Koronavirusla əlaqədar Azərbaycanla Çin arasında turist mübadiləsi azalıbmı? - ARAŞDIRMA

 

Son günlər Çində yayılmış və bir neçə insanın ölümünə səbəb olan epidemiya ilə dünya ölkələrində də bir təlatüm meydana gəlib. Xüsusilə, Çinlə həmsərhəd olan ölkələr koronavirusdan qorunmaq üçün bir sıra tədbirlər həyata keçirməyə başlayıblar. Bunlardan biri də, bir sıra ölkələrin Çinlə aralarında olan turist mübadiləsini məhdudlaşdırmaları, gediş-gəlişləri təxirə salmalarıdır. Məsələn, Gürcüstan bu günlərdə Çindən həyata keçirilən bir sıra reysləri təxirə salıb. Filippin Çin vətəndaşlarına ölkəyə gəliş zamanı viza verilməsini dayandırıb. Rusiya və Gürcüstan koronavirusa görə vətəndaşlarını Çindən təxliyyə edib. Rusiya, eyni zamanda, Çindən turist qruplarının qəbul edilməsini dayandırıb.

"Report” Çində baş verən məlum hadisələrin Çindən Azərbaycana, eyni zamanda ölkəmizdən Çinə gedən turist sayına necə təsir göstərdiyini, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Assosiasiyası və turizm şirkətlərinin baş verən proseslərlə əlaqədar hansı addımlar atdığını, Azərbaycanla Çin arasında turların və biletlərin ləğv edilib-edilmədiyini araşdırıb.

 

 

Azərbaycan Turizm Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Orxan Bədəlov "Report”a bildirdiyinə görə, Çinlə Azərbaycan arasında turist mübadiləsində azalmalar müşahidə olunmayıb:

"Biz Assosiasiya olaraq həm Çindən Azərbaycana turist gətirən, həm də Azərbaycandan Çinə turist aparan şirkətlərə diqqətlə davranmaları ilə bağlı xəbərdaredici və tövsiyyə xarakterli məlumat vermişik. Lakin bu istiqamətdə hər hansı bir qadağanedici xəbərdarlıq olunmayıb. Hazırda yanvar ayının dəqiq statistikası əlimizdə yoxdur. Ümumilikdə turizm şirkətlərinin monitorinqinə əsasən deyə bilərik ki, onların fəaliyyətində Çinlə bağlı heç bir azalma müşahidə olunmayıb. Şirkətlər yenə də əvvəlki templə bi istiqamət üzrə fəaliyyətlərini göstərirlər. Sadəcə daha diqqətli olmağa başlayıblar. İndi ümumi proseslərin gedişatından asılı olaraq, Çin ərazisində bu daha geniş vüsət alarsa biz də xəbərdarlıq və ya tövsiyyə xarakterli müraciətləri artıracağıq. Ümumi proses bizim nəzarətimizdədir. Hələlik isə şirkət və operatorlara sadəcə xəbərdarlıq edilib və diqqətli olmaları tapşırılıb. Hazırda Azərbaycandan Çinə və Çindən də Azərbaycana turist axını yenə həmişəki qaydada davam edir.

 

 

Mövcud hadisələrlə əlaqədar AZAL-dan martın 28-nədək Çinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəkləri bildirilib. Lakin Assosiasiyaya üzv olan turizm şirkətlərindən hələ ki, biletlərin və ya tur paketlərin qaytarılması ilə bağlı müraciət olunmayıb. Dövlət səviyyəsində Çindən turistlərin gəlməsinə heç bir qadağa qoyulmayıb. Sadəcə şirkət, agentlik və turoperatorlara diqqətli olmaları tövsiyyə edilib. Yəqin ki, Çindəki proseslərin gedişatına əsasən yaxın zamanlarda hansısa tədbirlər görülə bilər. Hazırda isə Assosiasiya tərəfindən atılan addımlar sırf tövsiyyə xarakteri daşıyır”.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə də turizm şirkətlərinə virusla əlaqədar təlimlər keçirilməsinin tapşırıldığını bildirib:

"Azərbaycana turist gətirən və turist aparan şirkətlərə tapşırılıb ki, virusla bağlı təlimlər keçsinlər və turistlər də diqqətli olsunlar. Hələlik tapşırıqlarımız bu qədərdir. Turistlərin gəliş-gedişi azalıb-azalmaması hadisələrin gedişatından asılı olacaq. Odur ki, biz hadisələrin inkişafını diqqətlə izləyirik. Yanvar ayında bundan öncəyə qədər Çindən gələn turistlərin sayında böyük bir dəyişiklik yox idi. Ümumilikdə Çindən Azərbaycana təxminən ayda 2 min adam gəlir. Bu da elə də ciddi dəyişə biləcək bir rəqəm deyildi”.

 

 

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin direktoru Rəhman Quliyev isə Çinə bir neçə turu ləğv etdiklərini bildirib:

"Yaxşı olardı ki, ölkədəki turizm şirkətləri əhalini getdikləri ölkələr barədə maarifləndirsinlər, həmin ölkələrdə epidemiyanın olub-olmaması, oradakı siyasi vəziyyət, seysmik zonalar, hava temperaturu, səyahətin riskli olub-olmaması, tətil müddəti ərzində hansı hadisələrin baş vermə ehtimalının olduğu və digər məsələlərlə bağlı əvvəlcədən turistlərə məlumat versinlər.

 

Rəhman Quliyev

Turizm üzrə ekspert Rəhman Quliyev: 

"İnsanlara müvəqqəti olaraq Çinə səfərlərini dayandırmalarını tövsiyyə edirik".

 Hər il fevral ayında "Azərbaycan Hava Yolları" QSC tək Çinə deyil, Avropaya da reysləri təxirə salır. Bunun səbəbi epidemiya ilə deyil, fevral ayında müştəri sayının az olması və təyyarələrin profilaktik baxımı ilə bağlıdır. AZAL Çində yaranmış mövcud vəziyyətlə bağlı əhaliyə xəbərdarlıq eləyib. Əgər sərnişinlər biletlərini qaytarmaq istəsə biletlər cəriməsiz ləğv ediləcək. Qeyd edim ki, digər dövlətlər tərəfindən bu cür addım atılmayıb. Əgər Çinə olan əksər biletlər qaytarılsa, yalnız bir neçə bilet qalsa, çox güman ki, AZAL uçuşları dayandıracaq. Biletləri qaytarmayan vətəndaşlar Çinə getməkdə israrlı olsalar onların digər şəhərlər üzərindən və başqa aviaşirkət vasitəsilə uçuşları təmin ediləcək.

 

 Turizm nümayəndəsi olaraq israrla insanlara müvəqqəti olaraq Çinə səfərlərini dayandırmalarını tövsiyyə edirik. Lakin heç kimi buna məcbur edə bilmərik. Aparılan maarifləndirmə işlərinin nəticəsində bir sıra insanların Çinə səfərlərini təxirə saldıqlarının şahidi oluruq. Bizim şirkət Çinə olan təqribən 10-a yaxın turu, bir neçə otel bronunu və bir neçə bileti ləğv edib. Bunun üçün Çindəki otel rəhbərləri və aviaşirkətlərlə danışıqlar apardıq və insanlara ziyan dəymədən səfərlərin təxirə salınmasına çalışdıq”.



Oxşar Xəbərlər

Xəbər lenti