Dövlət Gömrük Komitəsində müəmmalı olaylar baş verir


Dövlət Gömrük Komitəsində müəmmalı olaylar baş verirBəzi Gömrük İdarələrində "paket”lərin  verilməsi dayandırıldı

Prezident İlham Əliyev gömrük xidmətinin işinin şəffaflaşdırılması ilə bağlı səsləndirdiyi bəyanatın əks-sədası cəmiyyətdən çəkilməmiş Dövlət Gömrük Komitəsində müammalı, normal məntiqlə izah edilməsi qeyri-mümkün olan olaylar baş verir. Məsələn, DGK-nin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general –mayor Güloğlan Muradlı Komitə sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılaraq bu əmrə kimi rəis olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib. İdarə rəisliyindən rəis müavinliyinə keçirilən Güloğlan Muradlınının yerinə isə bir müddət əvvəl Balakən Gömrük İdarəsinə rəisi vəzifəsindən azad edilən Baba Salayev gətirilib. Çox maraqlııdr ki, Baba Salayev əvvəllər Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini işlədiyi bildirilir. Dövlət Gömrük Komitəsi baş verən kadr dəyişikliklərini adi prosedur qayda, Komitə daxilində adi yerdəyişmə kimi qiymətləndirsə də, burada qeyri-adilik ilk baxışdan diqqəti cəlb edir. Belə ki, uzun illər Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi işləyən və general –mayor rütbəsinə kimi yüksələn Güloğlan Muradlının vəzifəsi  heç bir səbəb göstərilmədən aşağı pilləyə keçirilir. Əgər Güloğlan Muradlının nöqsanı varsa, bu niyə qeyd edilmir. Yox əgər onun faəliyyətində nöqsan olmayıbsa, o zaman niyə baş idarə rəisiliyindən rəis müavinliyinə keçirilib. Burada qeyri-adilik var və heç şübhəsiz ki, bu məsələnin arxasında çox incə məqamlar var. DGK-dəki mənbəmiz bildirir ki, gömrük orqanlarında təxminən 24 il qüsursuz xidmət etmiş azsaylı kadrlardan olan Güloğlan Muradlı gömrükdə korrupsiyaya bulaşmamış nadir rəhbər şəxslərdən də biri kimi tanınıb. Mənbə bildirir ki, bütün bu keyfiyyətlərinə baxmayaraq onun bu günə kimi bu vəzifədə qaqlması da gömrükçülər arasında həmişə təəcüblə qarşılanıb. Çünki, yüksək savadlı hüquqşunas və gözəl mütəxəsis olmasına baxmayaraq  Güloğlan Muradlı DGK-də bütün sədr müavinləri və bütün aparıcı baş idarələrinin rəislərindən fərqli olaraq əslən Naxçıvandan olmayıb. Bu gün DGK-də komitə sədrinin bütün müavinləri və aparıcı baş idarələrin rəisləri hamısı əslən Naxçıvandan olan şəxslərdir. Belə bir vəziyyətdə DGK-nin aparıcı baş idarələrindən birinə əslən Naxçıvandan olamayan birinin, Güloğlan Muradlının rəhbərlik etməsi gömrükçülər arasında təəccüblə qarşılanırdı. Mənbəmiz bildirir ki, gömrük orqanları vasitəsilə idxal-ixrac üzərində uzun illərdir monopoliya yaradn klanın bu günə kimi Güloğlan Muradlının bu vəzifədə qalmasına səbəb onun savadlı mütəxəsis və heç nəyə qarışmayan birisi olması ilə bağlııdr. Mənbəmiz bildirir ki, görünür iqtisadi böhran dərinləşəndən sonra idxal-ixrac üzərində uzun illərdir monopoliyasını saxlayan klan Güloğlan Muradlının yerinə öz kadrını gətirmək istəyib. Mənbəmiz qeyd edir ki, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin yeni rəisi Baba Salayevin kimin kadrı olması ilə bağlı iki müxtəlif məlumat var. Birinci məlumat ondan ibarətdir ki, Baba Salayev DGK-də əsas söz sahibi Səfər Mehdiyevə yaxın kadrdır. Oxucularımıza aydın olsun deyə qeyd etmək istəyirik ki, uzun illərdir belə bir rəy yaranıb ki DGK-nin sədr Aydın Əliyev olsa da, əsas söz sahibi onun birinci müavini Səfər Mehdiyevdir. Bütün kadr dəyişiklikləri və idxal-ixrac əməliyyatları onun iradəsi ilə gerçəkləşir. Bununla bağlı mətbuatda çoxsaylı yazılara da rast gəlmək olar. Mənbəmizin məlumatına görə, ikinci fikir ondan ibarətdir ki Baba Salayev ölkədə baş "monopalist” kimi tanınan Əbülfəz Məlikova daha yaxın kadrdır. Hələlik təsdiqlənməyən məlumata görə, Baba Salayev gömrük orqanlarından əvvəl Əbülfəz Məlikovun idxal-ixrac əməliyyatları üzərində monopoloyanı həyata keçirən "Transbroker” Məhdud Məsuliyyətli Cəmiyyətdə çalışıb. Bu məlumatları dəqiqləşdirəcəyini və bizə bilgi verəcəyini vəd edən mənbəmiz qeyd edir ki, ölkə iqtisadiyyatında yaşanan dərin böhran artıq gömrükçüləri də vurmaqdadır. Belə ki, Dövlət Gömrük Komitəsinin yerli strukturlarından olan Xəzər Dənizində Azərbaycan Respublikası İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşlarına  dekabr ayı üçün "paket”lər verilməyib. Məlumata görə, hələlik yalnız Xəzər Dənizində Azərbaycan Respublikası İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşlarının "paket”lərinin kəsilib. Bu halın ümumi xarakterli olmadığını, buna görə burada mənimsəmə faktının ola biləcəyi də istisna edilmir. Mənbəmizin sözlərinə görə, bunun başqa bir səbəbi Dövlət Gömrük Komitəsinin rəhbərliyi qurumun ləğv olunaraq Vergilər Nazirliyinə birləşdirilməsi ehtimalına ciddi yanaşdığı üçün gömrükçülərə bu günə kimi mütamadi qaydada verilən "paket”lərin indi kəsilməsindən narahat olmaması ilə bağlı da ola bilər. DGK-də yaşanan bu müammalı olayları izləməkdə davam edəcəyik. Yazıda adı çəkilən şəxslərin və DGK-nin rəhbərliyinin də movqeyini dinləməyə hazırıq. Oxucularımıza isə bildirmək istəyirik ki, qəzetimizin Araşdırma Qrupu baş "monopolist” kimi tanınan Əbülfəz Məlikovun idxal-ixrac əməliyyatları üzərində nəzarəti tam öz əlinə almasının səbəbləri, "Transbroker” MMC-nin şefinin sayasi dayaqları ilə bağlı əldə etdiyi məlumatlar əsasında hazırladığı araşdırmanı yaxın saylarımızın birində oxuya biləcəksiniz.

"Yeni Sözçü” qəzetin Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti