründə BMT-dəki sabiq ABŞ səfiri 2015-ci ildə Barak Obama rəhbərliyi tərəfindən imzalanmış müqavilənin başlıca əleyhdarıdır. 2015-ci ildə "The New York Times”-da Bolton, ABŞ-ın və ya İsrailin İranın nüvə reaktorlarını bombalanması ideyasını irəli sürüb.

"İranın nüvə obyektlərinə hücum İranın bütün nüvə infrastrukturunu məhv etməyi nəzərdə tutmur, amma nüvə yanacağı ilə əlaqədar o, nüvə proqramını üç ildən beş ilədək təxirə sala bilər. ABŞ-ın köməyi olmadan belə, İsrail təkbaşına zəruri olan şeyləri edə bilər”.

Seçki kampaniyası zamanı Tramp İranla nüvə razılaşmasını proqramının mərkəzi məsələsi edib, tərəfdarlarına və müttəfiqlərinə sazişi "sökəcəyi” vədi verib.

Eyni şəkildə, Amerikadakı İsrail lobbisi AİPAC mart ayında Vaşinqtonda keçirilmiş konfransında müqaviləni tənqid edərək, Tramp administrasiyasını daha güclü yanaşma qəbul etməyə çağırıb.

Rəsmi olaraq "Joint Joint Plan of Action” (JCPOA) – "Ümumi məqbul Hərəkət Planı” kimi tanınan saziş nüvə silahı yaratmayacağına dair razılıq əvəzinə, İrana qarşı sanksiyaları ləğv edib.

Vaşinqtondakı İran analitiki Fatimə Aman deyir ki, Tehran "bir və ya üç atom bombası hazırlamaq qərarına gəlsəydi, ABŞ və müttəfiqləri ilə razılaşma imzalamadan əvvəl zənginləşdirilmiş uranın miqdarına əsaslanaraq bunu iki, yaxud üç ayda edə bilərdi”.

"Ancaq müqaviləni imzaladıqdan və yüksək zənginləşdirilmiş uranı Rusiyaya göndərdikdən sonra atom bombası istehsalından çox uzaqdır, – o əlavə edib. – Bu, İranın nüvə proqramını 10-15 ilədək geriyə salıb”.

Aman qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAGATE) dəfələrlə İranın 2015-ci il sazişinə əməl etməsinə sübut gətirib; üstəlik, ölkə Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin (NPT) üzvüdür və nüvə silahının yayılmasına dair ciddi tədbirlər nəzərdə tutan Əlavə Protokolları imzalayıb.

Bununla yanaşı, İsrail, Hindistan, Pakistan və Şimali Koreya kimi nüvə gücləri nə NPT, nə də Əlavə Protokollara imza atıb.

 

İranın seçənəkləri

 

Atlantik Şurasında "İran Gələcəyi”nin direktoru Barbara Slavin xəbərdarlıq edib ki, ABŞ-ın razılaşmadan uzaqlaşdığı təqdirdə, bütün tərəflər üçün ağır nəticələr olacaq.

Onun sözlərinə görə, İran özü avropalılar, ruslar və çinlilərlə birgə müqavilədə qalmanın bir hissəsi ola bilər. "Əgər digər tərəflər İranı razılaşmada qalmağı təşviq etsələr, bu sazişi pozmayacaq. İran bundan sonra ABŞ-ı təcrid etmək üçün bütün təcrübəni istifadə edəcək və beynəlxalq birliyə ABŞ-ın öhdəliklərini yerini yetirmədiyini bildirəcək. Bu, ağıllı seçim olardı”.

Slavin deyir ki, "digər tərəfdən, İran razılaşmadan uzaqlaşarsa, nüvə proqramının elementlərini canlandıra bilər, amma kiçik bir səviyyədə, təpkinin necə olacağını test etmək üçün… Bu halda, İran deyəcək ki, müqaviləni pozan ABŞ-dır”.

 

Niyə Pakistan və İsrail deyil, məhz İran?

 

Regional analitiklər bildirir ki, ABŞ və Yaxın Şərqdəki müttəfiqləri İranın nüvə ambisiyalarının dayandırılmasını tələb edir, eyni zamanda, nüvə silahı olan Pakistan haqqında nə isə söyləməkdən çəkinirlər.

Slavin bildirib ki, Tehrandan fərqli olaraq, İslamabad ABŞ, İsrail və ya Körfəzi ölkələri ilə qarşılıqlı münasibətlərə malik deyil. "İran Yaxın Şərqdə çox mübahisəli rol oynayır, Suriya, İraq və Yəmən, yəqin ki, Əfqanıstandakı münaqişələrində iştirak edir, – deyə Slavin vurğulayıb. – O, ipə-sapa yatan ölkə deyil”.

İsrailin baş naziri Binyamin Netanyahu İranın ən gursəsli regional rəqibidir. O, ABŞ hökumətini Tehrana qarşı daha sərt sanksiyalar tətbiq etməyə təşviq edir və tez-tez nüvə hazırlığı görən İranı İsrail üçün mövcud təhlükə adlandırır.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri – İrana qarşı ittiham irəli sürməklə, İsraillə birləşən iki ərəb dövləti də nüvə proqramına son verməzsə, ABŞ-ı Tehrana qarşı mümkün tədbirlər görməyə sövq edir.

Slavin deyir: "Son illərdə Səudiyyə Ərəbistanı İranın [İsraildən] daha təhlükəli bir rəqib olub və Donald Tramp çox böyük təsir göstərir”.

Bu arada, Netanyahu Körfəz tərəfdaşları ilə İranın bölgənin yüksələn gücünə zərbə vurma cəhdləri üçün bir araya gəlib.

Söhbət İsrailin İran və onun nüvə proqramı ilə bağlı qorxusuna gəldikdə, Yaxın Şərq İnstitutunun baş analitiki Aleks Vatanka bu sualı verir: "Niyə İranın nüvə proqramı İsraillə əlaqələndirilməlidir?”

Vatanka İsraildə – Netanyahu və Səudiyyə Ərəbistanı Krallığında – İranı nasist Almaniyası və İran liderlərini Adolf Hitlerə bənzədən şahzadə Məhəmməd bin Salman kimi liderlərin "İran təhdidi” nəzəriyyəsini rədd edir.

"Bu, doğru deyil və şişirtmədir. Ancaq İran liderlərinin ifadələri və ritorikası ilə təhdid ediləcəyini düşünmək üçün İsrail kimi kiçik bir ölkə olmaq gərəkdir”.

Vatanka, həmçinin İranın dini lideri Ayətullah Xamnəini İsrailin şübhələrinə bəhanə verməkdə günahlandırıb.

O, bölgədə müvəffəqiyyətli və qüdrətli bir ölkə olması üçün İranın İsrailə qarşı hiddətinin lazımsız olduğunu vurğulayıb və Tehranın regional vəkillərinə maddi dəstəklə təmin etmək əvəzinə, İran xalqı qarşısında qanuni olduğunu isbatlamasının zəruri olması fikrini müdafiə edib.

İranlı mütəxəssislər isə, İranın regional vəkillərinə dəstək verməsinin gələcək döyüş xətlərini İran sərhədlərindən uzaq tutmaq üçün yumşaq və ağıllı gücün birləşdirilməsi olduğunu iddia edirlər.

Tehran Universitetinin professoru Mərəndi Bolton və Tramp administrasiyası kimi "ekstremistlər”in siyasətinin Obama rəhbərliyindən fərqli olmadığını vurğulayıb. "Onlar təkcə taktikada fərqlənirlər, amma faktiki olaraq İran ABŞ-ın nüfuz dairəsində olmadığından Tehranı şər qüvvə kimi qələmə verirlər”.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti