8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vaqif Mikaylov: "Sifarişi verilən 7 nəfəri öldürmədiyimə görə məndən qisas alıb, 15 il müddətində həbs etdirdilər”
"Qarabağda vuruşmağımın və 1994-cü ildə Heydər Əliyev hakimiyyətini qiyamçılardan qorumağımın əvəzi budur?”
Bakı şəhəri, Xətai rayonu 1025, Serqey Senyuşkin küçəsi, bina 7, mənzil 40-da yaşayan Mikaylov Vaqif Məmməd oğlu tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Öncə redaksiyaya, daha sonra qəzetimiz vasitəsilə Birinci vitse-prezidentə müraciət edən V.Mikayılovun məktubunu olduğu kimi dərc edirik:
"Hörmətli redaksiya!
Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşları - İsrail Əliyev və Valeh Abdullayev - 1994-cü ilin noyabr ayında mənə sifariş verdilər ki, 7 nəfər şəxsdən 2 milyon manat pul tələb edim, versələr toxunmayım, verməsələr güllələyib öldürüm.
Mən bu sifarişi icra etmədim. Bundan 9 ay sonra, yəni 1995-ci ilin sentyabr ayında bu şəxslər məni saxta ittihamlarla həbs etdirdilər. Qapalı məhkəmə keçirdərək, məni 23 avqust 1996-ci ildə 15 il müddətinə azadlıqdan məhrum etdirdilər.
Bu gün həmin şəxslər Fövqaladə Hallar Nazirliyində yüksək vəzifədə işləyirlər, general rütbəsi alıblar. Bu qrupun təşkilatçısı indiki Fövqaladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovdur.
2010-cu ildə cəzamı çəkib qurtarmışam. Bu günə kimi işsizəm, mənə iş verilmir. Etdiyim şikayətlərə Prezident Administrasiyasında baxılmır. Şikayətim aidiyatı olmayan orqanlara göndərilir. Ərizəm Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya verilmir. Şikayətimi gizlədirlər. Bu səbəbdən Sizdən xahiş edirəm ki, müraciətimin Mehriban xanım Əliyevaya çatmasında mənə köməklik göstərəsiniz. İnanıram ki, mənim bu müraciətimə biganə qalmayacaqsınız və müraciətim Xanim Mehriban Əliyevaya çatan kimi şikayətim öz müsbət həllini tapacaq. Çünki Mehriban xanım cəsarətli, vətəndaşların şikayətlərinə obyektiv yanaşan, prinsipial, Qarabağ müharibəsində döyüşənlərə "qardaşımsınız” deyən, qayğıkeşdir, dövlətçiliyimizi qoruyanların tərəfindədir, yəni haqq-ədalət mələyidir”.
"Bu faktları cənab Bəylər Eyyubov təsdiq edə bilər”
V.Mikayılov daha sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edir:
"Hörmətli Mehriban xanım!
Mən ali təhsilli hüquqşünasam. 1975-ci ildə Heydər Əliyev cənabları mənim ali təhsil almağıma köməklik edib. Qarabağ müharibəsinin iştirakçısıyam. Hərbi zabit olmuşam. 1993-cü ildən 1995-ci ilə kimi Gəncə şəhər hərbi polis şöbəsində işləmişəm. Sabiq Baş nazir Surət Hüseynov dövlət çevrilişinə hazırlaşarkən, 19 avqust 1994-cü ildə məni işdən çıxartdırdı. Gəncə şəhərindən uzaqlaşdırdı ki, onlara mane ola bilməyim.
5 sentyabr 1994-cü ildə Prezident cənab Heydər Əliyev məni öz əvvəlki işimə bərpa etdirdi. Məni yenidən Gəncə şəhərinə hərbi polis şöbəsinə işimə göndərdilər.
4-5 oktyabr 1994-cü ildə sabiq Baş nazir Surət Hüseynovun tərəfdarları əllərində silah Gəncə şəhərində dövlət çevrilişi etmək istəyərkən, mən Prezident, cənab Heydər Əliyevin mövqeyində durmuşam. Dövlətimizi əli silahlı qiyamçılardan müdafiə etmişəm.
Bu faktları prezidentin şəxsi mühafizə xidmətinin rəisi general polkovnik cənab Bəylər Eyyubov təsdiq edə bilər. Çünki 1994-cü ilin avqust ayında mənim şikayət ərizəmi Prezident, cənab Heydər Əliyevə cənab Bəylər Eyyubov vermişdi. Bundan sonra mən öz əvvəlki işimə qaytarılmışdım.
Hörmətli Mehriban xanım!
1994-cü ilin noyabr ayında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İsrail Əliyev və Valeh Abdullayev 7 nəfər şəxsi öldürməyimə dair mənə sifariş verdilər. Əvvəl həmin 7 nəfərdən 2 milyon manat pul tələb etməli idim. Pul verməsəydilər, sonra güllə ilə vurub öldürməli idim. Mən bu sifarişi icra etmədim. Bundan sonra məni saxta ittihamlarla 5 sentyabr 1995-ci ildə həbs etdirdilər. Belə ki, 23 avqust 1996-ci ildə 15 il müddətinə azadlıqdan məhrum edildim.
İsrail Əliyev və Valeh Abdullayev bu gün Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyirlər. Nazir Kəmaləddin Heydərov onların hər ikisinə general rütbəsi verdirib.
"Sifarişi verilən 7 nəfəri öldürməməyimə görə məndən qisas aldılar”
Mənim barəmdə 23 avqust 1996-ci il tarixdə çıxarılan hökm saxtadır. Heç bir sübuta əsaslanmır. 1996-ci ildə hərbi məhkəmə "cinayət işinə” qapalı baxdı. Mən deyənləri araşdırmadı. Əksinə, cinayət işinin materiallarında olan faktları saxtalaşdırdı. Belə ki, Gürcüstan Respublikasının Dmanisi rayonunun Aşağı Qarabulaq kəndindən bir qrup şəxsin Gəncə şəhərinə gəlib, sabiq baş nazir Sürət Hüseynovun tərəfdarlarına qoşulmasına, həmin şəxslərin Gəncə şəhərində yerləşən 38 nömrəli hərbi şəhərcikdə zabitlər yataqxanasını zəbt etmələrinə, oranı cinayətkarlar yuvasına çevirmələrinə, həmin sürətçi şəxslərin törətdikləri cinayət hadisəni araşdırmaqdan ötrü xidməti vəzifəmi icra etmək üçün 38 nömrəli hərbi şəhərciyə əli silahlı əsgərlərimlə gəlməyimizə, hərbi polisin zabiti olan mənə, yanımdakı əsgərlərə həmin şəxslər tərfindən silahlı müqavimət göstərmələrinə, atışma zamanı həmin o sürətçi banditlərdən biri olan Allahyarov Zamandar Mehdi oğlunun nə səbəbə güllə ilə vurulmasına, yaralandığı üçün xəstəxanaya göndərməyimizə, o biri sürətçi banditləri tutub hərbi polis şöbəsinə gətirməyimə, həmin banditlərdən 1 ədəd avtomat silah, 4 ədəd F-1 əl qumbarası, 2 ədəd avtomat darağı, 100-ə yaxın patronlar götürməyimə, 1994-cü ilin may ayında bu faktla bağlı sürətçi banditlər barədə toplanan materialları Gəncə qarnizonu hərbi prokurorluğunun əməkdaşlarının öz icraatlarına qəbul etməmələrinə, materialları hərəkətsiz saxlamalarına, mənim Bakı şəhərinə Baş Hərbi Polis idarəsinə məlumat verməyimdən sonra Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun mühüm işlər müstəntiqi Arif Quliyevin Gəncə şəhərinə gəlib bu materialları icraatına qebul edib istintaqa başlamasına, istintaq başlanandan sonra sürətçi banditlərdən biri olan Allahyarov İfrət Mehdi oğlunun qanunsuz odlu silah, hərbi sursat saxlamasına, hərbi polisin əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə 1994-cü ildə həbs edilməsinə, 1994-cü ilin noyabr ayında sifarişi verilən 7 nəfəri öldürmədiyimə görə 1995-ci ilin sentyabr ayında, yəni 1 il 4 aydan sonra o sürətçi bandit Allahyarov İfrət Mehdi oğlunun həbsdən azad edilməsinə, onun əvəzinə məni adam öldürmə ittihamı ilə həbs etmələrinə və sair bu kimi faktlara hərbi məhkəmə hüquqi qiymət vermədi. Sifarişlə məni Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham edib, uzunmüddətli cəzaya məhkum etdilər. Özü də tək, yəni bütün o 10 maddə ilə olan cinayətləri guya mən tək törətmişəm.
Bunların hamısı cəfəngiyyatdır və sifarişi verilən 7 nəfəri öldürməməyimə görə məndən alınan qisasın nəticəsidir. Həmin 10 maddənin hamısının saxta olduğunu sübut etməyə hazıram. Təki məni çağırıb birlikdə araşdırılma aparılsın.
"Müraciətlərimi məhkəmə hökmü ilə əlaqəsi olmayan orqanlara göndərirlər”
Çox təəsüf ki, 4 aydır Sizlərə etdiyim müraciətlərimə baxmayaraq, hələsəlahiyyətli şəxslərdən bir nəfər də olsun belə, məni dəvət edib, cinayət işinin materialarını mənim iştirakımla araşdırmayıb. Nə səbəbə şikayətimə baxılmır? Mənə də qaranlıqdır.
2010-cu ildə 15 illik cəzamı çəkib qurtarmışam. Bu günə kimi işsizəm. Qardaşım və bacılarım mənə maddi yardım edirlər. Hərbi məhkəmənin 23 avqust 1996-ci il tarixli hökmünün saxtalığı barədə Sizə dəfələrlə müraciət etmişəm. Bu müraciətlər Prezident Aparatının əməkdaşları tərəfindən Sizə çatdırılmır. Müraciətlərimi məhkəmə hökmü ilə əlaqəsi olmayan orqanlara göndərirlər. Prezident aparatından uzaqlaşdırırlar. Yəni imkan vermirlər ki, müraciətim Sizə çatsın. İmkan vermirlər ki, Sizin qəbulunuza düşə bilim. Nəticədə müraciətlərim öz həllini tapa bilmir.
3 iyul 2019-cu ildən dəfələrlə Prezident Aparatına, Milli Məclisə, Rəbiyyət xanım Aslanovaya əlimlə ərizələrlə vermişəm, [email protected] , [email protected] , [email protected] saytlarına e-mail göndərmişəm. Bu günə kimi mənə rəsmi olaraq bir cavab verilməyib. Şikayətimin nəticəsi barədə mən heç nə bilmirəm. Qalmışam çıxılmaz veziyyətdə.
Mən heç yerdə işləmirəm. Məhkum olunduğuma görə, mənə heç yerdə iş verilmir. 64 yaşım var. İşləmədiyimə görə təqaüd də ala bilməyəcəyəm. Qarabağda vuruşmağımın və 1994-cü ildə Heydər Əliyev hakimiyyətini qiyamçılardan qorumağımın əvəzi budur? Mən Sizləri qorumuşam. Nə səbəbə məmurlar bu gün mənə belə münasibət göstərirlər? Sizlərin qarşınızda mənim günahım nədir?
1994-cü ildə hörmətli Bəylər Eyyubov cənabları ərizəmi Prezident Heydər Əliyev cənablarına çatdırdı. 2019-cu ildə də xahiş edirəm ki, ərizəmi Prezident İlham Əliyev cənablarına çatdırsın.
"Həbsxanadan gələndən sonra evimə məxfi kamera və səsə qulaq asmaqdan ötrü cihaz qoyulub”
Hörmətli Birinci vitse-prezident!
Həbsxanadan gələndən sonra evimə məxfi kamera və səsə qulaq asmaqdan ötrü cihaz qoyulub. Mən təqib olunmuşam, təzyiqlərə məruz qalmışam, dəfələrlə məni oğurlayıb məhv etmək istəyiblər. Bilirəm kimlər və hansı şəraitdə o cihazları evimə qoyublar. Sadəcə mənim səlahiyyətim yoxdur ki, bu faktı araşdırıb sübuta yetirim. Səlahiyyətli şəxslər tərəfindən obyektiv araşdırma aparılsa, bu məsələni də nəticədə generallar İsrail Əliyevin və Valeh Abdullayevin təşkil etdikləri aşkarlanacaq. Bütün yuxarıda qeyd etdiklərimə əsasən, Sizlərdən çox-çox xahiş edirəm ki, 23 avqust 1996-ci il tarixli hökmün ləğv olunmasında, evimə qoyulan məxfi kameranın, səsə qulaqasma cihazının aşkar edilməsində və işlə təmin olunmağımda mənə köməklik göstərəsiniz”.
Hazırladı: İ.SABİRQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.