8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəstəliklərin baş alıb getdiyi bir dövrdə dərman qiymətlərinin bahalığı əhalinin güzəranını bir az da ağırlaşdırıb.
Tərkibi və göstəriciləri eyni olsa da, qiyməti fərqli olan dərmanların sayı kifayət qədər çoxdur.
Həkim xəstəyə resept yazır, bundan sonra onlar qohumları bir neçə aptek gəzir, dərmanların qiymətini öyrənirlər. Sonra alıcı dərmanların daha ucuz qiymətə satıldığı aptekdən onu alır. Bu da alıcıların həm vaxtını aparır, həm də əsəblərinin gərginləşməsinə səbəb olur.
Sozcu.info xəbər verir ki, Səhiyyə Nazirliyindən oxu.az-a bildirilib ki, eyni tərkibli dərmanların müxtəlif qiymətə satılması istehsal olunduğu ölkədən asılıdır:
"Dərmanın istehsalçısı patent hüququ alır. Dərmanın hazırlanması zaman çəkdiyi xərcləri çıxarmaq üçün orijinal dərman vasitəsini həmin istehsalçı istehsal edir. Bütün dünyada proses belədir. Patent hüququ bitdikdən sonra digər istehsalçılar eyni dozada, eyni tərkibdə, eyni formada həmin dərmanın istehsalına başlaya bilərlər. Bizim qiymətə müdaxilə etməyə heç bir hüququmuz yoxdur".
Səhiyyə Nazirliyinin tabeliyində olan "Analitik Ekspertiza Mərkəzi" MMC-dən deyiblər ki, bir çox parametrlər dərman vasitələrinin qiymətinin tənzimlənməsinə və müəyyən olunmasına təsir edə bilər:
"Azərbaycan Respublikasında dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən təyin olunduğu üçün həmin proses zamanı məhz hansı amillərin nəzərə alındığını Şura tərəfindən qeyd olunması daha uyğundur".
Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə açıqlamasında qeyd edib ki, eyni tərkibli dərmanlar elə müxtəlif qiymətə satılmalıdır:
"Dərmanın tərkibində təsiredici maddə olur. Həmin dərmana əlavə maddələr də qatıla bilər. Onların hazırlandığı ölkədən asılı olaraq, qiymətlərdə fərqlilik özünü göstərir. Məsələn, aspirin dərmanı Türkiyə, Rusiya, Almaniya və Bolqarıstanda hazırlanır və ölkəmizə marka adları ilə idxal olunur. Tərkibi eyni olsa da, qiymətləri eyni ola bilməz".
Deputat qeyd edib ki, bir ölkədən gətirilən dərman apteklərdə eyni qiymətə satılmalıdır:
"Qiymət fərqi varsa, bu, qanunun pozulmasıdır".
Professor Adil Qeybullanın sözlərinə görə, eyni tərkibli dərmanlar müxtəlif ölkələrdə istehsal olunduğu üçün fərqli qiymətə də satılır:
"Avropada istehsal olunan dərman Orta Asiya istehsalından 20 dəfə bahadır. Avropada dərmanlar yüksək texnologiyalarla hazırlanır və keyfiyyətli olur. Bunun üçün də baha qiymətə satılır".
Dərmanların keyfiyyət parametrlərinə gəldikdə, bu məsələdə problemlərin olduğun deyən Adil Qeybulla bildirib ki, bəzən antibiotiklər təsirsiz olur:
"Onlara Səhiyyə Nazirliyinin müxtəlif laboratoriyaları rəy verməlidir və dərmanlar satışa buraxılmalıdır. Amma laboratoriya müayinəsindən keçməyən dərmanlar da az deyil. Biz dərman bazarında arzuolunmaz vəziyyətlə üz-üzəyik. Dərmanların bəziləri saxtadır.
Avropada istehsal olunan dərmanlar Rusiyada da hazırlanır və müxtəlif ölkərə idxal olunur. Azərbayacan da bu siyahıya daxildir. Vətəndaşın seçimi yanlış olsa da, bu məsələ yalnız onların imkanı daxilində deyil. Dövlət dərman maddələrinin dövlət reyestrini yaratmalıdır. Dərmanların adı yazılmalı və haqqında məlumat verilməlidir".