İtaliyanın Neapol şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

 

İtaliyanın Neapol şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Anım tədbirində həmçinin "30 ilin yaddaşı" sənədli filmi İtalyan dilində nümayiş olunub. 

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbirləri Avropanın müxtəlif ölkələrində keçirildi. İtalıyanın Neapol şəhərində keçirilən anım tədbirində Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayətin bəşəriyyətin yaddaşına əbədi həkk olunan bir tarix olduğu bildirildi.

Diaspor Komitəsinin dəstəyi və Neapol-Bakı Mədəniyyət Assosiasiyasinin təşkilatçılığı ilə İtaliyanın Neapol şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirində elmi-akademik dairələrin və diplomatik korpusların nümayəndələrinin, həmçinin İtaliyadakı diaspor təşkilatlarının nümayəndələri iştirak edirdilər. Hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Neapol-Bakı Mədəniyyət Assosiasiyasının prezidenti Giuseppe Caniglia, həmçinin Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin mübarizə tarixinə nəzər salaraq bildirdilər ki, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarı bütün gələcək nəsillərə nümunə olacaq.

Natiqlər qeyd etdi ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar və qanları ilə şərəfli tarix yazdılar. Natiqlər çıxışlarında şəhidlik zirvəsinin ucalığından söhbət açaraq, nəsillərə nümunə olan qəhrəmanlıq tariximizdən bəhs etdilər. 20 yanvar faciəsi barədə İtaliya ictimayyətinin nümayəndələrinə geniş məlumat verdilər.

Neapol-Bakı Mədəniyyət Assosiasiyasının prezidenti Giuseppe Caniglia: "1990-cı ilin 20 yanvarında Bakıda heç bir insanlığa sığmayan dinc insanların qətliamı baş verdi. Bu faciədən 30 il keçir. Neapol-Bakı Mədəniyyət Assosiasiyası olaraq biz bu günə biganə yanaş bilməzdik. İtaliyada yerli ictimayyətində bu faciə barəsində məlumatlı olmasını istədik. Burada yerli mətbuat nümayəndələri də iştirak edir. Təbii ki, özümüzə borc hesap edirik ki, dünya ictimayyəti bu faciə barəsində doğru məlumatlansın".

Azərbaycanın İtaliyadakı Səfirliyinin 1-ci müşaviri Ruslan Rzayev və digər çıxışçılar vurğuladılar ki, sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqının azadlıq ideallarını beşiyindəcə boğmaq məqsədilə törədilmiş bu qanlı cinayət xalqımızı müstəqillik yolundan döndərməyi bacarmayıb. Çıxışlarda ümummilli lider Heydər Əliyevin qanlı qırğından dərhal sonra Moskvada 20 Yanvar faciəsi üçün məsuliyyət daşıyan sovet dövlətinin rəhbərlərini ifşa etdiyi və müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymətin verilməsinə nail olduğu diqqətə çatdırıldı. Natiqlər eyni zamanda təəssüflə qeyd etdilər ki, hadisələr baş verən zaman Azərbaycan informasiya blokadasında olduğu üçün dünya, o cümlədən Avropa KİV-lərində 20 Yanvar faciəsi barədə təqdim olunmuş məlumatlar hadisələrin tam obyektiv təsvirini verməyib.

Sonra 20 yanvar faciəsinə həsr olunmuş 30 ilin yaddaşı sənədli film nümayiş olundu.

Neapol şəhər icmasının sədri, professor Francesco Vernetti: "Burada izlədiyimiz görüntülər dəhşətdir. Bizim hayatda olduğumuz 1990-ci il. Dinc insanların haqsız yerə gülləbaran edilməsi heç bir insanlığa sığmayan cinayətdir. Filmdən çox təsirləndim. Xüsusilə əli yalın insanların tankların önünə neçə cəsarətlə çıxdığını görmək mənə qürur və hüzn hisslərini yaşatdı. Bu, dillə ifadə edilə bilməyəcək hisslərdir".

Tədbirin sonunda iştirakçılara 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin videosu və Qarabağ həqiqətləri barədə çap materialları paylanıldı.

Nemət Əkbərli,
Azərbaycan Televiziyasının Qərbi Avropa ölkələri üzrə bürosu,
İtaliya - Neapol



Oxşar Xəbərlər

Xəbər lenti