Dünən, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Faiq Nəbiyev Hicri-qəməri təqvimi ilə iyunun 27-də Məhərrəm ayının başlanması ilə bağlı müraciət edib. 24News.ge xəbər verir ki, o, bir sıra mötəbər mənbələrdən stat gətirərək, Məhərrəm ayında Hz Peyğəmbərin əziz nəvəsinin şəhadəti ilə bağlı tövsiyyələri diqqətə çatdırıb. Şeyxin müraciətində deyilir: “Allahın salamı olsun bütün müsəlmanlara. Bildiyimiz kimi Məhərrəm ayına qədəm qoyuruq. Məhərrəm ayı İslam tarixində mühüm yer tutur. Bu ayın onuncu günü – Aşura günü Rəsulullahın (s) sevimli nəvəsi, cənnət gənclərinin rəhbəri, mərdliyin və ədalətin simvolu olan İmam Hüseyn (ə) Kərbəla çölündə şəhid olmuşdur. Bu hadisə təkcə bir məzhəbin deyil, bütün ümmətin dərdi və tarixidir. İmam Hüseynin şəhid olması ilə İslam ümməti böyük bir sınaqdan keçmiş, bu faciə həm tarixə, həm də ürəklərə iz salmışdır. Bu bir məzhəbə aid olan matəm deyil, bu bütün ümmətin matəmidir, ümmət bu günlər Peyğəmbərin (ə) nəvəsi Həzrət Hüseyni (ə) yad etdiyi günlərdir. Bununla bağlı bir neçə hədisi diqqətinizə çatdırmaq istəyirəm: Yalə ibn Murra nəql edir: Allahın Rəsulu (s) belə buyurub: "Hüseyn (ə) məndən və mən də Hüseyndənəm. Allah Hüseyni (ə) sevəni sevsin. "Sünən Tirmizi", 5/658, hədis 3775 Üsəmə ibn Zeyd nəql edir: "Həzrət Peyğəmbər (s) buyurub: "Həsən və Hüseyn (ə) mənim oğullarım və qızımın oğullarıdır. İlahi, mən onları sevirəm, sən də onları sev və onları sevənləri də sev"", Sünən Tirmizi", 5/656, hədis 3769 Hüseyn bin Əli (ə) buyurur: "Kimin gözləri bizə görə yaşarsa və ya bir damla göz yaşı axıtsa - Uca Allah onu Cənnətdə məskunlaşdırar". (Mənbə: Əhməd ibn Hənbəlin "Fəzailus-səhabə", 2/840, hədis 1154) Qeyd etmək istəyirəm ki, Gürcüstanın bir çox məscidlərində İmam Hüseyn (ə) və səhabələri üçün matəm mərasimləri təşkil olunacaq, ehsanlar veriləcək və İslam Peyğəmbərinin əziz nəvəsi və onunla birlikdə şəhid olanları yad edəcəyik. Məhərrəm məclislərində matəm və ağlamaq Əhlibeytə olunan zülmə etiraz, onları dost, yaxın bilərək onlara olunan zülmə narahatlığın ifadəsidir. Əziz və hörmətli ilahiyyatçılar, təbliğatçılar, məddahlar və bu məclislərdə xidmət edən qardaş və bacılar!! Bu günlərdə bizlər ixlasla İmam Hüseyni (ə), onun qiyam etmə səbəbləri, Hüseyn matəminin fəlsəfəsini məclis iştirakçılarına çatdırmaqda mükəlləfik. İlahiyyatçı və təbliğatçılar olaraq dəqiq mənbələr və mötəbər kitablarla bu barədə məlumat verməli; İmam Hüseynin (ə) fəzilətləri, onun Kərbəla qiyamının hədəfləri, ağlamağın fəlsəfəsi haqda anlaşılır dillə çatdırmalıyıq. Hörmətli məddahlar yalan olmayan nöhə və mətləblərə işarə etməli, insanlarda bu mərasimə məhəbbət yaratmağı bacarmalıdır. Bu mərasimlərin gözünün nuru olan – məclislərin xidmətçiləri isə ən yüksək səbr və nəvazişlə İmam Hüseyn (ə) matəminə gələnlərə xidmət göstərməlidirlər. Əhlibeyt mərasimləri üçün ehsan edən əzizləri də unutmaq olmaz. Onlara bu ehsanın savabları haqqında məlumat vermək lazımdır. Bu cür etsək, onda bu mərasimlər, bu ayda olunan xidmətlər, əziyyətlər Allahın iznilə qəbul olar, təsiri isə qəlblərdə yaxşı mənada uzun illər qalar. Əziz müsəlman bacı və qardaşlarım! Bu günlərdə xüsusilə axşam keçirilən məclislərə getməyinizi tövsiyə edərdik. Çünki Əhlibeyt İmamları bu mərasimləri “cənnət”ə oxşadırlar. Bu mərasimlərə ixlasla gələrək İmam Hüseynin (ə) matəmində iştirak etmək dünya və axirət səadəti üçün bir açar ola bilər. Bu mərasimlərdə dualar da qəbul olur. Əlbəttə ki, bunlardan ən vacib məqam isə İslam Peyğəmbərinin (ə) hüzünlü günündə onunla hüzünlü olduğumuzu göstəririk. Son olaraq əziz qardaş və bacılarımıza bu ayda küsülüləri barışdırmanızı, valideyn və böyüklərinizi razı salmağınızı tövsiyə edirəm. Çünki bu ayda bu əməllərin də dəyəri böyükdür. Allah Təala bu ayın fəzilət və savabına hamımızı nail etsin!". Qeyd edək ki, hicri-qəməri təqvimi ilə 1446-ci il başa çatır, yeni 1447-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyunun 27-nə təsadüf edir. Məhərrəm ayının 10-u, yəni Aşura günü isə iyulun 6-na düşəcək.