Bir qrup müəllimə Təhsil Nazirliyinin önünə toplaşaraq, etiraz ediblər.

 

Bir qrup müəllimə Təhsil Nazirliyinin önünə toplaşaraq, etiraz ediblər. 

Məsələ burasındadır ki, Sumqayıt şəhərində pilot layihə kimi 11 nömrəli orta məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün uzun müddət inklüziv təhsil sistemi tətbiq edilib. 

Bu layihə 2005-ci ildə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün yaradılıb. Bu müddət ərzində xüsusi qayğıya ehtiyacı olan uşaqlara təhsil verilib, onlar cəmiyyətə qazandırılıb. Amma bir neçə ay öncə layihə dayandırılıb. 25 müəllimə işsiz qalıb. Etiraza səbəb də elə budur. 

Musavat.com saytının əməkdaşına danışan şikayətçi müəllimələr deyiblər ki, onlara layihənin bağlanması ilə bağlı rəsmi heç bir məlumat verilməyib: "Bu layihə Bakıda və digər bölgələrdə fəaliyyət göstərir. Amma bizdə, yəni Sumqayıtda bu layihə dayanıb. 7 aydır ki, nazirliklə Sumqayıt təhsil şöbəsinin arasında gedib-gəlirik. Bizi işlə təmin edən yox, dəqiq cavab verən yox… Deyirlər ki, guya qanunsuz işləmişik. Bu, necə ola bilər? Bu qədər müəlliməyə maaşlar verilib, işçi götürülüb. Bu səbəbdən gəldik nazirliyə ki, dərdimizə çarə qılsınlar". 

"Layihə ölkəmizə birinci xanım tərəfindən gətirilib. 2005-ci ildə isə prezident İlham Əliyev bu layihəni təsdiq edib və həmin ildən inklüziv layihəyə start verilib. Bu layihə fiziki və əqli cəhətdən məhdudiyyətli uşaqların məhdudiyyətsiz uşaqlarla birgə formalaşması, təhsil alması, cəmiyyətə inteqrasiyası üçündür. Bu zamana qədər "N" qədər uşağa ikinci həyat vermişik. Bəziləri artıq universitet tələbəsi olublar. May ayında dedilər ki, layihə dayanır. Üstəlik bizə deyirlər ki, guya layihə 2009-cu ildə dayandırılıb. Əgər elə idisə, bu qədər müəllimə necə rəsmi maaş alıb? Bu qədər şagird niyə qəbul edilib? Gəlmişik ki, bunları aydınlaşdıraq" – deyə şikayətçi müəllimələr deyiblər. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq. Nazirliyin sözçüsü bildirdi ki, müəllimələrin narazılığı ilə bağlı tədbir görüləcək: "Hər müəllimə ilə fərdi qaydada söhbət edildi. Müvafiq şöbələrimiz onların həmin məktəblərdə və yaxud digər yerlərdə işlə təmin olunması ilə bağlı tədbirlər görəcəklər. Məsələ öz həllini tapacaq". 



Oxşar Xəbərlər

Xəbər lenti