8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu il səsli-küylü həbslər ola bilər
Qanunvericiliyin təkmilləşməsi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə imkan verib. Bu barədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bəyan edib. Onun sözlərinə görə qanunvericiliyə edilən dəyişiklikləri müsbət qiymətləndirilməlidir. Çünki, bu dəyişikliklər korrupsiyaya qarşı mübarizədə müsbət rol oynayıb. Kamran Əliyevin açıqlamasından o da məlum olub ki, ötən il Dövlət Təhlükəsizlik Xidmətindən 14, Fövqəladə Hallar Nazirliyindən 16, Ədliyyə Nazirliyindən 15, Daxili İşlər Nazirliyindən 15, Vergilər Nazirliyindən 48, Dövlət Gömrük Komitəsindən 3, Dövlət Sərhəd Xidmətindən 4, Baş Prokurorluqdan 5, rayon prokurorluqlarından 65, Prezident Administrasiyasından 1, Bakı Ağır Cinayətlər Məhkəməsindən 1, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, Maliyyə Nazirliyindən 15, Səhiyyə Nazirliyindən 4, Təhsil Nazirliyindən 4, Kənd Təsərrüfatı Nazirliyindən 6, Maliyyə Bazarlarına Nəzarət Palatasından 4, İqtisadiyyat Nazirliyindən 9, Əmlak Məsələləri Komitəsindən 14, Dövlət Neft Şirkətindən 6, Dövlət İmtahan Mərkəzindən 5, bank sektorundan 23 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub. Materialların əksəriyyəti barədə cinayət işi başladılıb. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin açıqlamasından o da məlum olub ki, hesabat dövründə 5 prokurora cinayət işi açılıb, 3 prokuror cəzalandırılıb. Onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-nə töhmət verilib, 1-i isə vəzifəsindən kənarlaşdırılıb.
Kamran Əliyevin açıqlamasından belə qənaət yaranır ki, korrupsiyaya qarşı mübarizə güclənir və bu prosesdən prokurorluq əməkdşları da daxil olmaqla heç kim sırğortalanmayıb. Bu açıqlama eyni zamanda korrupsiyaya qarşı mübarizənin daha da güclənəcəyindən xəbər verir. "Yeni Sözçü” qəzetinə daxil olan informasiyalar da korrupsiya ilə mübarizənin güclənəcəyindən xəbər verir. Məlumata görə, korrupsiya ilə mübarizə daha yüksək vəzifə sahiblərinə qədər güclənəcək. Hətta bu il korrupsiya ilə mübarizənin hökumət üzvülərinə qədər yüksələnəcəyi haqqında məlumatlar da var. Belə iddialardan birinə görə, yaxın zamanlarda bank sektorunda həbslərin olacağı ilə bağlıdır. Azərbaycan Beynəlxalq Bankının 6 filialına qarşı cinayət işinin başlanması da bu məlumatın həqiqətdən uzaq olmadığını göstərir. Məlumata görə, Baş Prokurorluq Azərbaycan Beynəlxalq Bankının 6 filialına qarşı cinayət işləri qaldırıb. Haqqında cinayət işi qaldırılan Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Binəqədi rayon filiallarıdır. Yayılan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının özü Azərbaycan Baş Prokurorluğu yanında Korrupsiya ilə mübarizə üzrə Baş idarəyə keçirilmiş audit yoxlamalarının nəticələri əsasında sözügedən filialların fəaliyyətində aşkarlanmış qanunazidd hərəkətlərin araşdırılmasına başlanması ilə bağlı müraciət edib. Korrupsiya ilə mübarizə üzrə Baş idarəyə müraciətə isə bu filiallarda çox ciddi maliyyə fırıldaqlarına yol verilməsi ilə bağlıdır. Bu filiallarda baş verən korrupsiya isə Azərbaycan Beynəlxalq Bankına böyük zərər yetirib.
Məluamat görə, fəaliyyətində ciddi nöqsanlar aşkar olunan filialların sayı daha çox olub. Ancaq onların bəzilərinə güzəşt olunub. Bu güzəştlərin edilməsi əsasən həmin filialların yüksək vəzifəli məmurların himayəsində olması ilə izah edilsə də, başqa səbəblər də var. Belə ki, filallarla bağlı araşdırmalar daha dərinə işlədikcə prosesin daha geniş çevrələri əhatə etmə təhlükəsi yaranır. İddialara görə,bu proses, hətta bəzi beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərini və bəzi səfirlikləri də əhatə edə biləcəyi təhlükəsi mövcud olub. Çünki, bəzi beynəlxalq təşkilatların və səfirliklərin Azərbaycan Beynəlxalq Bankının ayrı-ayrı filialları ilə çox qeyri-adi işbirliyi var. Məlumata görə, bəzi beynəlxalq təşkilatlar və səfirliklər maliyyə münasibətləri olan şirkət, qeyri-hökumət təşkilatları və fiziki şəxsləri hesablarını onlarla eyni bankda açmağa məcbur edirlər. Bu isə maliyyə fəaliyyətini nəzarətdə saxlamaq anlamına gəlir. Məlumata görə, araşdırmalar da məhz buna görə dayandırılıb. Çünki, ciddi korrupsiya qalmaqalı yarana bilərdi. Hazırkı vəziyyətdəbu çox ciddi rezonas doğura bilər. Buna görə də, hələlik araşdırmaların miqyası bir qədər məhdudlaşdırılmasına qərar verilib.
Ancaq bu prosesin daima belə qalacağı anlamına da gəlmir. Əksinə, ilk əlverişli siyasi vəziyyətdə araşdırmalara, istintaq hərəkətlərinə qərar veriləcək. Bu zaman isə bir çox məmurların banklarla əlbir maliyyə fırıldaqları üzə çıxacaq. O zaman isə Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Binəqədi filallarının sırasına yenilərinin də adı yazılacaq. Həm də indikindən fərqli olaraq yüksək vəzifə tutan məmurlara bağlı olan bank və onların filialların rəhbərlərinin adları istintaq sənədlərinə düşəcək. Bu proses isə daha yüksək vəzifəli məmurların, hətta hökumət üzvülərinin istintaqa cəlb olunmasına gətirib çıxaracaq.
Azad Aydın,
"Yeni Sözçü" qəzeti