8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nəsiman Yaqublu: "Azərbaycanda heç bir aprel inqilabı baş verməmişdi...”
"Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi olmamışdı, Azərbaycan işğal edilmişdi”
Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci qırmızı ordunun 1920-ci il aprelin 28-də Bakıya daxil olmasından və Azərbaycan Demokratik Respublikasını devirməsindən 99 il ötsə də, Azərbaycanın bu işğal tarixini heç vaxt unutmamalıyıq. Ona görə ki, unutduqca tarix təkrar oluna bilir. Çünki hər kəsə də bəllidir ki, SSRİ imperiya kimi dağılsa da, onun varisi olan Rusiya bu gün də Cənubi Qafqazdan, o cümlədən də Azərbaycandan gözünü çəkməyib, nə də çəkmək niyyəti yoxdur.
Əslində, Dağlıq Qarabağ və ətraf rayonları Ermənistan tərəfindən işğal olunduğu qeyd olunsa da, məlumdur ki, ermənilər Azərbaycan ərazisini öz gücünə işğal edə bilməzdi, burada birabaşa Rusiya faktoru var. Bu baxımdan da 1920-ci il 28 aprel tarixi hər il qeyd olunmalı, Rusiyanın Azərbaycanı tarixən də, bu gün təzyiqlərə məruz qoyduğu ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Çünki keçmişini unudan millətin gələcəyi də olmaz. Ona görə ki, biz unutduqca və mübarizə əzmimiz qırıldıqca, bizə təzyiq daha da artır, dövlətimiz, xalqımız zərbə almaqda davam edir.
Bu gün Rusiya Ermənistan vasitəsilə Azərbaycanı yenə də nəzarətdə saxlayır ki, bu baxımdan biz hələ də tam azad deyilik. Hətta yeri gələndə qismən azad olduğumuzu da burnumuzdan tökürlər.
SSRİ dağıldığı vaxtdan 30 ilə yaxın bir vaxt keçsə də, bu gün də Rusiyada SSRİ-nin dağılmasından pərişan olan və SSRİ-ni xəyalən arzulayanlar var. Onlar hətta bu yöndə təşkilat da yaradırlar. Xatırlayırsınızsa, ötən ay Moskvada SSRİ-ni bərpa edən qrup peyda olmuşdu. Həmin təşkilatın rəhbərlərindən biri olan Vladimir Kladinov deyib ki, qurum 2018-ci ilin fevralında yaranıb və "ölkənin bərpası” uğrunda mübarizə aparan vətəndaşların təşkilatıdır. Hətta təşkilatın üzvləri illuziyaya qapılaraq qeyd ediblər ki, Sovet İttifaqının bərpası 2019-cu ildə baş tuta bilər. Hansı ki, bu barədə söhbət gedə bilməz.
Qeyd edək ki, bütün Rusiya üzrə bu və ya digər səviyyədə SSRİ-ni həyata qaytarmağı arzu edən ona yaxın təşkilat var. Bu da bizim hələ də saf sandığımız ruslar... Əslində, saf olan bizik ki, bu gün də onların saf olduğunu iddia edirik. Əksinə onlar böyük məsələlərdə oyunçu, biz isə məişət səviyyəsində oyunçuyuq. Çünki faktiki olaraq "qırmızı ordu” 1920-ci il aprelin 28-də bizim dövlətçiliyimizi, milli adət, ənənələrimizi oğurladı.
Bəs, Rusiya təkcə dövlətçiliyimizi oğurladı? Əlbəttə ki, yox. Rusiya həm də ən əsası təfəkkürümüzü oğurladı. 70 ildə təfəkkürü çalınan xalqın içində bu gün də Rusiyapərəst qüvvələr var ki, Rusiyanın imperiya iddiasına, ölkədə rus dilinin geniş yayılmasına xidmət edirlər. Təfəkkürün çalınmasının sonucu isə yaxşı nəsə vəd etmir...
"Azərbaycanın ərazisi 27 apreldə işğal edilib”
Sovet Rusiyasının 1920-ci ildə aprelin 28-də ölkəmizi işğal etməsi ilə bağıl tanınmış tarixçi alim Nəsiman Yaqublu "Hürriyyət”ə dedi ki bu, 28 aprel yox, 27 aprel işğalıdır: "Dünən də sosial şəbəkələrdə yanlış məlumatlar yayırdılar. Guya, Azərbaycan 28 apreldə işğal edilib. Azərbaycan 27 apreldə işğal edilib. Bizdən əvvəl bu dövləti quranların hamısı, başda Məmmədəmin Rəsulzadə olmaqla əsərlərində yazırlar ki, Azərbaycanın işğalı 27 apreldə baş verib, 28 apreldə yox. İndi bizim bəzi adamlar bu tarixi bilmədikləri halda qeyri-dəqiq məlumatları da sosial şəbəkələrdə yayıb, insanları da çaşdırırlar. Birincisi, nə üçün 27 aprel? Ona görə ki, aprelin 26-dan 27-nə keçən gecə müstəqil bir dövlətin ərazisi Xaçmaz-Yalama istiqamətindən Rusiyanın (Bu kimin ordusu idi ki? Rusiyanın ordusu idi) 11-ci ordu tərəfindən işğala başanılıb və Rusiyanın 11-ci ordusu Azərbaycan dövlətinin ərazilərinə daxil olub, Xaçmaz-Yalama istiqamətindən işğal etməyə başlayıb. Həmin günü, 27 apreldə isə müstəqil Azərbaycanın dövlət strukturları çalışırdı. Qırmızı ordu tədricən həmin bölgələrdə müəyyən silahlı qüvvələrimizin müqavimətinə rast gəlsə də, döyüş əməliyyatları aparılsa da, böyük bir sayda qoşun olub, (bəzi mənbələrdə 60, bəzilərində isə 70 min deyilir) bu qoşunla döyüşmək mümkün olmayıb. Ona görə də bunlar 27-si axşamı Bakı şəhərinə yaxınlaşıblar və axşam saat 11-12 aralarında Azərbaycan parlamentində son iclasdan sonra bunlar Bakıya daxil oldular və Bakını tamamilə öz nəzarətlərinə keçirdilər, işğal etdilər. Yəni Azərbaycanın ərazisi 27 apreldə işğal edilib. 28 apreldə isə bolşevik işğalçılar (Bunlar Rusiyanın bolşevikləridir, Yaponiyanın deyil) özlərinin bu işğalına insanları aldadan hüquqi bir əsas düzəltdilər. Guya, Azərbaycanda fəhlə və kəndlilərin istəyi ilə Sovet hakimiyyəti qurulub. Yəni işğal ayrı, bunların qondarma quraşdırdığı ad ayrı şeydir. Guya, 28 apreldə Sovet hakimiyyəti qurulub. Belə bir ad altında xalqı aldatmağa başladılar.
11-ci ordu 27 apreldə ərazimizə girdiyi halda, bunlar 29 apreldə teleqram yazıb göndərdilər ki, guya, burada sosialist inqlabı adlı bir inqilab baş verib və bu inqilab nəticəsində Azərbaycanda Sovet hakimiyyəti qurulub. Halbuki, Azərbaycanda heç bir aprel inqilabı baş verməmişdi, Sovet hakimiyətinin də qələbəsi olmamışdı, Azərbaycan işğal edilmişdi”.
"Ermənistana xoş gəlmək üçün Rusiya torpaqlarımızı alıb, yavaş-yavaş ermənilərə hədiyyə etməyə başladı”
"Mən bu gün də sosial şəbəkələrdə qeyd etdim ki, 27 aprel ilə 28 apreli bir-birinə qatmaq olmaz. Bunlar 70 il ərzində xalıqmızı 28 aprel adı ilə aldadıblar ki, Sovet hakimiyyəti qurulub. Nə Sovet hakmiyyəti? Kim o Sovet hakimiyyətini gətirib? Xalqın hansı nümayəndəsi (5-6 nəfər aldadılmış azərbaycanlı bolşevik var idi ki, onları da 37-ci ildə güllələdilər) onların gəlməsinə qol-qanad açıb, onların gəlməsinə imkan yaradıb? Versal sülh müaviləsində tanınmış, 114 min kvadmetrlik ərazisi olan Azərbaycan dövləti var idi və bu dövlət Rusiya bölşevikləri tərəfindən işğal edilib. Məsələ bundan ibarətdir.
Çox təəssüflər olsun ki, Rusiya dövləti bu işğala rəsmi şəkildə bu ideoloji adla əsas daxil etdi, 70 il Azərbaycanı özünün işğalı altında saxladı, təbii sonrdan digər respublikaları, Gürüstanı, Ermənistanı da işğal etdi və Ermənistana xoş gəlmək üçün Rusiya torpaqlarımızı alıb, yavaş-yavaş ermənilərə hədiyyə etməyə başladı. Bu da istər Dağlıq Qarabağın, istərsə də digər torpaqların alınıb ermənilərə verilməsində Rusiyanın daha bir iyrənc siyasətinin göstəricisi oldu. 1948-53-cü illərdə Ermənistan ərazisindən 100 minə yaxın azərbaycanlını köçürdü, onları oradan uzaqlaşdırdı. Nəhayət, 1988-ci ildə də orada yaşayan azərbaycanlıların tamamilə köçürülməsində də yenə Rusiya hərbiçlərinin əli olub. Həmin ildən başlayaraq Dağlıq Qarabağ ərazisinin işğal edilməsində də bilavasitə Rusiya hərbçiləri iştirak ediblər. Yəni Rusiya həmişə bu işğalçı plana ermənilərin vasitəsilə dəstək verib. Təəssüflər osun ki, o siyasət bu gün də davam etməkdədir..”,-deyə tarixiçi alim vurğuladı.