Bəzi nazirlər problemlə üzləşə bilər

Bəzi nazirlər problemlə üzləşə bilər

 

Yüksək vəzifəli məmurların müxalifətlə işbirliyinin anonsu verildi

Fəaliyyəti müddətində səsli-küylü, əsasən də doğruluğu təsdiq olunan xəbərlərin müəllifi kimi tanınan Virtualaz.org saytı bəzi yüksək vəzifəli Azərbaycan məmurlarının yeganə müxalif qəzet olan "Azadlıq” qəzetini və onun eyni adlı saytının maliyyələşdirməsilə bağlı məlumat əldə etməsi haqqında anons yayıb. Anonsun təqdimatından belə görünür ki, Virtualaz.org saytına daxil olan məlumatların səhihliyi şübhə doğurmayacaq. Çünki, saytın yaydığı anonsda qeyd olunur ki, Virtualaz.org-un əməkdaşları "Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovla görüşlər keçirən və danışıqlar aparan məmurların adlarını dəqiqləşdirib.Sayt qeyd edir ki, yüksək vəzifəli məmurlar onların toxunulmazlığı və fəaliyyətlərinin tənqid olunmayacağı zəmanətinin qarşılığında S.Şərifova böyük məbləğdə pullar veriblər. Məmurların S.Şərifova çatdırdıqları maliyyə vəsaiti sonradan Fransaya-"Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə göndərilib. Ən maraqlı məqam isə həmin məmurların Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə qarşılıqlı əlaqələrinin olmasına edilən işarələrdir.

Hələlik nə "Azadlıq” qəzeti, nə də AXCP bu anonsla bağlı hec birməlumat açıqlamayıb. "Yeni Sözçü” qəzetinin əldə etdiyi məlumata görə, Virtualaz.org saytının yaydığı anonsun bəzi pərdəarxası məqamaları var.

Birincisi, anonsda adı çəkilən "Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovun qəzetin baş redaktoru, Fransada mühacirətdə olan Qənimət Zahidlə aralarında ciddi fikir ayrılıqlarının olması ilə bağlıdır. Məlumata görə, bir neçə həftə əvvəl Sücəddin Şərifov Avropaya səfər edərək Qənimət Zahidlə görüşüb və fikir ayrılığını çözmək istəyib. Ancaq tərəflər "Azadlıq” qəzetinin gələcək fəaliyyəti ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Bu isə iddialara görə, Sücəddin Şərifovun səbr kasasını daşırıb və o "Azadlıq” qəzeti ilə yollarını ayırmaq qərarına gəlib. Onun hakimiyyətlə əməkdaşlıq edə biləcəyi haqqında heç bir məlumat olmasa da, belə ehtimallar istisna edilmir.

Anonsda işarə edilən ikinci məqam isə məmurların müxalifətlə qarşılıqlı əlaqələrinin olmasına edilən işarədir. Əgər, söhbət yalnız məmurlar onların toxunulmazlığı və fəaliyyətlərinin tənqid olunmayacağı zəmanətinin qarşılığında qəzetin redaktor müavininə verilən pullardan getsəydi, belə düşünmək olardı ki, "Azadlıq” qəzetinin rəhbər şəxslərindən bəziləri də reket adı ilə həbs olunacaq. Ancaq belə dəqiq məlumatlar varsa qəzetin rəhbər şəxslərinin həbs olunmaması suallar doğurur. Axı son bir neçə həftədə Dövlət Təhlükəsizlik Xidməti bir neçə baş redaktoru məhz reketçilik ittihamı ilə həbs edib. "Azadlıq” qəzetinin rəhbər şəxslərinə qarşı belə həbslərin olmaması, bunun əvəzində məlumatın media vaistəsilə ictimailəşdirilməsi prosesinin arxasında başqa məqamların dayanması təəssüratını yaradır. Belə qənaət yaranır ki, əsas hədəf "Azadlıq” qəzeti deyil, yüksək vəzifəli məmurlardır. Anonsun başlığı da bu ehtimalı gücləndirir. "Yeni Sözçü” qəzetinin əldə etdiyi məlumata görə, hakimiyyət bu fənddən istifadə edib islahatlara mane olan bir neçə naziri zərərsizləşdirmək istəyir. Həmin məmurların bütün gücləri ilə siyasi və iqtisadi islahatlara qarşı çıxdığı iddia olunur. Buna görə də indi onlarhaqqında müxalifətlə işbirliyində, dövlət əleyhinə fəaliyyətdə ittihamlar irəli sürülə bilər. Prosesin nəticəsi olaraq bir neçə nazir və komitə sədri cəzalandırılacaqsa, digərləri də islahatlara tam tabe olacaqlar. Eyni zamanda müxalifətin də korrupsioner məmurlarla işbirliyin olması geniş təbliğ edilməkləictimai rəyin dəyişdirilməsinə cəhdlər olunacaq.

Hansı məmurların müxalifətlə işbirliyində, xüsusilə də "Azadlıq” qəzetinə iri məbləğli maliyyə yardımı etməsi haqqında dəqiq bir məlumat yoxdur. Lakin Virtualaz. Org saytı araşdırmasını dərc edəndən sonra hər şey məlum olacaq. Ancaq kimlərin adının çəkilib-çəkilməməsindən asılı olmayaraq bu prosesin hökumətdəki əksər məmurların mövqelərinə təsir edəcəyi qaçılmazdır. Mövzunun aktuallığını nəzərə alıb, yaxından izləməyə çalışacağıq.

 Azad Aydın,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti