“HƏYATIM TƏHLÜKƏDƏDİR, KÖMƏK EDİN...” - Hüseyn Abdullayev məhkəmədə ağladı

“HƏYATIM TƏHLÜKƏDƏDİR, KÖMƏK EDİN...” - Hüseyn Abdullayev məhkəmədə ağladı

 

6 il həbs cəzası kəsilmiş keçmiş deputat Hüseyn Abdullayev və onunla birlikdə mühakimə olunub cərimə cəzası almış anası Zeynəb Abdullayeva bu hökmdən şikayət veriblər. Onların şikayətinə Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Yanvarın 7-də hakimlər 70 yaşlı Zeynəb Abdullayevaya çıxış etmək imkanı yaratsalar da, o, imtina edib. Deyib ki, çıxışa hazır deyil, vaxt istəyir.

Amma oğlu Hüseyn Abdullayev çıxış etmək istəyib. Ona icazə verilməyib. Deyilib ki, bundan əvvəlki məhkəmə iclaslarında ətraflı danışıb, sözünü deyib.

Hakim məhkəmənin yanvarın 14-nə təxirə salındığını elan edəndə, Hüseyn Abdullayev ağlaya-ağlaya saxlandığı şüşə kabinədən qışqırıb. Sabiq deputat Almaniya hökumətindən kömək istəyib: "Mənim hüquqlarım pozulur. Xahiş edirəm, mənə kömək edin. Həyatım təhlükədədir...”

Məhkəmə zalında olanlar çıxarılıb. Zeynəb Abdullayeva məhkəmə binasının qarşısında oğluna qarşı baş verənlərə etiraz edib. O, Hüseyn Abdullayevin azadlığa buraxılmasını tələb edib.

Xatırladaq ki, Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelindən həbsdədir. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək, 4 min manat cərimələnib.



Oxşar Xəbərlər

Xəbər lenti