"DEDİYİ SÖZƏ GÖRƏ ƏN ÇOX DEPUTAT CƏZALANDIRILIR" - "Ramiz Mehdiyev hələ yeni gəlib, yəqin ki..."

"DEDİYİ SÖZƏ GÖRƏ ƏN ÇOX DEPUTAT CƏZALANDIRILIR"

 

Nizami Cəfərov: "Elmi struktur elədir ki, orada dərhal ciddi dəyişikliklər etmək olmaz...”

Ölkədə baş verən son dəyişikliklər təkcə siyasi, sosial-iqtisadi müstəvidə deyil, elm, təhsil və digər sahələrin idarə olunmasında da özünü biruzə verməkdədir.

"AzPolitika.info” Milli Məclisin üzvü, akademik Nizami Cəfərovla ölkədə həyata keçirilən kadr islahatları, parlamentin fəaliyyəti, eləcə də AMEA-nın rəhbərliyindəki dəyişikliklər mövzusunda söhbətləşib:

- Nizami müəllim, hazırda ölkənin əsas gündəm mövzusu olan struktur və kadr islahatlarına münasibətiniz necədir? Sizcə, bu islahatları şərtləndirən səbəblər hansılardır və gözləntiləriniz nədən ibarətdir?

- Müxtəlif dövrlərdə dövlət idarəçiliyində islahatlar olmalıdır. Gerçəklik bunu tələb edir. Yeni gələn nəslin idarəçiliyə cəlb olunması məsələsi var. Müəyyən dövr keçəndən sonra sözsüz ki, insanın fəaliyyətində, fiziki qabiliyyətində məhdudiyyətlər əmələ gəlir və bunları nəzərə almaq lazımdır. Amma mənim fikrimcə, bunlar əsas deyil. Əsas odur ki, ölkənin iqtisadi, ictimai, siyasi, mənəvi həyatında yeniləşmə prosesi gedir. İlham Əliyev prezident kimi həm dünyada gedən proseslərə, həm də ölkədəki inkişafa uyğun olaraq kadr siyasəti həyata keçirir. Yəni bunu 1, 2, 3 ilin improvizəsi kimi qiymətləndirmək doğru olmaz. Bunlar əvvəldən müəyyənləşdirilən, inkişafa uyğun olaraq atılan addımlardır.

- Sizcə, yaşlı və təcrübəli şəxslərin nisbətən gənc kadrlarla əvəzlənməsi hansı dvidendlər gətirə bilər və bu proses gözləntiləri doğrultmaya, əks effekt verə bilərmi? 

- Belə fikirlər də səslənir. Amma təkcə bizim dövlətçilik təcrübəmizdə deyil, bütövlükdə dünya dövlətlərinin təcrübəsində də görmüşük ki, kadrlara münasibət, onların idarəçilikdə təmsil olunması hansı prinsiplərə söykənir. Bunlar sadə məsələlər deyil. Burada əsas odur ki, varislik prinsipi qorunur və gözlənilir. Yəni elə olmamalıdır ki, müəyyən kadrlar idarəçilikdən uzaqlaşsın və bunun nəticəsində yeni kadr formalaşa bilməsin. Və ya həddindən artıq təcrübəyə istinad etmək də əslində, təcrübənin yaşlanması deməkdir. Nəzərə alın ki, kadrların idarəçilikdə iştirakının özü bir elmdir. Bu səbəbdən də balans gözlənilir, varislik qorunur. Əgər diqqət etsəniz görərsiniz ki, bizdəki kadr dəyişikliyi zamanı həm gənc, həm orta, həm də yaşlı nəsil arasında əlaqələr və varislik təmin olunur. Yəni bunlardan hər hansı birinə üstünlük verilməsi istər-istəməz varislik prinsipinin qarşısını alır.

- Belə iddialar da var ki, aparılan kadr dəyişikliyi və islahatlar dünyada baş verən proseslərin nəticəsi olaraq Azərbaycan dövlətinin gündəliyinə çıxıb. Sizcə, bu yanaşma doğrudurmu?

- Mən o fikirlə razı deyiləm ki, bu addımlar dünyada mövcud olan hansısa konyukturanın təzyiqi altında atılır. Amma təbii ki, hər bir dövlət və cəmiyyət dünya ilə hesablaşır, təcrid olunan dövlət və ya cəmiyyət yoxdur. Nəzərə almalıyıq ki, bizim gənc kadrların müəyyən hissəsi xaricdə təhsil alır, onlar müasir dünyanı, innovasiyaları mənimsəyir. Təkcə dövlət idarəçiliyində deyil, özəl sektorda da idarəçiliyin adminstrativ, intellektual, müasir texnologiya tərəfləri var. Ona görə də, biz dünyaya bağlıyıq. Amma Azərbaycanın da əsası ümummilli lider tərəfindən qoyulan öz təcrübəsi, həmçinin milli dəyərləri var. Axı dövlət idarəçiliyi həm də mənəviyyat məsələsidir. Sən mənsub olduğun xalqla işləyirsən və onun dəyərlərinə hörmət etməlisən. Bax, bu da var. Yəni burada nə qapalılıq olmamalıdır, nə də həddindən artıq kosmopolitlik. Mən düşünürəm ki, ölkəmizdə həyata keçirilən kadr islahatları zamanı bütün bunlar gözlənilir.

- Bildiyimiz kimi, qısa müddətdə hakimiyyətdə yüksək post tutan bir neçə şəxs istefa verdi. Amma bundan öncə siz onların hamısını qabaqlayaraq, Milli Məclisin komitə sədri vəzifəsindən getdiniz. Yaşınıza görəmi belə addım atdınız, yoxsa başqa səbəblər vardı?

- Mən 10 il komitə sədri oldum. Bu, seçki ilə olan məsələdir. Hər 5 ildən bir deputatlar seçilir, eyni zamanda komitə sədrləri də. Düzdür, bizdə belə təsəvvür var ki, əgər Milli Məclisə yenidən seçildinsə, əvvəlki səlahiyyətləri də qazanırsan. Mən hər halda bu cür dəyişikliklərin tərəfdarıyam. Seçkinin dəyəri də bundadır. Hər dəfə seçiləndə özündə də bir yenilik görmək istəyirsən. Məsələ onda deyil ki, eyni şeyi təkrar edəsən. Mən buna təbii baxıram. Seçki prosesində nəsə müzakirə edilə, yenidən baxıla bilər. Amma seçkidən sonra hər şey bitir.

- Siz, Azərbaycanda aparıcı dilçi alimlərdən birisiniz. Bəzən deputat həmkarlarınızın açıqlamalarının həm üslub, həm də mahiyyət baxımından sosial şəbəkələrdə lağ-lağı obyektinə çevrilməsinə münasibətiniz necədir?

- Konkret olaraq mənimlə bağlı belə bir hadisənin baş verdiyini xatırlamıram. Ancaq bu gün biz demokratik cəmiyyətdə yaşayırıq. Demokratik cəmiyyətin birinci prinsipi odur ki, kim nə düşünürsə onu deyə bilər. Bu, birinci maddədir, amma bunun ikinci, üçüncü məhdudlaşdırıcı maddələri də var. Mən düşünürəm ki, bizim millət vəkilləri o zaman öz mülahizələrində yanlışlığa və qeyri-peşəkarlığa, gülüş doğura biləcək iddialara yol verirlər ki, onlar öz ixtisaslarından, peşələrindən, məşğul olduqları sahədən kənara çıxırlar. Yəni millət vəkili ölkədə gedən ictimai-siyasi proseslərə münasibətini açıqlaya bilər. Amma bütün hallarda bunun da dayağını, əsasını peşəkarlıq təşkil etməlidir.

- Professor deputat var ki, erməni əsgərinin səngərdə əyilərək gəzdiyini, günəş şüası görmədiyini deyir. Və ya təcrübəli deputat var ki, Çində dövlətin uşaqlara görə ödəniş etmədiyini əsas gətirərək Azərbaycanda "uşaq pulu” verilməməsini əsaslandırmağa çalışır. Və bu kimi hallar da cəmiyyətdə qıcıq yaradır...

- Bunlar artıq qeyri-peşəkarlıqla bağlıdır. Biz bilirik ki, Dağlıq Qarabağ münaqişəsinin arxasında Ermənistan prezidenti dayanmır. Onun heç buna gücü, bəlkə də səlahiyyəti çatmır. Ümumiyyətlə, Ermənistan dövlətinin səlahiyyəti çatmır. Bəzən emosional fikirlər səslənir. Amma bu, deyilir və çıxıb gedir. Yəni törəmir, cəmiyyətdə təfəkkür enerjisini hərəkətə gətirmir. Bu mənada millət vəkilinin missiyasına söz demək daxil olsa da, o, peşəkarlığı unutmamalıdır.

- Bəlkə bəzi deputatlar "millət vəkili dediyi sözə görə məsuliyyət daşımır” prinsipini əsas tutur?

- "Deputat dediyi sözə məsuliyyət daşımır” fikri obrazlı ifadədir. Əslində, deputatdan çox məsuliyyət daşıyan yoxdur. Deputat istənilən məsələni qaldırmağa, münasibət bildirməyə səlahiyyətlidir. Amma deputat fikirləşməlidir ki, açıqlama verəndə, söz deyəndə bir nəfərin sözünü demir. Yəni deputat polemikada xüsusi statusu olması ilə seçilməməlidir. Eyni zamanda, polemika zamanı öz statusunu saxlaya bilməsi ilə seçilməlidir. Polemikada bu status saxlanmayanda paradoks, ziddiyyət əmələ gəlir. Bu ziddiyyət də deputatın özünü xarakterizə edir.

- Yəqin ki, siz özünüz də sosial şəbəkələrdə, yaxud xalq arasında deputatların məlum fikirlərinə olan münasibətin şahidi olursunuz...

- Bəli, belə hallar olur. Amma onu da deyim ki, dediyi sözə görə də ən çox elə deputat cəzalandırılır. Söhbət mənəvi cəzadan gedir. Cəmiyyət dərhal buna reaksiya verir. Məsələn, mən jurnalistlər tanıyıram ki, onları "reket jurnalist” adlandırmazdım, amma hər şeyi deyirlər və heç bir məsuliyyət də daşımırlar. Üstəlik dedikləri hər şey üçün nəsə güdürlər, umurlar. Bu da var. Deputatda isə bu yoxdur. Odur ki, deputat ola bilsin ki, daha çox emosiyasını ifadə edir. Amma gərək deputat emosional olmasın.

- Siz akademiksiniz, gördüyünüz işlərlə bağlı AMEA-ya hesabat verirsiniz. AMEA-nın rəhbərliyində dəyişikliklər olub, Ramiz Mehdiyev yeni prezident seçilib. Onunla görüşmüsünüzmü?

-Yox. Görüşməmişəm. Ramiz müəllim hələ yeni gəlib, yəqin ki, təhlil və araşdırmalar aparır. Dövlət idarəçiliyində, elm idarəçiliyində təcrübəli adamdır, böyük miqyası olan insandır. Biz də düşünürük ki, onun gəlişi ilə akademiyada müəyyən islahatlar olacaq. Yəqin ki, bunun üzərində müəyyən çalışmalar da gedir. Çünki elmi struktur elədir ki, orada dərhal ciddi dəyişikliklər etmək olmaz. Bu, tədricən gedəcək. Akademiyanın üzvlərindən heç kimdə şübhə yoxdur ki, Ramiz müəllim bunu ən yüksək səviyyədə bacaracaq və həyata keçirəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}