27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Bakı Metropoliteni”nin sabiq rəisi dövlətin pulundan oğurlamadığını deyib, bəs generala verilən rüşvət, bəs bankdakı pullar?
"Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədov SPACE TV-nin "Sadə həqiqətlər” verilişində qalmaqala səbəb olan açıqlama verib. Tağı Əhmədov rəis olduğu dövrdə ağılla pul qazandığını və dövlətin pulundan oğurlamadığını deyib: "Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Mən də ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram. Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm”.
Ehtimal etmək olar ki, T.Əhmədov "Sahil” metrostansiyası üzərində yerləşən məşhur binadan danışır. Ona həmin binadan həm də 4 mənzil verildiyi barədə iddialar var.
Ləğv olunmuş MTN-in həbsdəki generalı Akif Çovdarov da məhkəmədə T.Əhmədovun dəqiqləşdirə bildikləri əmlaklarının siyahısını açıqlamışdı: "Metronun ”Sahil" stansiyasının üstündəki binada 4 mənzil, "Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüzdə 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal Rayon Məhkəməsinin yeni binasının yaxınlığındakı "Kolizey” və "Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən hotelin 3 mərtəbəsi, yenə də Dubayda böyük bir ticarət mərkəzi. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib".
YAP-ın Yasamal rayon təşkilatının sədri olan T.Əhmədov məlumdur ki, A.Çovdarovu ondan 3 milyon almaqda gunahlandırır və faktiki zərərçəkən kimi tanınıb.
Bildirilirdi ki, Eldar Mahmudov çetesi T.Əhmədovu niyə hədəf seçdiklərini məhkəmədə açıqlayıblar. Belə ki, Çovdarovun da təsdiqlədiyi kimi, onun "Bakı Metropoliteni”nində ciddi korrupsiyaya yol verdiyi barədə məlumatlar olub və bu səbəbdən də onunla bağlı araşdırma aparılıb. A.Çovdarovun sözlərinə görə, agentura vasitəsilə T.Əhmədovun 11 milyonluq daha bir mənimsəməsinin üstünü açıblar: "Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyiblər, bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib”. Onun əmlakları ilə bağlı üzə çıxan faktlar hakimiyyətin müəyyən dairələrinin ciddi qəzəbinə səbəb olub və T.Əhmədov vəzifədən kənarlaşdırılıb. MTN də bu "işdə” öz payını alıb.
A.Çovdarov demişdi ki, araşdırma zamanı Tağı Əhmədovun təkcə "Texnikabank”da 13 milyon dollar pulu aşkarlanıb: "”Bank of Baku"da və "Unibank”da da hesabları olub. "Texnikabank” bağlanandan sonra öz hesabından 9 milyon çıxarıb offşora köçürüb. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min köçürüb. Onlar da pulu çıxarıb, Ruslana veriblər. Əlimizdə kamera görüntüləri də var idi. Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi".
A.Çovdarov T.Əhmədovun metro stansiyalarının çıxışlarındakı obyektlərdən yığdığı pullardan da danışmışdı: "Orada 1200 obyekt var. Onlar 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan ”Bakı Metropoliteni"nin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq. Onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pulu verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi".
A.Çovdarov T.Əhmədovun ümumilikdə 200 milyon dollarlıq korrupsiya cinayətindən bəhs etmişdi.
T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilərək müstəntiqin ondan "siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz” sualına "40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə, cavab vermişdi.
Yada salaq ki, Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1965-ci ildən "Badamlı” zavodunda fəhlə, 1970-1994-cü illərdə «Bakı Metropoliteni»nin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib.
1998-2014-cü illərdə «Bakı Metropoliteni»nin rəisi vəzifəsində çalışıb. "Fəxri Dəmiryolçu”, "Bakı Metropoliteni veteranı” döş nişanları, "Şöhrət ordeni” və "Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adı və nişanı ilə təltif edilib. Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir./"Yeni Müsavat”/