8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İqtidar seçkiyə yeni imkanların əldə edilməsi vasitəsi kimi baxır
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi ilə bağlı "Yeni Sözçü” qəzeti hakimiyyətdəki mənbədən aldığı məlumata əsasən hələ bir neçə ay öncə xəbər vermişdi. O zaman hətta seçkinin 2018-ci il ərzində həyata keçiriləcəyinin gözləndiyini də yazmışdıq. İl başa çatmaq üzrədir və hələlik parlament seçkiləri ilə bağlı rəsmi məlumat yoxdur. Ancaq bu o demək deyil ki, növbədənkənar parlament seçkiləri gündəmdən çıxıb. Əksinə, baş verənlər onu göstərir ki, növbədənkənar parlament seçkilərinə hazırlıq tam gücü ilə gedir. Ekspertlər Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinə Eldar Əzizovun, Şamaxı rayon İcra hakimiyyətinin başına isə Tahir Məmmədovun gətirilməsini hakimiyyətin növbədənkənar parlament seçkilərinə hazırlığı kimi qiymətləndirirlər. Ekspertlərə görə, bu kimi kadr təyinatları yaxın iki ayda da davam edəcək və bu proses başa çatdıqdan sonra parlament seçkilərinə də start veriləcək.
Ekspertlərin bir qismi növbədənkənar parlament seçkilərini iqtidardaxili qüvvələr nisbətinin dəyişməsi, digər bir qismi isə 2025-ci ildə prezident seçkisi ilə parlament seçkisinin üst-üstə düşəcəyinə görə indi Milli Məclisə seçkilərin önə çəkilməsinin vacibliyini qeyd edirlər.
Məsələ ondan ibarətdir ki, əgər seçki öz vaxtında, yəni 2020-ci ildə baş tutarsa, ondan sonrakı seçkilər 2025-ci ilə təsadüf edəcək. 2025-ci il Azərbaycanda növbəti prezident seçkisi ilidir. İki seçkinin üst-üstə düşməsi əlavə problemlər yarada bilər.Buna görə bəzi ekspertlər növbədənkənar parlament seçkilərinin məhz bu səbəbdən vaxtından əvvəl keçiriləcəyini qeyd edirlər.
Bəzi ekspertlərə görə, ölkə xaricində baş verən bir sıra proseslər ölkəmizdə növbədənkənar parlament seçkilərini zərurətə çevirir. Buraya əsasən Ermənistanda baş verən proseslər, regionda qüvvələr nisbətinin Rusiyanın əleyhinə olaraq dəyişməsi aid edilir. Ekspertlərə görə Ermənistanda baş verən proseslər Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqları İrəvanın xeyrinə dəyişib. Ermənistanın parlament üsul-idarəçiliyinə keçməsi, danışıqların prosesinin artıq bir nəfərin deyil, kollegial orqanın mövqeyindən asılı olması İrəvanın danışıqlar prosesində mövqeyini gücləndirib. Eyni zamanda son zamanlar Ermənistanın Qərblə münasibətləri də dərinləşib və Rusiya indi İrəvanın nazı ilə daha çox oynamaq məcburiyyətində qalıb. Hazırda Ermənistan Rusiyadan SU-30CM tipli qırıcı təyyarələr alınması ilə bağlı danışıqları başa çatdırmaq üzrədir. Həm də bu SU-30CM tipli qırıcı təyyarələri Ermənistan Rusiyanın verəcəyi 100 milyon dollar kredit hesabına alacaq. Yəni, faktiki olaraq Rusiya yenə Ermənistanı pulsuz olaraq silahlandırmaqda davam edəcək. Diplomatik sahədə də Ermənistanın daha irəli çıxdığı aydın görünür. Belə bir vəziyyətin dəyişməsi üçün Azərbaycanda da bəzi məsələlərin dəyişməsi lazım gəlir. Ekspertlər hesab edir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi Bakının əlavə vaxt qazanmasına, sonra isə vəziyyəti öz xeyrinə dəyişməsinə səbəb ola bilər. Xüsusilə də, əgər parlamentdə müxalifətin mövqeyi güclənərsə, bunun təsirləri xarici siyasətdə də hiss olunacaq.
Əlbəttə, parlamentdə mövqeləri gücləndiriləcək müxalifət dedikdə hakimiyyət radikal müxalifət hesab etdiyi qüvvəni nəzərdə tutmur. Əskinə, hakimiyyətdə hesab edirlər ki parlamentdə iqtidara ciddi təhlükə mənbəyi olmayan qüvvədən ibarət sistemdaxili müxalifətin formalaşdırılması radikal müxalifətin cəmiyyətdəki mövqelərini zəiflədəcək.
Belə demək olarsa, növbədənkənar parlament seçkilərinin keçirilməsində maraqlı olan qüvvə bir güllə ilə üç dovşan vura bilər. Növbədənkənar parlament seçkiləri rəsmi Bakının beynəlxalq aləmdə mövqelərini gücləndirə, ölkədə radikal müxalifətin mövqelərini zəiflədə və iqtidar daxili transformasiyanı başa çatdıra bilər.
Bütün bunlara görə, növbədənkənar parlament seçkiləri artıq zərurətə çevrilib. Hal-hazırda müxalifətin pərakəndə və zəif olması da növbədənkənar parlament seçkiləri üçün ən münasib vaxt hesab oluna bilər. İstisna deyil ki, regionda və dünyada baş verən proseslər yaxın bir ildə müxalifətin güclənməsinə səbəb olacaq. Bu isə iqtidara öz planını həyata keçirməyə mane ola bilər.
Növbədənkənar parlament seçkilərini zəruri edən məqamlardan danışanda iqtisadi faktoru gözardı etmək olmaz. Belə görünür ki, neft yenidən ucuzlaşır. Ən azından ABŞ bahalı neftlə barışmaq istəmir. Vaşinqton hətta neft istehsal edən ölkələrin əksəriyyətinin birləşdiyi OPEK təşkilatına daxil olan ölkələri sanksiayalarla da hədələyib. Son olaraq isə OPEK-dən qopmalar başlayıb. Qətərin 2019-cu ildə təşkilatı tərk edəcəyini artıq rəsmən açıqlayıb. Eksperlər hesab edir ki, OPEK-dən qopmalar davam edəcək.Proseslər dünya neft bazırında OPEK-in rolunu azaldacaq. Bu isə paralel olaraq qiymətlərin daha da ucuzlaşmasına səbəb olacaq. Azərbaycan iqtisadiyyatının önəmli şəkildə neft qiymətlərindən asılı olduğunu nəzərə alanda, neftin ucuzlaşmasının ölkədə sosial-iqtisadi vəziyyəti gərginləşdirəcəyi gözlənilir. Belə bir şəraitdə isə parlament seçkiləri siyasi böhrana da səbəb ola bilər. Ona görə də hakimiyyətin çox yaxın vaxtda növbədənkənar parlament seçkilərinə start verəcəyi ehtimalı çox yüksəkdir.
A.Nəbiyev,
"Yeni Sözçü” qəzeti