MÜSƏLMANLARA QARŞI “AVROPASAYAĞI SUSURLUQ” ƏMƏLİYYATI – Fransada millətçi, faşist təşkilatlar niyə gücləndirilir? - ARAŞDIRMA

MÜSƏLMANLARA QARŞI “AVROPASAYAĞI SUSURLUQ” ƏMƏLİYYATI – Fransada millətçi, faşist təşkilatlar niyə gücləndirilir? - ARAŞDIRMA

 

Umur Talu

 

"Habertürk”, Türkiyə, 27 iyun 2018-ci il

 

"Paris, Korsika və bəzi şəhərlərdə müsəlmanlara qarşı hücum hazırlığında olan ifrat sağçı təşkilata mənsub 10 nəfər saxlanılıb!”

Kəşfiyyat, polis və media tərəfindən yayılan bu "xəbər” Fransada bomba kimi partlayıb. İzahı da həmən belə verilir: "Vətəndaş müharibəsi hazırlığında olan, vətəndaş müharibəsini təhrik edən qrup…”

Həyəcan siqnalı verildi

Fransadakı müsəlman icmaları da, onsuz da müxtəlif təhdidlər olduğu üçün, həyəcan siqnalı verib; rəhbəri Əhməd Uğraş olan Fransa Müsəlman Şurası (FMŞ) həmən Daxili işlər naziri Kollomb ilə görüşüb. Daxili işlər naziri və FMŞ "təhlükəsizlik qüvvələrini təbrik edib!”

Beləliklə, Fransada ikinci böyük dini icma olan müsəlmanlar indi "cihadçı, İŞİD-çi hücum və təhdidlər” olmaqdan başqa hədəf olaraq da gündəliyə gəliblər.

Vətəndaş müharibəsinə hazırlıq

Təşkilatın adı Əməliyyat Qüvvələri Hərəkatıdır (ƏQH). Hamımız"hərəkat” və "qüvvə”nin nə olduğunu bilirik; "Əməliyyat” qismini onlar yaxşı bilir. Başda 65 yaşlı rəhbərləri Qay S. olmaqla, aralarında keçmiş polis və jandarmalar vardır.

Hələ ki (bəlkə heç olmayacaq), dərin dövlətlə əlaqəsiz görünən, bir növ, "Avropasayağı Susurluq” kimi görünür.

ƏQH 2015-ci ildə baş verən Paris hücumlarından sonra qurulan "Fransa üçün Könüllülər”in davamıdır. Yəqin, bu təşkilat "könüllü” mülki cəmiyyət təşkilatı kimi qaldığından, ƏQH "əməliyyat”a keçibdir.

Hələ də yuva saldıqları (və hazırda izləyicisi daha da artan) "Fransanın Müharibəsi” adlı internet səhifəsində açıq-açığına "vətəndaş müharibəsinə hazırlıq” – polis və məhkəmə təqibindən qurtulma, ərzaq ehtiyatı yığma, asimmetrik müharibə, əks-üsyan və s. haqqında dərs verirlər.

Həmin səhifədə "Missiyaya çağırış: modern müharibə”yə bənzədilərək yaradılan bir "görüntülü əsər”də hücuma məruz qalmış Eyfel qülləsi ətrafında tankı və topu ilə döyüşən "fransızlar” təsvir olunur.

Bu arada onu da qeyd edək ki, Türkiyənin yaxalayaraq Fransaya göndərdiyi Əlicəzair əsilli bir ata və iki oğulun təyyarə ilə Eyfelə hücum planlaşdırdığı xəbərləri də yeni yayılıb.

ƏQH xüsusilə "kəşfiyyat məlumatları”: radikal islamçıların, imamların, hərbi rəhbərlərin adları, olduqları məkanların, məscidlərin, silah ehtiyatlarının, komanda mərkəzlərinin yerləri haqqında informasiyalar istəyir.

Məqsəd "hərbçi-vətəndaş olan fransızları milli sərhədlər daxilində (qaçınılmaz olan) müharibəyə hazırlamaqdır!”

Qısası, "yeganə həll yolu zordur!” Çünki "Başda sadəlövh Makron olmaqla, dövlət öz vəzifəsini yerinə yetirmir! Təmizlik vəzifəsi vətəndaşdadır!”

Təhlükəsizlik qüvvələrini hərəkətə keçirən səbəb sadəcə onların silahları, poliqonlarda keçdikləri təlimlər deyil, artıq partlayıcılar hazırlamağa da başlayıblarmış.

Hücum hədəfləri

Təhlükəsizlik qüvvələrinə görə, "hücum hədəfləri” belədir: "radikal imamlar, həbsxanadan çıxan İŞİD-çi məhkumlar, radikal müsəlman olan keçmiş katolik fransızlar, təsadüfi rast gəlinən çadralı qadınlar, hətta dönərçilər!”

İkinci dairədə, əlbəttə, bütün müsəlmanlar, onlara "məhəllə simpatiyası” bəsləyənlər, yaxud onlardan "faydalandıqlarını” düşündəkləri şəxslər, eyni zamanda "polisə, hərbçilərə, ağlara nifrət edən” hər kəs var.

Elə ötən ilin oktyabr ayında yenə 10 nəfərlik bir qrup solçu partiya olan"Əyilməzlər”in lideri Melenşona və hökumət sözçüsü Kastanerə hücum planlaşdırdıqları iddiası ilə saxlanılmışdı.

Bunlar – nifrət, vətəndaş müharibəsi təhdidi bəlkə də bizə çox yad olan şeylər deyil, ancaq bəzən hər şey həmin zaman harada durduğunuza bağlı olur: hədəfə alırsan, yoxsa hədəfmi olursan?

Faşizm kabusu

Bəzi mütəxəssislərə görə, təşkilatın ideoloji yaddaşında "Əlicəzair müharibəsi” – əlicəzairlilər üçün müstəqillik uğrunda müharibə, müstəmləkəçi fransızlar üçünsə Fransaya da yayılmış "vətəndaş müharibəsi” vardır.

Əslində, ötən əsrdə olan "Fransız Hərəkatı” adlı millətçi, faşist, çevrilişçi təşkilatın haqqında olan xatirələr kimi, heç xüsusi yaddaş da tələb olunmur.

Lideri Marin Le Pen, təhlükəsizlik qüvvələrinin əməliyyatını tez-tələsik alqışlayaraq "bunlarla əlaqəmiz yoxdur” desə də, bu ifrat sağçıların zəminlərindən biri "Milli Cəbhə”, yeni adı ilə "Milli Birlik” və onun ətəyindəki gənclik təşkilatı olan "Tək Kimlik”çilərdir.

Sadəcə o deyil, bütün Avropaya yayılan, İtalyada, Avstriyada iqtidar olan, Almaniyanı təhdid edən, Macarıstan, Rumıniya və Polşada coşan "qaçqın qorxusu, yadlara qarşı düşmənçilik”dir .

Marksın kommunizm haqqında dediyi kimi, "Avropada dolaşan faşizm kabusudur!”

Dünyəvilik müzakirəsi

Fransa Müsəlman Şurası ilə görüşdükdən sonra Daxili işlər naziri bütün vilayətlərə sadəcə müsəlmanların qorunması üçün deyil, bütün müsəlmanları, o cümlədən gəncləri və qadınları əhatə edən, Fransada məscidlərin maliyyələşdirilməsi, din xadimlərinin təhsili və radikallaşmanın önlənməsi, çox geniş bazalı "Müsəlman çalışma qrupları” haqqında bir təlimat da verib. Onu da qeyd edək ki, bu təlimat prezidentin "Fransada islamın təşkilatlanması” haqqında planı 15 sentyabradək təxirə saldığını açıqlamasından öncə verilib.

Bu təlimat eyni zamanda dünən (26 iyunda – tərc.) Papanı ziyarət edən prezidentin dövlət və din (katoliklik) haqqında olan düşüncələrilə"dünyəvilik” müzakirələrini alovlandırmışkən verilib.

Tərcümə Strateq.az-ındır



Oxşar Xəbərlər

Xəbər lenti