8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Lene Vinter
Berlingske (Danimarka), 15.07.2018
Düşərgədə gün hələ dan söküləndə başlanır. Omir Bəkali əvvəlcə Çin himnini oxumalıydı. 7.30-da Çin bayrağı qaldırılır, bundan sonra onu və təxminən, başqa 1000 nəfəri "Kommunist Partiyasız yeni Çin yoxdur”kimi qırmızı nəğməni əzbər öyrəndikləri siniflərə yığırlar. Yemək yeməzdən qabaq hamını birağızdan "Sağ ol, partiya! Sağ ol vətən! Salam, prezident Si!” qışqırmağı əmr edirlər.
İtaətsizliyə cəhd edərkən onu təcridxanaya göndərir, ya da saatlarla üzüdivara durmağa məcbur edirlər. Omir Bəkali – qazaxıstanlı 42 yaşlı müsəlman keçən il Çinin Sinszyan əyalətində meydana çıxmış siyasi tərbiyə düşərgəsində olmaq haqda öz adını çəkməklə təəssüratlarını bölüşən dünyada, az qala, yeganə KİV olan AR informasiya agentliyinə öz tarixçəsini təfərrüatıyla nağıl edib.
Müşahidəçilərin və hüquq müdafiəçiləri qruplarının fikrincə, şimali-qərb əyaləti son bir ildə ən ardıcıl şəkildə həyata keçirilən polis dövlətlərindən birinə, hökumətin yaxşı maskalanmış yüksəktexnologiyalı izləməsindən praktik olaraq heç kimin gizlənməyə nail olmadığı açıq həbsxanaya dönüb. Heç olmasa, ən cüzi yanlış addım atsan, növbəti dayanacaq həbsxana, ya da şahidlərin dediklərinə inansaq, orada əyləşənlərin Çin kompartiyasına loyal olmaqdan ötrü ideoloji emala məruz qaldıqları islah düşərgəsi ola bilər.
"Berlingske”nin müxbiri həmişə təsdiqləyən, amma açıq çıxış etməyə, adını çəkməyə, ya da anonimliyə cürət göstərməyən şahidlərlə özü söhbətləşib, çünki onlar Çin rejiminin repressiyasından qorxurlar.
Honkonqda "Human Rights Watch”-ın baş elmi əməkdaşı Mayya Vanq deyir: "Biz demək istəyirik ki, Sinszyan bu gün dünyanın ən çox əzilən bölgəsidir, təkcə Şimali Koreya onu geridə qoyub”.
Çinin Vəhşi Qərbi
Sinszyan Çinin ən şimali-qərb guşəsində yerləşir, əyalətin güneyindəki Kaşqar şəhəri Pekindənsə Bağdada daha yaxındır. Bura Çinin Vəhşi Qərbi, səhra və dağlar ərazisidir. Təyyarə Urumçi əyalətinin paytaxtına enəndə görürsən ki, hər şey sarı, quru və cadar-cadardır. Burada 21 milyon insan yaşayır, bunun 10 milyonu əsasən müsəlman uyğurlardır, türk dillərindən birində danışır və görünüşcə Çinin ən böyük etnik qrupundan çinli xanlardan seçilirlər.
Sinszyan əyaləti
Çində şimali-qərb əyaləti Sinszyanda 10 milyona yaxın uyğur yaşayır. Uyğurlar türk dilində danışan, milli, əsasən müsəlman azlıqdır. Uyğurlar Sinszyanın 21 milyon sakininin, təxminən, 46%-i, çinli xanlar isə 40%-i təşkil edirlər. Çinli xanlar Çində üstünlük yaradan etnik qrupdur.
Əyalət Çin rejimi üçün strateji baxımdan önəmlidir, çünki Çində ən böyük neft və qaz tədarükçüsü və yeni ticarət marşrutları və infrastrukturların Çini qalan dünyaya bağlayacağını güman edən prezident Si Szinpinin nüfuzlu "İpək Yolu” layihəsinin mühüm qovşağıdır.
Hökumət ən qabaqcıl, çağdaş izləmə sistemlərindən istifadəyə məhz buradan başlayıb – xüsusən də türk dilində danışan müsəlman azlığa – Çin rejiminin separatizmi və islam terrorzimini qidalandıram zəmin kimi yanaşdığı uyğurlara göz qoymaq üçün.
İzləmə üsulları dəyişkən və qarşılıqlı şəkildə bağlıdır. "Human Rights Watch” hökumətin biometrik məlumatlar topladığı üsulu – DNT nümunələri, sifətin rəngbərəng dərisnin skan olunması, sakinlərin barmaq izləri və səs nümunələri – ifşa edib. Məqsəd adamlar xüsusən də əyalətin şəhərlərində hər yerdə qurulmuş izləmə kameralarından yan keçərkən onları tanımağı asanlaşdırmaqdır.
Baxışlarını səmaya qaldırsan, orada süzən göyərçinləri görərsən. Amma bunlar heç də quş deyil. "South China Morning Post” qəzetinə inansaq, Çin rəhbərliyi son zamanlar Sinszyanda vəzifəsi yerdəki adamları güdmək olan qəttəzə robot göyərçinləri səmaya buraxıb. Dronlar əsil göyərçinin hərəkətinin 90%-i yamsılayır.
Uyğurlar mikroskop altında
Məlumatlar Çinin bütün sakinlərində olması gərəkən milli eyniyyətləşdirmə nömrələri altında yığılır. Amma hər şey bununla bitmir. Hökumət həmin eyniləşdirilmiş nömrələr altındaca vətəndaşların rəqəmsal izlərini toplayır – onların telefon vərdişlərini, istehlak etdikləri elektriki, alqı və şəbəkədə kommunikasiyalar haqda məlumatları.
Alqoritmlər "Joint Operation Platform IJOP” adlı böyük kompüter proqramının köməyi ilə ayrı-ayrı adamlar haqda məlumatları işləyir və adamın davranışı normadan qırağa çıxdığı halda – məsələn, telefona görə hesab ödəməyi unudur, xaricdə yaşayan kimləsə təmasa girir, ya da, sadəcə, şübhəli şəxslərlə ünsiyyətdə olur – polis uyğun tövsiyələr alır.
"Human Rights Watch”-dan izləmə üçün məlumat toplanışının necə həyata keçirildiyini sənədli sübut edən Mayya Vanq deyir: "Bu, heç kimin yayına bilməyəcəyi izləmə şəbəkəsidir. Uyğurlar, sadəcə, mikroskop altındadır. Sinszyan artıq çoxdan dünyada ən çox nəzarət edilən yerlərdən biridir, amma indi izləmədən qaçmaq heç kimə müyəssər olmur”.
Hökumət yenilikləri keyfiyyətli, köhnə izləmə üsulları ilə uzlaşdırır. 2018-ci ilin əvvəlində Sinszyanda müsəlman ailələrin evlərinə daimi gəlişlər başlanıb. Dövlət qulluqçuları – məmur və müəllimlər – kəndlərdə yerli müsəlmanların evlərinə iki aydan bir baş çəkirlər. Onlar bu və ya başqa evdə, ən azı, beş gün boyu qalır və ailələrin dini və siyasi baxışları haqda məlumat toplayırlar. Onlar ailəyə hələ çincə danışmağı və Çin milli himnini oxumağı da öyrətməlidirlər. "Human Rights Watch” iddia edir ki, heç nə bu cür gəlişlərdən imtinanın mümkünlüyünə işarə etmir.
ABŞ-da Yeni Orleandakı Loyola Universitetinin müəllimi Rayan Tam deyir: "Sinszyan – Şimali Koreyadakı ilə rəqabət aparan polis dövlətidir, amma haçansa Cənubi Afrikadakı kimi irq prinsipi üzrə həyata keçirilir”.
2009-cu il iğtişaşları
Sinszyanda nə baş verdiyini anlamaq üçün 2009-cu ilə qayıtmaq gərəkdir. O vaxt uyğurlarla bu gün əhalinin yarıdan azını təşkil edən çinli xanlar arasında ciddi iğtişaşlar qopub.
Uyğurlar uzun müddət hiss ediblər ki, dilləri, mədəniyyətləri və dinləri əksəriyyəti əyalətə son illərdə gəlmiş çinli xanlar tərəfindən zülmə düçar olur. Çinli xanlar isə öz növbəsində hesab ediblər ki, onlar Çinin yoxsul diyarına inkişaf və iqtisadi irəliləyiş gətiriblər.
O yayda Çinin başqa bir yerində bir neçə uyğur qətlə yetiriləndən sonra qəzəb kasası daşıb. Urumçinin tozlu küçələrində döyüşlər başlanıb, 197 nəfər həlak olub, demək olar, 2000-i yaralanıb.
Mən iğtişaşları işıqlandırmaq üçün bir neçə gün sonra əyalətə gələndə şəhər əhalisi elə qaynaşırdı ki, sanki tavanın qapağı indicə havaya uçacaqdı. Həm uyğurlar, həm də çinli xanlar məni növbəylə dar döngələrə çəkir, qulağıma bir-birlərinə ünvanlanan kinli sözlər pıçıldayırdılar. Elə o zaman sıx nəzarət edilən əyalətdə əcnəbi jurnalsitlərə yol tapa bilmirdilər, jurnalistlərlə söhbət şübhəli davranışın əlaməti idi və indi də belədir.
İğtişaşlar Çin rejimini Sinszyanda onsuz da sərt olan təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib, bundan sonra isə radikal köklənən müsəlman uyğurlar Çinin başqa rayonlarında qurbanlar tələb edən bir neçə terakt həyata keçiriblər. 2014-cü ildə ekstremizmin kökünü kəsmək üçün "Terrorla xalq savaşı” adlı kampaniya başlanıb.
Yeni partiya bossu Tibetdən gəlib
2016-cı ildə yeni partiya bossu işə başlarkən kampaniya yeni ölçü alıb. Çen Kvanqvo (Chen Quanguo) Çinin iğtişaşlar didən başqa bir əyalətindən – nəzarətin effektli şəkildə sərtləşdirildiyi Tibetdən gəlib. İndi növbə Sinszyana çatıb. Təhlükəsizlik tədbirləri büdcəsi önəmli şəkildə artırılıb, Sinszyanda hər yerdə yeni siyasi islah düşərgələri meydana çıxmağa başlayıb.
Adrian Sents Almaniyanın Korntal şəhərindəki Avropa mədəniyyət və ilahiyyat məktəbində (European School of Culture and Theology) Çinin Tibet və Sinszyandakı milli siyasətini araşdırır. Adrian Sents nağıl edir: "Çen Kvanqvo 2017-nin martında müsəlmanlara qarşı yüz minlərlə müsəlmanın həbsindən tutmuş islah düşərgəsinə göndərməyə qədər sərt kampaniyaya başlayıb”.
О, Sinszyanda yerli hökumətin düşərgələri üçün vakansiyalar, büdcə hesabatları və tenderlər haqda məlumatları analiz və müqayisə edərək islah düşərgələrinin varlığı və miqyasının sübutlarını toplayıb. Onun sözlərinə görə, AR informasiya agentliyinin məlumaıtna əsasən, varlığını Çin rejiminin rəsmən inkar etdiyi düşərgələrdə hazırda bir neçə yüz mindən bir milyondan artığa qədər dustaq yerləşir. Adrian Sents deyir: "Durumu uzun müddət ərzində olduğundan, ola bilsin, "mədəni inqilab” dönəmindən (1966-1976-red.) bəri xeyli pisdir. Adamlar sadəcə, yox olurlar və bunu heç kim heç cür izah etmir. Söhbət etməyə müyyəsər olduğum bütün uyğurların islah düşərgələrində ailə üzvlərindən, ya da tanışlarından kimsə var. Sinszyanda hələ heç vaxt indiki qədər qorxuda olmayıblar”.
Onu valideynlərinin evində həbs ediblər
AR-ın məlumatına əsasən, Omir Bəkali bir dəfə martın 23-də səhər soyuğunda Qazaxıstandakı evindən Sinszyana işə gedib. O, yolüstü biri etnik uyğur, digəri etnik qazax olan valideynlərinə baş çəkməliydi. Omir Bəkalinin özü 1976-da Çində doğulub, amma 2006-da Qazaxıstana köçüb.
O, avtomobillə əyalətdəki çoxsaylı NBM-dən birinə yaxınlaşanda özünün köhnə Çin eyniləşdirmə kartını təqdim edib. Səhəri günü onu valideyn evində həbs ediblər. Əvvəlcə yeddi ayı adi həbsxanada keçirib, sonra isə onu islah düşərgəsinə keçiriblər. Burada onu başqa dustaqlarla bərabər qapalı otaqda saxlayıblar; otaqda da, tualetdə də izləmə kameraları quraşdırılmışdı. O, gündə bir neçə dəfə islama etiqaddan imtina etməli, özünü tənqidlə məşğul olmalı və Çin kommunist partiyasına təşəkkür etməliydi.
"Biz ekstremizmə qarşıyıq, biz separatizmə qarşıyıq, biz terrorizmlə mübarizə aparacağıq” – o və qalanları bu sözləri bir də, bir də təkrar etməliydilər.
Kommunist partiyasını sevməliydi
Tarixçi Rayan Tam izah edir ki, islah düşərgələri uyğurların düşüncə tərzini dəyişmək və kommunist partiyasını sevməyə məcbur etmək məqsədi güdür. Küçələrdən cavan kişi müsəlmanları da uzaqlaşdırmaq qarşıya qoyulub – xüsusən də onlar Sinszyandakı sabitliyə potensial təhdid təşkil edə biləcəklərinə görə.
Rayan Tam deyir: "Bu, insanları son dərəcə müti edən və qorxunc təsirə malik olan olduqca effektli sistemdir, çünki uyğurların hamısı bu islah düşərgələrindən yoxa çıxmış kimlərisə tanıyır”.
Omir islah düşərgəsində cəmi 20 gün keçirməklə intihara hazır idi. Amma ümumilikdə səkkiz ay dustaqlıqdan sonra onu gözlənilmədən azadlığa buraxıblar. O, keçən ilin 4 dekabrında Çindən çıxa və evə, Qazaxıstana qayıda bilib.
O əvvəlcə istəmirdi ki, AR jurnalsitləri onun tarixçəsini ictimai şəkildə nağıl etsinlər. O da bir çox başqaları kimi qorxurdu ki, Sinszyanda qalan valideynləri və bacısını həbs edərlər. Lakin bu ilin yazında qabaqca bacısını, sonra ata və anasını da islah düşərgəsinə göndəriblər.
Və Omir Bəkali onda fikrindən daşınıb. AR-ın müxbirlərinə deyib: "İtirməli heç nəyim yoxdur”.
Tərcümə Strateq.az-ındır.