“Ədalət, sabitlik və regional əməkdaşlıq üçün səylərimizi davam etdirəcəyik” - Rəcəb Tayyib Ərdoğan

“Ədalət, sabitlik və regional əməkdaşlıq üçün səylərimizi davam etdirəcəyik”

 

Ədalət, sabitlik və regional əməkdaşlıq üçün səylərimizi davam etdirəcəyik.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Rəcəb Tayyib Ərdoğan bildirib: "Cənub Qaz Dəhlizi layihəsinin bel sütununu təşkil edən Trans-Anadolu təbii qaz boru kəməri – TANAP-ın Avropa ilə birləşən hissəsinin xeyirlərə səbəb olmasını diləyirəm. Sizi bu mühüm açılış mərasimi münasibətilə ölkəmizdə qəbul etməkdən böyük məmnunluq duyuram. Sevincimizi bölüşmək məqsədilə Ədirnəyə gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm.

Bu gün hamımız birlikdə ölkələrimiz və bölgəmiz üçün həqiqətən də tarixi bir ana şahidlik edirik. Hər mərhələsi səbirlə, diqqətlə, Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq səyləri ilə ərsəyə gələn yeddi il yarımlıq uzun və çətin bir prosesi uğurla başa çatdırmağın haqlı qürurunu yaşayırıq.

Birincisi, TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya – TAP xəttinə birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu, bir həmrəylikdir və bu həmrəyliyin adı da sülhdür”.

Türkiyə Prezidenti əlavə edib ki, bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir: "TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gələ bilmişdir. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb. Xatırlatmaq istərdim ki, TANAP-la bağlı ilk addımı 2012-ci ilin iyun ayında İstanbulda hökumətlərarası müqavilələrin imzalanması ilə atmışdıq.

"Şahdəniz 2” yekun investisiya Sazişini isə 2013-cü ilin dekabr ayında Bakıda təşkil edilən mərasimlə başa çatdırdıq. Bundan sonra 2015-ci il martın 17-də Qarsda Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirildi. Bu tarixdən üç il sonra – 2018-ci il iyunun 12-də isə dost və qardaş ölkələrin də iştirakı ilə Əskişəhərdə TANAP-ın açılış mərasimini keçirdik. 2012-ci ilin iyunundan ötən müddətdə TANAP layihəsinin reallaşdırılması üçün həqiqətən böyük əmək sərf etdik. Xüsusilə, daxildə və xaricdə dəf etdiyiniz bir neçə təhlükəli vəziyyətə, regional gərginliyə, hətta silahlı toqquşmalara qədər gedib çıxan qeyri-sabitliklərə baxmayaraq, TANAP-ı planlaşdırıldığı kimi həyata keçirdik.

Çox dəyərli qardaşım Əliyevin şəxsən diqqəti, istər Gürcüstanın aidiyyəti qurumlarının əməkdaşlığı, istərsə də bu layihədə əməyi olan qardaşlarımızın səyləri ilə, şükür olsun, TANAP-ı bugünkü səviyyəyə gətirdik. Bu gün hamımız birlikdə sərf etdiyimiz əməyin hədər getmədiyini görürük. "Enerjinin İpək yolu” adlandırılan bu möhtəşəm layihənin nəzərdə tutulan təqvimə, hədəflərimizə və öhdəliklərimizə uyğun şəkildə ölkələrimizlə bağlı hissəsini bu gün tamamlayırıq.

Bu layihə ilə sahib olduğumuz zənginlikləri öz vətəndaşlarımızın, onlarla yanaşı, bütün bölgə xalqlarının, bütün insanlığın xidmətinə verməklə bağlı iradəmizi bir daha ortaya qoyduq. Biz TANAP ilə ölkəmizin enerji ehtiyacını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verməyi hədəflədik.

Siz də bildiyiniz kimi, TANAP Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizinin ən önəmli hissəsidir. Bu gündən etibarən Azərbaycanın təbii qazı ölkəmizin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək artıq Avropanın qapısına, yəni, buraya çatmışdır. TANAP ilə 16 milyard kubmetr Azərbaycan təbii qazının Türkiyənin və Avropanın istifadəsinə verilməsi əfsanədən həqiqətə çevrilib. Bu 16 milyard kubmetr qazın 6 milyardını biz, 10 milyardını isə Avropa ölkələri istifadə edəcək”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, həqiqətən də 2019-cu il noyabrın 18-dək TANAP vasitəsilə Türkiyəyə daşınan qazın həcmi 3,23 milyard kubmetrə çatdı: "Qarşıdakı illərdə TANAP-ın nəqletmə qabiliyyətini əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Bundan sonra əsl məsuliyyət sərhədin o biri tərəfindəki qonşularımızın üzərinə düşür. Avropaya qaz nəqlinin başlaması üçün Trans-Adriatik təbii qaz boru kəməri – TAP qısa müddətdə başa çatdırılmalıdır. İnşallah, TAP-ın 2020-ci ildə başa çatdırılmasını gözləyirik.

Əziz dostlar, bəşəriyyət son iki əsrdə enerji mənbələrinə nəzarət uğrunda müharibələr, mübarizələr aparmış, nəticədə milyonlarla insan həyatını itirmişdir. Xüsusilə, yerləşdiyimiz coğrafiya enerji mənbələri ilə bağlı yaşanan ağır rəqabətə bilavasitə səhnə olub. Yaxın Şərqin on illər boyunca qeyri-sabitliklə mübarizə aparması planının arxasında məhz bu məsələ vardır. Bir damcı nefti insan qanından, insan həyatından daha qiymətli hesab edən düşüncə dünyaya sülh və əmin-amanlıq gətirə bilməmişdir. Yaşanan bu qədər acıya, ölümə, fəlakətə baxmayaraq, təəssüf ki, bu düşüncənin müəyyən qüvvələr tərəfindən davam etdirildiyini görürük. Xüsusilə, Aralıq dənizinin şərqində mövcud karbohidrogen ehtiyatlarının bölüşülməsi məsələsində bəziləri ədalətli bölgü əvəzinə, gərginliyi körükləməyə çalışırlar. Ədalətli bölgü imkanı var ikən, təhdid dilinə və şantaj siyasətinə əl atırlar. Halbuki heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil. Zor gücü ilə bir nəticənin hasil ola bilməyəcəyi artıq dərk edilməlidir. "Mən etdim, oldu” məntiqi ilə heç keç öz istəyinə çata bilməz. "Əba altından dəyənək” göstərərək heç bir ölkə başqasını öz haqlarından əl çəkməyə məcbur edə bilməz. Xüsusilə, Türkiyə belə bir düşüncəyə əsla boyun əyməz.

Ölkəmiz nə öz hüququnun, nə də Kipr türkünün maraqlarının tapdanmasına icazə verməz. Aralıq dənizinin şərqində uzun dəniz sahillərinə sahib olan bir ölkəni kənarlaşdıraraq layihələr həyata keçirməyə çalışmaq onsuz da mümkün deyil. Hazırda ən son texnologiyalara sahib iki qazma gəmimiz – "Fateh” və "Yavuz” ilə iki seysmik araşdırma gəmimiz bölgədə fəaliyyətlərini davam etdirir. Biz onların çığır-bağırı ilə n bu gəmilərimizi orada çəkməyəcəyik. Onlar hazırda orada öz vəzifələrini yerinə yetirirlər və yetirməkdə davam edəcəklər. Gəmilərimizin və heyətlərimizin təhlükəsizliyi isə Dəniz Qüvvələrimiz tərəfindən ən yüksək səviyyədə təmin edilir. Bu gəmilərin həyata keçirdiyi fəaliyyətlərin qısa müddətdə bəhrə verəcəyinə inanıram. Bilirsiniz, indi Liviya ilə də anlaşma əldə etdik. Liviya ilə əldə etdiyimiz bu anlaşma parlamentimizdə təsdiq olunduqdan sonra həmin işi xeyli fərqli səviyyəyə çatdıracağıq. İndi nə edirlər? Liviyanı təhdid etməyə başlayıblar. Bu anlaşma əldə edildi. İndi bu anlaşmanın digər hissələri də eyni qaydada tətbiq ediləcək. Bizim qazma işlərimizdən münaqişə və qan deyil, sülh və rifah püskürəcəkdir.

Mən bu inamla sizin vasitənizlə Aralıq dənizindəki bütün tərəflərə səmimi bir çağırış etmək istəyirəm: Gəlin, enerjini münaqişə vasitəsi əvəzinə, əməkdaşlıq zəmininə çevirək. Diplomatiyanın imkanlarından istifadə etmək var ikən, bölgəyə yeni qurbanlar verdirəcək yollara əl atmayaq!

Əziz dostlar, artan əhali və böyüyən iqtisadiyyat nəticəsində enerjinin çox ciddi bir qlobal məsələ olaraq qarşımızda durduğunu bilirik. Eyni qaydada dünya enerji xəritəsinin dəyişdiyini, bu sahədə yeni aktorların, yeni layihələrin məhz bu gün burada olduğu kimi, yeni əməkdaşlıq modellərinin ortaya çıxdığını görürük. Enerji təhlükəsizliyinin təmin edilməsində istehsalçı, tranzit və istehlakçı ölkələr arasındakı möhkəm əməkdaşlığın vacib olduğuna inanırıq”.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyə strateji mövqeyi ilə enerjini hasil və istehlak edən ölkələrin tam qovuşuğunda yerləşir: "Bu gün Yer kürəsində mövcud təbii qaz ehtiyatlarının 70 faizi, neft ehtiyatlarının isə 60 faizi qonşularımızın torpaqlarındadır. Bundan başqa, ölkəmiz Avropanın dördüncü, dünyanın isə 18-ci ən böyük təbii qaz bazarıdır. 2002-ci ildə beş vilayətimizdə təbii qaz var idisə, artıq 81 vilayətimizin hamısına təbii qazın çatdırılmasını təmin etdik. 2019-cu il avqustun sonuna olan rəqəmlərə əsasən, 144 min kilometrdən çox təbii qazpaylama şəbəkəsinə nail olmuşuq. Ölkəmizin əhalisinin 81 faizinə, yəni, 66,5 milyon insanımıza təbii qazı çatdırdıq. 2018-ci ildə təbii qaz tələbatımız isə 49,3 milyard kubmetrə çatıb. Təbii qazsaxlama potensialımızı 4 milyard kubmetrdən 11 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. İki üzən qazsaxlama və qazlaşdırma gəmisini istifadəyə verdik. İnşallah, bunlara daha birini də əlavə edəcəyik. Ümumilikdə 5,4 milyard kubmetr tutumu olan Duz gölü yeraltı qaz anbarlarının sonuncusunun təməlini bu il qoyduq. Onun 2023-cü ildə istifadəyə verilməsi ilə dünyanın ən böyük yeraltı qaz anbarlarına sahib olacağıq.

Bütün bu statistik rəqəmlərin ölkəmizə təmin etdiyi imkanlarla yanaşı, çox ciddi bir məsuliyyət də tələb etdiyini bilirik. Həqiqətən də bu günə qədər bu məsuliyyətimizi dərk edərək hərəkət etdik. Qarşılaşdığımız bir çox ikili standartlara baxmayaraq, dialoqdan, diplomatiyadan, beynəlxalq hüquqdan əsla geri çəkilmədik. Rəqabət əvəzinə əməkdaşlığın, gərginlik əvəzinə müzakirənin, münaqişə əvəzinə məsələlərimizi danışaraq həll etmək yolunu seçdik. Bizə bir addım atana biz qaçaraq getdik. Bu gün də, sabah da eyni xoş niyyətlə hərəkət etməyə davam edəcəyik. Nə haqlarımızdan vaz keçəcəyik, nə də haqqımız olmayana əl uzadacağıq. Ədalət, sabitlik və regional əməkdaşlıq üçün səylərimizi davam etdirəcəyik.

Bu gün hamımız birlikdə Avropa ilə birləşməsinin açılış mərasimini qeyd etdiyimiz TANAP ölkəmizin sülhpərvər baxışının konkret nümunəsidir. Dünya gündəmini ticarət müharibələrinin, terrorun, etirazların, qeyri-sabitliyin zəbt etdiyi bir dövrdə biz bu gün Avropa ilə Asiyanı TANAP vasitəsilə birləşdiririk. Buradan bölgəmizlə yanaşı, bütün dünyaya əməkdaşlıq və tərəfdaşlıq mesajları veririk. Türkiyəni üç qitənin enerji və ticarət mərkəzinə çevirmək yolunda yeni bir addım atırıq.

Çıxışımı bu düşüncələrlə yekunlaşdırarkən, TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak etdiklərinə, görülən işlərdə əməyi olan memarından mühəndisinə qədər bütün qardaşlarıma, bütün rəhbər şəxslərə, xüsusilə qardaşım İlham Əliyevə, Gürcüstandakı dostlarımıza səylərinə görə şəxsən öz adımdan, millətim adından bir daha təşəkkürlərimi bildirirəm.

Təbii ki, qardaşım İlham Əliyevin liderliyini unutmaq əsla mümkün deyil. Qonşumuz Gürcüstana əməkdaşlığı ilə bu layihəyə həyat verdikləri üçün minnətdarlığımızı xüsusilə ifadə edirəm. Qarşıdakı dövrdə "Hamımız qazanaq” prinsipi ilə yeni layihələrə imza atacağımıza inanır, hamınızı sevgi və ehtiramla salamlayır, "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” deyirəm”.



Oxşar Xəbərlər

Xəbər lenti