8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ucar sakini: "Nazirlikdə əlillik dərəcəsini ancaq pulla təyin edirlər”
Ucar rayonu, Qulabənd kənd sakini Bayramova Nigar Tofiq qızı tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edən N.Bayramova anadangəlmə şikəst olan övladına əlillik dərəcəsi verilməməsindən şikayətçidir:
"Mənim övladım, 21 dekabr 2016-cı il tarixdə dünyaya gəlmiş Bayramov Məhəmməd Xalid oğlu anadan şikəst doğulub. Balaca Məhəmmədin sol qolu iflic olmaqla iki barmağı yoxdur, sağ əlinin isə iki barmağı şikəstdir.
Buna görə əlillik dərəcəsi təyin edilməsi üçün sənədləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasına göndərildi. TSEK anadan şikəst doğulmuş balaca Məhəmmədə əlillik dərəcəsi təyin olunmasından qanunsuz olaraq imtina etmişdir.
Qeyd edim ki, ilk olaraq biz bunun texniki səhv olmasını düşündük. Ancaq sonradan Ucar rayon xəstəxanasında bizə bildirdilər ki, texniki səhv deyil, konkret imtina ediblər.
Mən bu qanunsuzluq, biabırçılıq barədə Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevə ərizə ilə müraciət etdim. Ancaq 1 aydan çoxdur ki, nazir Sahil Babayev ərizəmə cavab verməyib. Sonradan mənə bildirdilər ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ərizələrə cavab vermir. Həmin nazirlikdə əlillik dərəcəsini ancaq pulla təyin edirlər. Buna görə də mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etməyi qərara aldım.
Hörmətli Mehriban xanım!
Sizdən xahiş edirəm ki, bu qanunsuzluq faktını araşdırıb, anadangəlmə şikəst doğulmuş 2 yaşlı övladım Bayramov Məhəmməd Xalid oğluna əlillik dərəcəsi təyin olunmasına köməklik edəsiniz və bu qanunsuzluğu etmiş vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.
Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.