PREZİDENTƏ YAZILAN MƏKTUBLARIN QARŞISINI KİMLƏR ALIR?

PREZİDENTƏ YAZILAN MƏKTUBLARIN QARŞISINI KİMLƏR ALIR?

 

Görünür, dövlət başçısının Ağsu və Şamaxı səfərləri zamanı əhalidən məktubları şəxsən özünün alması bununla bağlıdır

Zeynal Nağdəliyev çoxsaylı müraciətlərin prezidentə çatmasına, məktubların araşdırılmasına və tədbir görülməsinə imkan vermir?

Etiraf etmək lazımdır ki, son illər ərzində əhalinin məmurlara və bəzi dövlət qurumlarına olan inamı ciddi şəkildə sarsılıb. Elə bu səbəbdən də vətəndaşlar üzləşdikləri problemlərin ictimailəşdirilməsi, o cümlədən onların həlli məqsədiylə aidiyyəti orqanlara deyil, məmur özbaşınalıqlarını işıqlandırmağa cəsarəti çatan kütləvi informasiya vasitələrinə müraciət edirlər. Qeyd edək ki, "Hürriyyət" olaraq biz də az qala hər gün paytaxtın, eləcə də ölkənin müxtəlif rayonlarından olan insanların şikayətlərini dinləyib, mümkün qədər onların üzləşdiyi problemlərin həllinə nail olmağa çalışırıq. Təbii ki, bu, mətbuat orqanı olaraq peşə borcumuzdur. Odur ki, bu istiqamətdə əlimizdən gələni edirik.

Məmurların vətəndaşların problemləri ilə maraqlanmaması əhalinin səlahiyyətli şəxslərə və dövlət qurumlarına inamsızlığına səbəb olub

Əslində bu, həm də onu deməyə əsas verir ki, son illər aidiyyəti qurumların görməli olduqları işin önəmli bir hissəsi mətbuat tərəfindən həyata keçirilir. Lakin o da bir faktdır ki, biz media nümayəndəsi olaraq yalnız problemləri işıqlandıra, müvafiq qurumları bu barədə məlumatlandıra bilərik. Bundan sonrası isə məmurların öhdəsinə və insafına qalmış məsələdir. Elə əsl həngamə də bundan sonra başlayır. Çünki məmurların bir qismi, əsasən də icra başçılarının böyük əksəriyyəti özlərini xalqın xidmətçisi kimi deyil, ağası kimi aparırlar. Onların əsas məqsədi vəzifə səlahiyyətlərindən istifadə edərək gəlirlərini imkan qədər daha çox artırmaq, bahalı avtomobillərinin, əzəmətli villalarının sayını çoxaltmaq, bizneslərini inkişaf etdirməkdir. Buna görə də sadə vətəndaşların problemləri onları bir o qədər də maraqlandırmır. Bu isə son nəticədə əhalinin səlahiyyətli şəxslərə və dövlət qurumlarına inamsızlığına səbəb olur. Görünür, vəziyyətdən xəbər tutan ölkə başçısı İlham Əliyev artıq əhali ilə məmurların vasitəçiliyi olmadan birbaşa ünsiyyət qurub, onların problemləri ilə maraqlanmağı qərarlaşdırıb. Biz prezidentin martın 6-da Ağsuya səfəri zamanı rayon sakinləri ilə görüşündə bunun şahidi olduq. Belə ki, "Ağsuda zəlzələ nəticəsində dağılmış bütün evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq" deyən dövlət başçısı ilk dəfə olaraq əhali tərəfindən ünvanlanmış məktubları şəxsən özü alıb və qeyd edib ki, Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verilib: "Dağılmış evlərin yerində artıq bu gün yeniləri tikilir. Bütün dağılmış evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq. Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim".

"Bu görüşdə qabaqcadan müəyyən olunmayan vətəndaşların dövlət başçısı ilə birbaşa təmasına, hətta şikayət məktubları təqdim edilməsinə maneçilik yaradılmayıb"

Onu nəzərinizə çatdıraq ki, bununla bağlı jurnalistlərə açıqlama verən prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin sözlərinə görə, hər bir dövlət qulluqçusunun qarşısında vətəndaşlarla daha sıx ünsiyyət qurmaq barədə vəzifə qoyulub. Ölkə başçısının bölgələrə səfərlərinin, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanmasının bunun bariz nümunəsi olduğunu deyən Zeynal Nağdəliyev Şamaxı və Ağsuda əhali tərəfindən dövlət başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib. O, qeyd edib ki, əhali ilə keçirilən görüşlərdə prezidentə təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. O bildirib ki, bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq: "Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Zeynal Nağdəliyevin sözlərinə görə, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.

Bu arada, dövlət başçısının Ağsu və Şamaxıya səfəri ilə bağlı fərqli məqamları şərh edən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, sözügedən səfərləri əvvəlkilərdən kəskin fərqləndirən iki mühüm məqam var. Belə ki, "Bu görüşdə adi, qabaqcadan müəyyən olunmayan vətəndaşların dövlət başçısı ilə birbaşa təmasına, hətta şikayət məktubları təqdim edilməsinə maneçilik yaradılmayıb" deyən Osman Gündüz bildirib ki, əvvəlki görüşlərdə bu tip imkanlar təsadüfi ola bilərdi: "Hər şey protokola uyğun olaraq, XDMX-nin və polisin ciddi nəzarəti ilə aparılırdı. Rayonlarda söhbət etdiyim insanlar görüşlər zamanı hətta uzaqdan baxmaq üçün ciddi problem yaradıldığını bildirirdilər. İndi isə tam fərqli bir situasiyadır. Həm də bu cür məktub təqdim edilməsindən sonra prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bütün şikayətlərin dərhal nəzarətə götürüldüyünü də açıqlayıb. Bu, əslində məmurlar üçün olan mesajdır". Sovet dövründə "orq otdel"in icra sistemində ən ciddi, ən üstün vəzifə hesab olunduğunu vurğulayan Osman Gündüz qeyd edib ki, bütün vəzifəlilər bu qurumdan çəkinərdilər: "Bütün icra başçıları və bütün təyinatlar birbaşa bu şöbəyə tabe idi. Əgər görüşdən sonra, keçmiş komsomol kadrı, öz sahəsi üzrə peşəkar olan Zeynal müəllim bu tip açıqlamalar veribsə demək vətəndaşları narazı salan məmurlarla bağlı tam yeni yanaşma olacağını gözləmək olar. Zeynal müəllimin icra başçılarına dolayısıyla demək istədiyi odur ki, artıq məktubların ünvanına yetişməyəcəyinə arxayın olmasınlar".

Məmur, icra başçısı və ya dövlət qurumu ilə bağlı ölkə başçısına ünvanlanan məktublar kimin şəxsi maraqlarının təmin olunması üçün istifadə olunur?

Beləliklə, əhalinin məmurlara, icra başçılarına və dövlət qurumlarına inamının sarsıldığını nəzər aldıqda, birmənalı şəkildə demək olar ki, prezidentin əhalidən məktubları şəxsən özünün alması ən doğru addımdır. Çünki indiyədək dövlət başçısına ünvanlanan məktubların yollarda it-bata düşməsinə, kimlərinsə müraciətlərin ölkə başçısına çatmasına imkan verməməsinə, məktubların yüksək çinli məmurların stolunun üstündə qalmasına dair yetərincə informasiya yayılıb. Nə qədər qəribə olsa da, həmin şəxslər sırasında ölkə başçısının ərazi-təşkilat məsələləri üzrə köməkçisinin də adı hallanır. Belə ki, bu barədə internet üzərindən apardığımız araşdırma zamanı Zeynal Nağdəliyevin çoxsaylı müraciətlərin prezidentə çatmasına, məktubların araşdırılmasına və tədbir görülməsinə imkan vermədiyinə dair şikayət xarakterli yazılara rast gəldik. Ümumiyyətlə, bu kimi səbəblər üzündən əhali arasında "Şikayət etməyin heç bir mənası yoxdur. Onsuzda baxan olmayacaq" tipli fikirlər geniş yayılıb. İş o yerə çatıb ki, artıq mədəniyyət və incəsənət xadimləri belə, prezidentə müraciətlərinin ünvanına çatmadığını açıq şəkildə bəyan edirlər. Məsələn, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov ölkə başçısının mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı bildirib ki, babası Süleyman Ələsgərovun 90 illiyi ilə bağlı ailəsi adından prezidentə ünvanladıqları məktub prezidentə çatmayıb.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bir müddət əvvəl üzləşdiyi problemin müvafiq qurumların diqqətinə çatdırılması və həlli məqsədiylə "Hürriyyət"ə müraciət edən nüfuzlu qurumlardan birinin sabiq əməkdaşı vətəndaşların prezidentə ünvanladıqları məktublarla bağlı sensasion bilgilər verib. Həmin şəxsin sözlərinə görə, ölkə başçısına ünvanlanan müraciətlər onun çalışdığı qurumun rəhbərliyinin masasının üzərinə gəldikdən sonra şikayət olunan şəxsin qara günləri başlayır: "Belə ki, bir zamanlar əməkdaşı olduğum qurumun yetkili şəxslərinin göstərişi ilə prezidentə ünvanlanmış məktublarda adı çəkilən, daha doğrusu şikayət olunan şəxslərin - icra başçıları və digər məmurlar barəsində ölçü götürülmək əvəzinə, məktubun ölkə başçısına çatmaması üçün onlardan "ödəniş" tələb olunurdu". Şübhəsiz ki, bu cür hallar "Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim" deyən dövlət başçısının əhali ilə birbaşa ünsiyyətini, vətəndaşların müraciətlərini şəxsən nəzarətə götürməsini zəruri edir. Ümid edirik ki, bundan sonra hər hansı bir məmur, icra başçısı və ya dövlət qurumu ilə bağlı ölkə başçısına ünvanlanan məktublar kimlərsə tərəfindən it-bata düşməyəcək, onlardan hansısa vəzifə sahibinin şəxsi maraqlarının təmin olunması üçün istifadə olunmayacaq.



Oxşar Xəbərlər

Xəbər lenti