İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasinin Prezidenti seçilməsi

İlham Əliyev daxili və xarici siyasət sahəsində Heydər Əliyev kursunu inamla davam etdirərək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atdı. O, Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməyə nail olub xalqın inam və etimadını doğrultdu. Ona görə də İlham Əliyev 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də böyük səs çoxluğu ilə qalib gəldi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın neft strategiyası XXI əsrin ilk illərində daha böyük uğurla davam etdirildi. Bu mühüm və strateji əhəmiyyətli sahəyə iri həcmdə investisiyalar qoyuldu, Xəzər dənizində “Azəri”, “Çıraq”, “Günəşli” sahələrində yeni neft yataqlarının istismarına başlandı. “Şahdəniz” yatağında aparılan uğurlu qazma işləri Azərbaycanı həm də böyük həcmdə qaz istehsal edən ölkəyə çevirdi. Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə ciddi təsir etdi. Dünyanın aparıcı neft şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi həmin şirkətlərin mənsub olduğu dövlətlərlə siyasi və mədəni əməkdaşlığın genişlənməsinə imkan yaratdı.
Azərbaycan neft və qaz istehsalının sürətlə artması nəticəsində regionun və bütövlükdə dünyanın iri neft və qaz ixrac edən ölkəsinə çevrildi. 2006-cı il iyulun 13-də Bakı - Tbilisi - Ceyhan əsas ixrac boru kəmərinin inşası başa çatdırıldı. Bu neft kəmərinin çəkilməsi ilə Azərbaycanın “qara qızılı”nın dünya bazarına ən qısa və təhlükəsiz yolla çıxarılması təmin olundu. Hazırda Bakı - Tbilisi - Ceyhan neft kəməri Türkiyənin və Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilmişdir.
2007-ci Bakı - Tbilisi - Ərzurum qaz kəməri də işə salındı. Bu qaz kəməri Gürcüstanın və Türkiyənin təbii qaza olan tələbini ödəməklə yanaşı, Azərbaycan qazının Türkiyə vasitəsilə Yunanıstana və digər Avropa ölkələrinə ötürülməsinə də imkan verdi. Azərbaycan təbii qazının Avropaya daha böyük həcmdə çıxarılması üçün 2013-cü ilin dekabrında bir sıra Avropa dövlətlərinin nümayəndələrinin iştirakı ilə müqavilə imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “XXI əsrin müqaviləsi” adlandırdığı bu sənəd Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin tikintisini reallığa çevirdi. Eyni zamanda Xəzər dənizindən İtaliyaya doğru, Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik olan yeni “Cənub” qaz dəhlizinin yaradılmasına imkan yaratdı.
2003-2015-ci illərdə Bakı ilə yanaşı, respublikamızın bölgələrində də yeni sənaye müəssisələri yaradıldı. Həyata keçirilən sosial-iqtisadi tədbirlər yerli sahibkarlığın inkişafına, əhalinin işlə təmin olunmasına və iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafına təkan vermişdirRespublikada nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilmişdir. Yeni avtomobil yolları çəkilmiş və ya yenidən qurulmuşdur. Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli Bakı - Tbilisi - Qars dəmiryolu xətti inşa edilmişdir.
XXI əsrin ilk onilliyində, demək olar ki, respublikamızın bütün rayonlarında yeni tipli və müasir avadanlıqlarla təchiz olunan məktəblər və muzeylər tikilmiş, parklar salınmışdır. Rayonların əksəriyyətində müalicə diaqnostika mərkəzləri və xəstəxanalar açılmışdır.
2007-ci ildə respublikamızda bütün çadır şəhərcikləri ləğv edilmiş, qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün bölgələrdə və Bakı şəhərinin müxtəlif rayon və qəsəbələrində müasir şəraitli yaşayış evləri tikilmişdir.
Bakı şəhərinin əhalisini yüksək keyfiyyətli içməli su ilə təmin etmək üçün dövrün nəhəng layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci ilin iyulunda verdiyi fərmana əsasən, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə “ASAN xidmət” mərkəzləri açılmışdır. Belə mərkəzlərin açılması ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə şərait yaratmışdır.
XXI əsrin başlanğıcında xalqımızın ən böyük nailiyyətlərindən biri dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların bir araya gətirilməsi, soydaşlarımızın milli hüquqlarının qorunması üçün davamlı iş aparan qurumların yaradılması olmuşdur. 2001-ci ilin noyabr ayında Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirilmiş, qurultayda 36 ölkədən gəlmiş 2 mindən çox nümayəndə və qonaq iştirak etmişdir.
Milli tariximizdə yeni bir mərhələnin əsasını qoyan bu qurultay göstərdi ki, qüdrətli Azərbaycan yaradılması üçün bütün azərbaycanlılar sıx birləşməlidirlər. Harada yaşamalarından asılı olmayaraq, Vətənin bir parçası olduqlarını unutmamalı, milli mənafeyin qorunması üçün var gücləri ilə çalışmalıdırlar. Heydər Əliyev isə dünya azərbaycanlılarını-bu qurultayın nümayəndələrini ilk dəfə bir araya gətirən böyük dövlət xadimi idi.
Dünya azərbaycanlılarının bir bayraq altında birləşməsi istiqamətində irəliyə doğru növbəti addım 2011-ci ilin iyulunda atıldı. Bakıda Dünya azərbaycanlılarının üçüncü qurultayı oldu. Qurultayda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri seçildi.
Azərbaycanın ərazi bütövlüyünün pozulması və torpaqlarımızın 20 faizinin təcavüzkar Ermənistan dövlətinin işğalı altında qalması dövlət büdcəsinin əhəmiyyətli bir hissəsinin hərbi xərclərə yönəldilməsinə səbəb olur. Belə ki XXI əsrin ikinci onilliyində Azərbaycan Respublikasının illik hərbi büdcəsi Ermənistan Respublikasının bütün büdcə xərclərindən çox idi. Bu da Milli Ordumuzun ən yeni hərbi texnika, silah-sursat və digər döyüş vasitələri ilə təchiz edilməsinə imkan vermişdir.
Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Atəşkəs rejimi erməni hərbçiləri tərəfindən tez-tez pozulsa da, bu təxribatların qarşısı ordumuz tərəfindən dərhal alınır və düşmən cavab atəşi ilə yerindəcə susdurulur. Bu işdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq danılmazdır. 2010-cu ilin iyununda Mübariz İbrahimov təkbaşına işğalçı Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv etdi. O, qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid oldu. Azərbaycanın bu igid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. 11 aprel 2018-ci il Prezident İlham Əliyev müsahibə verərkən belə demişdir “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan Vətəndaşları daha da yaxşıyaşasınlar.” Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir. Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın 2018-ci ildə keçirilən prezident seçkilərində cənah İlham Əliyev kimi uzaqgorən siyasi lideri dəstəkləmək düzgün mövqe tutduğunu bir daha sübut edir və etməkdədir.
Şahvələd Əhmədov
Suraxanı rayonu, 285 nömrəli məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti