8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "Biz dəfələrlə görüşmüşük. Bu görüşlərin hamısı sizin şirkət və Azərbaycan arasında uğurla inkişaf edən tərəfdaşlığın irəliyə doğru aparılması baxımından faydalı olub. Bilirəm ki, burada həyata keçirmək üçün çoxlu planlarınız olub və bütün planlarınızı reallaşdırmısınız. Sizin şirkətlə hakimiyyət orqanları arasında əməkdaşlıq çox yaxşı səviyyədədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sizin üçün yaxşı tərəfdaşdır. Bildiyiniz kimi, biz gələcəklə bağlı planlarımızı, Azərbaycanın müasirləşdirilməsi, informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı planlarımızı dəfələrlə müzakirə etmişik. Xüsusən də indi, yəqin ki, siz eşitmisiniz, biz hazırda çox aktiv transformasiya mərhələsindəyik. Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi.
Əlbəttə ki, iqtisadiyyatımızın rəqəmsallaşdırılması hazırda bizim gündəliyimizdədir. Bu yaxınlarda Prezident Administrasiyasında aparılan struktur islahatlarından sonra bizim müxtəlif hökumət strukturlarının bu sahədəki fəaliyyətlərini koordinasiya edəcək və özəl sektorun inkişafını asanlaşdıracaq innovasiya departamentimiz var. Biz hazırda həqiqətən çox vacib beynəlxalq platformaya çevrilən "Bakutel” sərgisinin açılışı ərəfəsindəyik. Bu, təkcə sərgi və bu sahədəki əsas şirkətlərin nailiyyətlərinin təqdimatı deyil, həm də işgüzar əlaqələrin gücləndirilməsi baxımından imkandır. Mən ənənəvi olaraq, "Bakutel” sərgisində iştirak edirəm, ilk növbədə, bu məsələnin inkişafı ilə bağlı hökumətin mövqeyini göstərmək baxımından. İkincisi də, bir il ərzində hansı yeniliklərin olduğunu görmək baxımından da mənim üçün maraqlıdır. Çünki zaman çox sürətlə keçir. Bu sektorda dəyişikliklər zamandan da sürətlə baş verir".
Daha sonra Prezident İlham Əliyev ölkədə keçirilən Formula 1 yarışlarından danışaraq bildirib:
"Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı yarış lap əvvəldən həqiqətən də cəlbedici olub. Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun necə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayda turist cəlb edir. Biz faktiki olaraq müşahidələr aparmışıq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artım oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artım oldu. Maraqlısı ondadır ki, bu ilin oktyabrında, - çünki oktyabr turistlər üçün, belə demək mümkündürsə, əlverişli ay deyil, adətən onlar yayda gəlirlər, - ötən ilin oktyabrı ilə müqayisədə bizdə 25 faiz artım qeydə alındı. Ona görə də Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır".