Göyçayın Suvarma Sistemləri İdarəsinin rəisi haqqında ŞOK İDDİALAR


Şakir Əhmədov dövlətin külli miqdarda vəsaitini talan etməkdə ittiham olunur

Göyçay rayonu, Bığır kənd sakini Hümbətov Asif Atəş oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova və Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevə müraciət edən şikayətçi iddia edir ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan etsə də, indiyə qədər onun barəsində qanuni tədbir görülmür:

“Səbəb isə Şakir Əhmədovun talançılıqla əldə etdiyi pulun bir hissəsini yuxarı orqanlara xərcləməsidir. Beləliklə, Şakir Əhmədov dövlət əmlakını talamaqla öz cinayətinə özündən də yuxarı vəzifəli şəxsləri ortaq etmişdir. O, bu vəziyyətdən istifadə edərək, cinayət əməllərini davam etdirməkdədir. Nəticədə isə Göyçayın suvarma kanalları lildən, qamışdan təmizlənmədiyi üçün kənd təsərrüfatına ciddi ziyan dəyir.

Şakir Əhmədov dövlət mediasına müsahibə verib deyir ki, 6 ay ərzində 470 km uzunluğunda suvarma kanalları lildən, qamışdan təmizlənib. Ancaq, əslində bunlar sənədlər üzərinə yazılmış nağıllardır. 474 km kanalda lildən təmizləmə işlərini yoxlamaq lazımdır ki, necə təmizlik aparılıb. Hər bir metr kanala ən azından 1 manat xərclənəndə bu 474 000 (dörd yüz yetmiş dörd min) manat edir. Belə külli miqdarda dövlət vəsaiti xərclənib, kanallar necə lildən təmizlənib ki, əhali yenə istifadə etməyə su tapmır?!”

Şikayətçinin iddiasına əsasən, “Hunday” markalı ekskavatorlar şəxsi işlərə cəlb edilərək, hər gün Şakir Əhmədova pul qazandırır: “İdarə olunmayan avtomobillərə yanacaq yazılaraq, pulu silinir. Suvarma kanallarında olan qurğuların, ekskavatorların təmiri adı ilə pullar mənimsənilir. Staj xatirinə adı işdə, özləri uzaq ellərdə olan şəxslər var ki, maaş kartları Şakir Əhmədovun cibindədir.

Qarayazı beton kanalında əsaslı təmir zamanı dəmir armaturdan istifadə edilməyib. Ancaq kanalın təmir üçün tərtib edilmiş lahiyə smetasında betonlaşmada armaturdan istifadə edildiyi qeyd olunur. Bununla da Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov dövlətin küllü miqdarda vəsaitini mənimsəmişdir. Onun uzun müddət idarədə rəhbər vəzifədə qalması dövlət adına ləkədir.

Şakir Əhmədov talançılıq yolu ilə əldə etdiyi kapital hesabına Göyçayda 5 mənzilə, 14 obyektə sahib olub. Bütün obyektləri icarəyə verib. Bakı şəhərində, Qəbələ və İsmayıllı rayonlarında mənzillər alıb, bahalı avtomobilləri ilə “göz qamaşdırır”.

Prezident İlham Əliyevdən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovdan və Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevdən xahiş edirik ki, şikayətdə qeyd edilən faktlar yerində yoxlanılsın və Şakir Əhmədovun barəsində hüquqi tədbirlər görülsün”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti