“Sifarişi verilən 7 nəfəri öldürmədiyimə görə 15 il azadlıqdan məhrum edildim” - "FÖVQƏLNAZİR"Ə ŞOK İTTİHAMLAR

“Sifarişi verilən 7 nəfəri öldürmədiyimə görə 15 il azadlıqdan məhrum edildim”

 

Vaqif Mikayılov: "Bəylər Eyyubov Kəmaləddin Heydərovu diqqətlə dinlədikdən sonra bu barədə prezidentə məruzə edəcəyini bildirdi”

"Mən mütəmadi olaraq Kəmaləddin Heydərovla telefon əlaqəsi saxlayır, çox vacib məsələ olanda onunla görüşürdüm. Bəzi görüşlərdə Bəylər Eyyubov da şəxsən özü iştirak edirdi...”

"İsrail Əliyevlə qardaş kimi yaxın olan Kəmaləddin Heydərov mənə qaranlıq qalan səbəbdən sifarişli həbs olunmağım barədə Bəylər Eyyubova və digər səlahiyyətli şəxslərə xəbər vermədi”

Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, bina 7, mənzil 40-da yaşayan Mikayılov Vaqif Məmməd oğlu tərəfindən in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Məlumat üçün qeyd edək ki, sözügedən yazıda bəzi yüksək rütbəli məmurlarla bağlı çox ciddi faktlar açıqlandığından, ilk öncə bu məktubun qəzetimizdə dərc olunmasından ehtiyat etdik. Lakin müəllfinin vaxtilə yüksək vəzifələrdə çalışdığını və bir sıra məmurlarla yaxın əlaqələrdə olduğunu öyrəndikdən sonra məktubu dərc etməyi qərara aldıq. Hər halda V.Mikayılovun səsləndirdiyi ittihamların hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına da ehtiyacı olduğunu düşünürük. Odur ki, həmin məktubu olduğu kimi dərc edirik:

"Çox hörmətli Mehriban xanım!

Bildirirəm ki, 1993-cü ilin dekabr ayından 1995-ci ilin mart ayına kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi Polis İdarəsinin Gəncə şəhər şöbəsində işləmişəm. Ali təhsilli hüquqşünasam. Qarabağ müharibəsi iştirakçısıyam. Keçmiş MTN-nin sabiq əməkdaşları tərəfindən (İsrail Əliyev və Valeh Abdullayev) adam öldürmək barədə mənə verilən sifarişi yerinə yetirmədiyimə görə, 1995-ci il sentyabrın 5-də həbs olunaraq 15 il müddətinə azadlıqdan məhrum edildim.

Gəncə Şəhər Hərbi Polis Şöbəsində işlədiyim müddətdə müəyyən etdim ki, sabiq baş nazir Surət Hüseynovun tərəfdarları Gəncə şəhərində dövlət çevrilişinə hazırlaşırlar. Onlara meylli adamlara silah paylayaraq və 709 №-li hərbi hissənin (Bu hərbi hissə ləğv edilmiş, əvəzində 181 №-li hərbi hissə yaradılmışdı. Beyləqan ərazisində yerləşən həmin hərbi hissədən Surət Hüseynovun "döyüşçüləri” qovulmuşdular) keçmiş "döyüşçülərinin” səfərbərliyə alınması gedir və s. bu kimi qeyri-qanuni hərəkətlər baş verirdi. Mən bütün bu baş verənlər barədə Bakı şəhərində yerləşən Baş Hərbi Polis İdarəsinin rəisinə (yəni öz rəisimə) mütəmadi olaraq məlumat verməyə başladım. Hətta "Surətçilərin” tərəfdarları olan Toğana kəndinin könüllü özünümüdafiə batalyonunu tərksilah edib 150-yə yaxın avtomat silahı, pulemyotları, snayperləri, qrantamyotları, patronları gətirib Baş Hərbi Polis İdarəsinin Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsinə təhvil verdim. Mənim bu hərəkətimi, yəni mərhum prezidentimiz Heydər Əliyevin mövqeyində durub "Surətçilərin” əleyhinə olduğumu görən bu adamlar sabiq baş nazir S.Hüseynovun vasitəsilə məni 19 avqust 1994-cü ildə Müdafiə Nazirliyi sistemindən kənarlaşdırdılar.

Mən Bakıya gələrək Baş Hərbi Polis İdarəsinin rəisi ilə görüşüb vəziyyəti danışdım. O, mənə heç bir kömək edə bilməyəcəyini söylədi. Mənim ərtafımda olan dost-tanışlar Kəmaləddin Heydərovun yanına getməyimi məsləhət bildilər. Biz K.Heydərovun yanına getdik (O, o zaman "Abşeron” mehmanxanasının arxasında yerləşən ticarət ofisində otururdu. Sürücüsü Məmmədov Nazim Xeyrulla oğlu idi. Hazırda FHN-də nazir müavinidir, general-leytenantdır). Vəziyyəti ona da danışdıq. K.Heydərova dedilər ki, mən onlara lazımlı adamam. O vaxtdan mənim K.Heydərovla münasibətim yarandı. Söhbətdən sonra K.Heydərov Bəylər Eyyubova zəng vurdu və görüşməyin vacib olduğunu söylədi. Bir müddətdən sonra B.Eyyubov gəldi və K.Heydərov vəziyyəti olduğu kimi ona danışdı. B.Eyyubov K.Heydərovu diqqətlə dinlədikdən sonra bu barədə prezident cənab Heydər Əliyevə məruzə edəcəyini bildirdi. Səhərisi B.Eyyubovla yenidən görüşdük. O, baş verənlər barədə prezidentin adına rəsmi ərizə yazmağımı dedi. Mən də B.Eyyubovun dediyi kimi ərizəni yazıb ona verdim. İki gündən sonra eşitdim ki, Müdafiə Nazirliyindən məni axtarırlar. Mən MN-ə getdim, nazir Məmmədrəfi Məmmədov məni qəbul etdi. Nazir məni dinlədikdən sonra işdən çıxarılmağım barədə olan əmri ləğv etdi və 5 sentyabr 1994-cü ildə mən yenidən Cəncə Hərbi Polis Şöbəsindəki əvvəlki işimə bərpa olundum.

Bundan sonra mən mütəmadi olaraq Kəmaləddin Heydərovla telefon əlaqəsi saxlayır, çox vacib məsələ olanda onunla görüşürdüm. Bəzi görüşlərdə Bəylər Eyyubov da şəxsən özü iştirak edirdi. Surət Hüseynovun Gəncədə dövlət çevrilişinə hazılaşdığı barədə K.Heydərova ətraflı məlumat verirdim. O da öz növbəsinə məlumatı B.Eyyubova çatdırırdı. B.Eyyubov da bu barədə prezidentə məruzə edirdi. 1994-cü il sentyabrın sonlarında K.Heydərov məni keçmiş MTN-nin sabiq əməkdaşı İsrail Əliyevlə tanış etdi. Bundan sonra mən Gəncədə baş verənləri İ.Əliyevə telefon vasitəsilə bildirirdim. Bəzən o, məni Bakıya dəvət edib görüşürdük.

Bir dəfə İ.Əliyev məni Bakıya dəvət etdi. Məni keçmiş MTN-in sabiq naziri Namiq Abbasovun qəbuluna apardı. Nazirin kabinetində üçümüz birlikdə söhbət etdik. Nazir N.Abbasov mənim yanımda MTN-nin Gəncə şəhər şöbəsinə zəng edib rəis Tofiq Babayevlə danışdı. Ona bildirdi ki, nə vaxt vacib, məxfi məlumat olarsa, onların şöbəsindən telefonla nazirliklə danışmağıma şərait yaratsınlar. Bundan sonra mən məxfi məlumatları mərhum T.Babayevin otağından birbaşa nazir N.Abbasova çatdırırdım. O vaxtlar İ.Əliyev məni MTN-nin Gəncə şəhər şöbəsinin rəis müavini Valeh Abdullayevlə tanış etdi. V.Abdullayevlə mütəmadi olaraq Gəncədə görüşürdük. Bir dəfə V.Abdullayevin yaxını olan bir xanıma Surət Hüseynovun adamları sataşmışdı. V.Abdullayev telefonla həmin adamları "yerində oturtmağımı” xahiş etdi. Məsələ həllini tapdı, V.Abdullayev mənə razılığını bildirdi.

Çox hörmətli Mehriban xanım!

4-5 oktyabr 1994-cü ildə sabiq baş nazir Surət Hüseynov öz silahlı adamları ilə dövlət çevrilişinə cəhd etdilər. Onların bu addımının qarşısı alındı. O zaman bu əməliyyatlarda, "Surətçilərin” həbsində, onların istintaqa cəlb edilməsində, qaçıb gizlənənlərin axtarışında, məhkəmələrdə ifadə zamanı mən də iştirak etmişdim. Yəni həmişə mərhum prezidentimiz Heydər Əliyevin mövqeyini müdafiə etmişəm. Dövlət çevrilişinə cəhdlə bağlı istintaq aparan qrupun rəhbəri general Əliş Əliyevlə görüşür, lazımi köməyimi əsirgəmirdim. Çevrilişlə bağlı məhkəmə baxışı zamanı yazılan protokollara nəzər yetirilsə, mənim o vaxtkı fəaliyyətim öz əksini tapacaq.

1994-cü il noyabrın axırı, dekabrın əvvəlləri olardı. MTN-nin sabiq əməkdaşı İsrail Əliyev (Hazırda FHN-də idarə rəisidir) məni Bakıya çağırdı. Bildirdi ki, bir qrup şəxs dövlət çevrilişinə cəhddən əvvəl S.Hüseynovun tərəfdarlarının yaratdığı "Nicat” yardım təşkilatına pul köçürüb, çevrilişdə iştirak edəcək adamlara maddi yardım ediblər. İsrail Əliyev tapşırdı ki, MTN-nin Gəncə şöbəsinin rəis müavini Valeh Abdullayevlə görüşüm və ondan qiyamçılara maliyyə dəstəyi göstərən adamların siyahısını alım, sonra da onlarla bir-bir görüşərək hərəsindən 200 min manat tələb edim. Dedim, baş üstə.

Gəncəyə qayıdıb, V.Abdullayevdən həmin adamların siyahısını aldım. Siyahıda 7 adamın adı vardı. Siyahı ilə tanış olandan sonra yenidən Bakıya qayıtdım. Bu dəfə İ.Əliyevlə yox, istintaq qrupunun rəhbəri general Əliş Əliyevlə görüşüb siyahıdakı adamlar barədə söhbət etdik. Dəqiqləşdirmək istəyirdim ki, həqiqətən həmin adamların dövlət çevrilişi, yaxud "Nicat” yardım fondu ilə bir əlaqələri varmı? Məlum oldu ki, mənə verilən siyahı saxtadır, oradakı adamların bu işlərlə heç bir əlaqəsi yoxdur. Deməli, İ.Əliyevlə V.Abdullayevin məqsədi məndən istifadə edərək dövlətçiliyimizə qəsd edən şəxslər adı altında həmin adamları cəzalandırmaq imiş. Ona görə də mən onların tapşırığını yerinə yetirmədim. Bundan sonra onlarla aramda narazılıq yarandı. Nəticədə, İ.Əliyevlə V.Abdullayev məni uzunmüddətli cəzaya məhkum etdirdilər. O vaxt həbs olunmağımdan Bəylər Eyyubovun xəbəri olmadı. Çünki İsrail Əliyevlə qardaş kimi yaxın olan K.Heydərov mənə qaranlıq qalan səbəbdən sifarişli həbs olunmağım barədə B.Eyyubova və digər səlahiyyətli şəxslərə xəbər vermədi. Nəticədə, mərhum prezidentimiz də mənim sifarişli həbsimdən xəbər tutmadı. İnanıram ki, sifarişli həbsimdən B.Eyyubovun xəbəri olsaydı və mərhum prezidentimiz məlumatlandırılsaydı, o, bu əsassız həbsimə imkan verməzdi.

Mən 5 sentyabr 1995-ci ildə həbs edildim. Həbsimə "əsas” 26 may 1994-cü il tarixdə Gəncə şəhərində 38 №-li hərbi şəhərcikdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Aşağıqarabulaq kəndindən Gəncəyə gələrək 38 №-li hərbi şəhərcikdə zabitlər yataqxansını zəbt etmiş "Surətçilərin” möyqeyində duran 6 əlisilahlı ilə hərbi polisin əməkdaşları arasında baş verən atışma zamanı əlisilahlılardan birinin öldürülməsi faktı oldu. Bu hadisə mən İ.Əliyevlə V.Abdullayevin sifarişini yerinə yetirmədiyimdən sonra baş vermişdi. Ona görə də mənim bu hadisə ilə ittiham olunmağım sifarişli və əsassız idi. Belə ki, mən öz xidməti vəzifəmi icra edərək əlimdə olan və rəsmi qeydiyyatdan keçmiş şikayət ərizəsinə əsasən əsgərlərlə birlikdə hərbi polisin nəzarət sahəsinə daxil olan 38 №-li hərbi şəhərciyə getmişəm. Əlisilahlı adamların silahlı müqaviməti ilə qarşılaşmışam, onlardan biri avtomat gülləsi yarası almış, 3 gündən sonra hərbi qosbitalda ölmüşdü. Onlardan 1 ədəd avtomat silah, 4 əl qumbarası, 2 avtomat darağı və 100-ə yaxın patron götürmüşdüm.

1994-cü ildə bu faktla bağlı Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən göndərilmiş mühüm işlər müstəntiqi Arif Quliyev istintaq apardı. Banditlərdən birini qanunsuz silah, hərbi sutsat saxlama və hərbi polisin əməkdaşlarına silahlı müqavimət göstərmə ittihamı ilə həbs edildi. 4-5 oktyabr 1994-cü ildə dövlət çevrilişində iştirak edən qanunsuz saxladığı, üstündə gəzdirdiyi "Makarov” tapançası ilə tərəfimdən tutulub Gəncə Hərbi Prokurorluğuna verilən Sadıqov Vidadini 1995-ci ilin sentyabrında həbsdən azad etdilər. Məni isə "2 şəxsi qanunsuz tutduğuma”, "xuliqanlıq etdiyimə”, "bir sıra şəxslərin həyatı üçün təhlükəli olan üsulla və xuliqanlıq niyyəti ilə adamöldürmə” ittihamı ilə həbs etdilər. Halbuki bu cinayət işi tamamilə saxtadır, məni günahsı yerə 15 il müddətinə həbsxanada saxlayıblar. Mənim istintaqım araşdırılsa, hər şey ortaya çıxacaq. Çox təəssüf ki, hələlik bu faktları araşdıran olmayıb. Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev məni qəbul edib dinləsə, hər şeyi sübut etməyə hazıram.

Çox hörmətli Mehriban xanım!

Məhkum olunduqdan sonra cəza müəssisələrində mənə zülm edilib. Təqiblərə, təzyiqlərə məruz qalmışam, dəfələrlə öldürmək istəyiblər. Xəstə olmadığım halda, məni Binə qəsəbəsində yerləşən 3 saylı vərəm dispanserinə göndərərək, ağır vərəm xəstəsi olan məhkumların arasına atdılar. 2000-ci ildə 6, 2005-ci ildə 9, 2009-cu ildə isə 12 saylı cəzaçəkmə müəssisələrində rejim qaydalarını "pozan” şəxs kimi Qobustan qapalı həbsxanasına köçürülmüşəm. Əgər Beynəlxalq Qırımızı Xaç Komitəsi məni qeydiyyata alıb nəzarətə götürməsəydi, çoxdan həbsxanada sümüklərim çürümüşdü. Mən 8 sentyabr 2010-cu ildə həbsdən azad edildim. Həbsdən azad olunan vaxtdan bu günə kimi təqib və təziqlərə məruz qalmışam, hətta dəfələrlə oğurlayıb məhv etmək istəyiblər. Hara gedirəmsə, hiss edirəm ki, arxamca adam salınır, qızları öyrədib məni ilişdirmək istəyiblər. Telefonuma qulaq asır, yaşadığım evə məxfi kamera və səsə qulaq asmaqdan ötrü cihaz qoyublar. Bütün bunlar barədə 2013-cü ildə mətbuatda çıxış etmişəm. Həbsdən azad olunduqdan sonra K.Heydərovla görüşdük. O, mənə "dostum, qardaşım olaraq qalırsan” dedi. Maddi yardım göstərdi, nə sözün olsa ona zəng edib bildirməyimi söylədi. Hətta məni Bəylər Eyyubovla görüşdürüb, bəraət alacağıma kömək edəcəyinə söz verdi.

Çox hörmətli Mehriban xanım!

Sizə üz tutaraq bu müraciətimdə qısa olaraq yazdıqlarımla bağlı məni qəbul etməyinizi, dinləməyinizi, mənə qarşı olan təqiblərin qarşısının alınmasını, saxta ittihamlarla barəmdə çıxarılan hökmün ləğv olunmasından ötrü adiyyəti şəxslərə göstəriş verməyinizi xahiş edirəm.

Əgər barəmdə olan saxta cinayət işi araşdırılsa, məlum olar ki, adam öldürdüyümə görə yox, sifarişi verilən 7 nəfəri öldürmədiyimə görə 15 il müddətinə azadlıqdan məhrum edilmişəm”.

Hazırladı: RƏŞAD

Redaksiyadan: Müraciətdə adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti